VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB/FOTO




Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra dövlətimizin başçısı nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli deputatlar, xanımlar və cənablar.

Yeddinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə bütün deputatları ürəkdən təbrik etmək istəyirəm, Milli Məclisə uğurlar arzulayıram.

Əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.

Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.

Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.

Ona görə bu gün bu fürsətdən istifadə edərək ölkə qarşısında duran bəzi vəzifələr haqqında öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istərdim.

Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.

Bəli, ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.

Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Hər kəs yaxşı bilir Minsk qrupu nə üçün yaradılmışdır - Qarabağ münaqişəsinin həlli üçün. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur.

Ona görə bir də deyirəm: vəzifə nömrə bir - hərbi gücümüzün artırılması və biz bunu edirik. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Bununla paralel olaraq, biz yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Deməli, yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaqdır, həm çeşidlərin sayına, həm də ki, istehsal olunacaq məhsulların keyfiyyətinə görə. Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar. Minlərlə yeni iş yeri yaradılacaq. Artıq bütün bunlar bizim təkcə planlarımız deyil, həyata keçirilən layihələrdir. Təbii olaraq, bu layihələr haqqında geniş danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq bildirməliyəm ki, bu da bizim növbəti illər üçün əsas vəzifələrimizdən biri olacaqdır.

Digər amil ondan ibarətdir ki, bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən, iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir - biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var.

Siz onu da yaxşı bilirsiniz ki, artıq bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açıq elan etmişik və şadam ki, mənim çağırışıma özəl sektor da müsbət reaksiya vermişdir. Artıq bir neçə yerli Azərbaycan şirkəti, özəl şirkət hərbi sənaye kompleksinin inkişafında iştirak edir, təbii olaraq, müvafiq dövlət qurumlarından lisenziyalar almaq şərti ilə. Beləliklə, bu, bizə imkan verəcək ki, bir neçə ildən sonra bu sahədə istehsal olunan məhsul milyardla dollarla ölçülsün.

Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Mən bu haqda artıq bir neçə dəfə öz fikirlərimi ictimaiyyətə çatdırmışam. Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda, digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilməlidir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. Özü də bu şərti sərhədin relyefi, coğrafiyası çox ağır, həm də ki, iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Bizim bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir.

Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var - real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Amma mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır.

Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər. İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni, belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər? Ona görə hər şeyin, necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır. Çünki yenə də deyirəm, işğal dövründə bizə qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Çünki o işğal bizə qarşı olan qüvvələri tam qane edirdi - Azərbaycan dövləti daim təzyiq altında olsun, daim hansısa vasitəçilərə möhtac olsun, daim xalqımız mənəvi əzab çəksin, qaçqınlıq əzabı. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil. Yəni, biz bu bəladan canımızı qurtardıq və bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Mən hesab edirəm ki, ad çəkməyə ehtiyac yoxdur, hər kəs hər şeyi görür. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq.

Bir məsələyə də toxunmaq istərdim. Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır.

Yenə də deyirəm, ona görə biz - bütün cəmiyyət daim diqqətli olmalıyıq. Mən Xankəndidə də bunu dedim: Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır. Əminəm ki, belə də olacaq. O cümlədən bizim deputatlar da, təbii olaraq öz seçiciləri ilə görüşlər əsnasında bu məsələni daim diqqətdə saxlasınlar.

Qarabağın və Şərqi Zəngəzurun bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir.

Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim. Sadəcə olaraq, bir neçə rəqəmi sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.

İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə.

