AVMVİB sədri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə başsağlığı verdi



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə əlaqədar başsağlığı verərək bildirmişdir:

«Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin hər bir üzvünü dərindən sarsıtdı. Azərbaycan xalqı üçün Mübariz İbrahimovun adı Vətənə sevgi və qəhrəmanlıq rəmzidir. Onun qəlbimizdə daim yaşayacaq olan qəhrəmanlıq dastanı, şəhidlik zirvəsinə ucalaraq Azərbaycan tarixində şərəfli yerini aldı. Belə bir qəhrəmanın böyüdüyü, Vətən sevgisi ilə tərbiyə aldığı ailənin rolu isə cəmiyyətimiz üçün danılmazdır. Çünki, Ağakərim İbrahimov oğluna dövlətə sevgi və millətə xidmət ruhunu aşılaya bilən böyük bir şəxsiyyət idi.

Mübariz İbrahimovun qəhrəmanlığı, təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ilham qaynağı olmuşdur. Mübarizin şəhidliyi də onun adı əbədi olaraq xalqımızın yaddaşına həkk olundu. Ağakərim İbrahimov isə, belə bir qəhrəmanın atası kimi, öz sadəliyi və möhkəm iradəsi ilə hər zaman xatırlanacaq. O, ailəsinə və xalqına olan bağlılığı ilə daim fəxr edəcəyimiz bir ata idi.

Ağakərim İbrahimov oğlunun itkisindən sonra çox çətin bir həyatı yaşasa da, həmişə məğrur durdu və öz Vətəninə olan sevgi və bağlılığını heç vaxt itirmədi. Onun həyat yolu, xalqımız üçün bir nümunə olmalıdır – çünki o, oğlunun fədakarlığını öz övladı kimi yox, bütün Azərbaycan xalqının övladı kimi qəbul etdi və bu ağır yükü mərdanə şəkildə daşıdı.

Bu gün biz onu son mənzilə yola salırıq, lakin onun adı, xatirəsi ürəklərimizdə əbədi qalacaq. Ağakərim İbrahimovun həyatı və şəxsiyyəti, ailəsinə və xalqına olan sevgisi, onun nümunəvi atalıq rolu hər birimiz üçün milli-mənəvi dəyərdir.

Bu ağır günlərdə bütün Azərbaycan xalqı, İbrahimovlar ailəsi ilə bərabər kədərlənir. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ağakərim İbrahimovun ailəsinə dərin hüznlə başsağlığı veririk».

AVMVİB Mətbuat xidməti

Hiç yorum yok:

Yorum Gönder

Pages