4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zənciri ilk qırılan şəhər Cəbrayıl idi. Azərbaycan ordusu mürəkkəb əməliyyat planını yerinə yetirərək güclü istehkamları yardı, şəhəri uzun döyüşlərdən sonra düşməndən geri almağı bacardı. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına axşam saatlarında verdiyi Cəbrayıl müjdəsi böyük coşqu ilə qarşılandı.
Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, həmçinin Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib. “Cəbrayıl azaddır!”-nidasını biz müqəddəs işimizin möhtəşəm sonluğu kimi qürurla yaşadıq.
Bu tarixi gün əbədiləşdirildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olundu...
Cəbrayılın işğal tarixçəsi
Cəbrayılda yenidən Azərbaycan bayrağının dalğalanması, təbii ki, işğal tarixini və onun doğurduğu ağır nəticələri hafizələrdən silmir. Rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurdu. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar.
Erməni vandalizmi hər yerdə öz izini qoydu. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edildi və ya dağıntıya məruz qaldı.
İki uğurlu döyüş
Azərbaycan ordusunun Vətən müharibəsindən xeyli əvvəl həyata keçirdiyi, tarixə düşən iki uğurlu hərbi əməliyyatı oldu. Bunlar hansılardır? Biri 5 yanvar 1994-cü il tarixindəki Horadiz əməliyyatı idi: həmin tarixdə Cocuq Mərcanlı kəndi işğaldan qurtarıldı. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. İkinci qələbə 2016-cı il aprel döyüşlərində əldə edildi: Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad olundu.
Nəhayət, Böyük Zəfər
27 ildən sonra yaranmış fürsət-ermənilərin yeni ərazi iddialarına, hücumlarına qətiyyətli və son cavab olaraq başlayan Vətən müharibəsi bütün torpaqlarımız, həmçinin Cəbrayıl üçün azadlıq vəd edirdi. Beləliklə, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşməndən təmizləndi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Böyük qəhrəmanlıq və fədakarlıq tələb edən Cəbrayıl əməliyyatının uğurla nəticələnməsi vacib idi. Ona görə ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə geniş imkanlar yaranırdı. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonuna girmək, düşmənin şər yuvasını dağıtmaq, zəhərli başını əzmək üçün yol açılırdı. Belə də oldu. Cəbrayıldan sonra bu rayonlar ardıcıllıqla geri alındı, ən önəmlisi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.
Qələbədən sonra silahlar susdu, onların yerinə kənd təsərrüfatı texnikası, sənaye maşınları keçdi, çünki dövlət gecikmədən, viran qoyulmuş Cəbrayıl üçün abadlaşmaya qərar vermişdi.
İlk iş qaranlığa qərq olunmuş rayonu işıqlandırmaq idi. Burada elektrik təchizatının həlli istiqamətində operativ işlər görüldü. Sonra Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı oldu.
2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” yarımstansiyasının, Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, şəhərdə ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirildi.
2022-ci il də burada başladılan quruculuq işləri, iri layihələrlə yadda qaldı. Həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu layihələrin həyata keçirilməsində iştirakı böyük hadisəyə çevrildi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi oldu. “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməli atıldı.
2023-cü il də Cəbrayıl üçün tikinti-quruculuq işləri ilə xarakterizə olundu. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı yol boyunca avtomobil körpüləri tikiləcək. Bundan başqa, bu il “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin də açılışı oldu.
Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlayacaq.
Cəbrayıl üçün görüləcək işlər bununla bitmir. Hələ qarşıda nə qədər böyük layihələr var.
Təbii, bütün bu infrastruktur və sənaye layihələri Cəbrayılın simasını dəyişəcək. Cəbrayıl abad, zəngin, əsl sahiblərinin yaşadığı, işlədiyi, onların nəfəsi ilə hər zaman var olacaq gözəl bir diyara çevriləcək.
Hiç yorum yok:
Yorum Gönder