Bizim mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulmuşdur. Səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, - yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq, bir daha deyirəm, doğrudan da xalqımızın böyük imkanlarını göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək - üç min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir. Yəni, ölkəmizin potensialı budur. Biz buna hazırıq. Biz torpaqları azad edən kimi dərhal buna başlamışıq. Hətta onu da deyim ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsi bitməmişdi, biz Ağdərə rayonunda artıq yol infrastrukturunu inşa etməyə başlamışdıq. Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək. Yaxın vaxtlarda gələn ilin büdcəsi məclisdə müzakirə ediləcək. Əminəm ki, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik. Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır. Çünki mən onu da bildirməliyəm ki, bütün bu işləri biz öz hesabımıza edirik. Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam. Bundan başqa necə deyərlər, bizə bir daş da müftə verilməmişdir. Biz bütün bu işləri öz hesabımıza edirik. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub. Bunu görüb və heç bir praktiki iş görməmək bir daha onu göstərir ki, bizə olan münasibət nəzərə alınmalıdır. Bu, bir daha bizə göstərməlidir ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq, biz öz potensialımıza güvənməliyik.

Bu ilin iqtisadi sahədə göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni, bu, sadəcə olaraq kiçik bir arayışdır.

Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.

Yəni, bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır. Çünki vaxtilə - sovet dövründə fəaliyyət göstərən həm zavod, həm də sanatoriya ermənilər tərəfindən dağıdılmışdır.

Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunmaq istərdim. Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır. Çünki bu günə qədər - bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni, bu işdə tərəqqi var idi. Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni, bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?! Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür. Ona görə Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Düzdür, indi bəzi vasitəçilik təkliflərinə biz etiraz etmirik, sadəcə olaraq, siyasi nəzakət naminə. Ancaq, əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Sadəcə olaraq, onlara bildirdik ki, Qazax rayonunun dörd kəndi bizə qeyd-şərtsiz qaytarılmalıdır və bunu son dəfə mən bu ilin fevral ayında demişəm. Hesab edirəm ki, bu sözlər çox tutarlı oldu və ondan sonra heç bir vasitəçisiz, heç bir qeyd-şərtsiz Qazaxın dörd kəndi, - hansı ki, işğal altında idi, - bizə qaytarıldı. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər. Sanki bu işğal olmayıb. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır. Ondan sonra mən əmr verdim və Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü dayandırıldı. Bugünkü reallıq bir daha göstərir ki, bu nə qədər düzgün addım idi, ondan sonrakı hadisələr də göz qabağındadır və nəticə etibarilə 20 Sentyabr - suverenliyimizin tam bərpa edilməsi günü unudulmamalıdır və bu tarixi həqiqət danışıqlar masasında da daim olmalıdır.

İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdir. Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı. Burada isə kapitulyasiyaya uğrayan faşist dövlət nəinki cəzalandırılmadı, hətta onlara bütün preferensiyalar verilir. Onlara Amerikadan indi 250 milyon dollar pul verilir. O puldan onlar öz daxili məqsədlərinə istifadə edəcəklər, qənaət olunan pula isə silah alacaqlar, bizi öldürməyə. Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq? O pulu onlara verən. O cümlədən dırnaqarası “Avropa Sülh Fondu”. Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, Ermənistan ondan istifadə edir, Fransadan pulsuz silah alır. O vəsait də ödənilmir, başqa yerlərdən. Ona görə bu, ciddi məsələdir və bu barədə çox da danışmaq istəməzdim. Sadəcə olaraq, bizim şərtlərimiz yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.

Bilirsiniz, işğal dövründə bizim təbii olaraq xarici siyasətimizin böyük hissəsi bu istiqamətə yönəlirdi. İndi isə - tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik və bu münasibətlə bir neçə kəlmə demək istərdim: müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

Təbii ki, ölkə qarşısında bir çox digər vəzifələr var. Bir daha məclis üzvlərini yeddinci çağırış parlamentin fəaliyyətə başlaması münasibətilə təbrik etmək istəyirəm. Hər birinizə uğurlar, cansağlığı arzulayır. Sağ olun.

***

VII çağırış Milli Məclisin ilk iclası keçirilir, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir. 

“İki sahil” xəbər verir ki,  Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.  Dövlət başçısı nitq söyləyib.

***

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Hiç yorum yok:

Yorum Gönder

Pages