Unudulan Şəhidlərimiz-Birinci Qarabağ Şəhidləri – KÜRDƏMİRİNİN BİRİNCİ VƏTƏN MÜHARİBƏSİ İGİDİ VƏ ŞƏHİDİ YAŞAR HƏKİM OĞLU SEYİDOV… – FOTOLAR



Şəhidimiz…Nur üzlümüz…

Birinci Qarabağ Savaşının İgidlərindən, Qəhrəmanlarından olan Şəhid-Kürdəmirli balası Yaşar Həkim oğlu Seyidov…

26 yaşında həlak olan Şəhidimiz, Vətən sevdalımız…

Yaşar 1968-ci ilin aprelin 25-də Kürdəmir rayonunda sadə, zəhmətkeş bir ailədə anadan olub…

Orta məktəbi bitirdikdən sonra-1986-cı ildə, sovetlər dönəmində-Amur vilayətinə hərbi xidmətə yollanıb… Və 1988-ci ildə xidmətini yerinə yetirib Vətəninə, Azərbaycanına, Kürdəmirinə dönüb…

Hərbi xidmətini başa vurandan sonra Kürdəmirdə-Peşə Məktəbində oxuyub, qaynaqçı ixtisasına yiyələnib…

Və bir müddət Kürdəmirdəki “Neftbaza”da qaynaqçı işləyib…

Onu da qeyd edək ki, Yaşar Vətənə dönən zaman artıq Dağlıq Qarabağ münaqişəsi başlamış, torpaqlarımız yağı, murdar düşmənin hücumlarına məruz qalmışdı…

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra isə müstəqilliyimizi qəbul etməyən fitnəkar ermənipərəst dairələrin təhriki və dəstəyi ilə düşmən dövlətin Azərbaycana, onun ayrılmaz hissəsi olan Qarabağa hücumları daha da şiddətlənmiş və Birinci Qarabağ Savaşının ən ağır fazasına, mərhələsinə daxil olunmuşdu…

Təbii ki, bu vəziyyət Azərbaycan Oğullarını, Vətən sevdalılarını narahat etməyə bilməzdi və beləliklə, Yaşar da digər Vətən övladları kimi işini yarımçıq qoyaraq, Vətənin, Qarabağın müdafiəsinə atılıb…

1993-cü ilin payızında könüllü şəkildə Ordu sıralarına yazılan, Vətənin müdafiəsinə qalxan İgimiz cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib…

Və Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində, 1994-cü ilin soyuq qışında, yanvar ayında ağır döyüşlərdən birində canını Vətəni uğrunda fəda edərək, Şəhid olub… Şəhidlik Məqamına, Şəhidlik Zirvəsinə ucalıb…

Və ailəsinə Şəhidliyi xəbəri yanvarın 24-də verilib və nəşi Füzuli rayonundan Kürdəmirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Yaşargil həm də ailədə 5 uşaq, 3 bacı, 2 qardaş olublar…

Yaşar evin, ailənin 4-cü övladıymış…

Şəhidimizin vaxtilə yaşadığı küçəyə onun adı verilib…

Yaşar həm də evli-ailəli olub, iki övladı-bir oğlu və bir qızı Vətənə əmanət qalıb…

Kürdəmirdə Şəhid Yaşar Seyidovun da adını daşıyan küçə var…

***

Bu yerdə qeyd etmək istərdim ki, bir neçə gün öncə, 31 may tarixində Şəhid ailələrinin Astarada görüşü zamanı Şəhidimizin bacısı Vəfa xanımla tanış oldum…

Çox sakit, çox təmkinli, çox kübar bir Azərbaycan xanımıdır…

Vəfa xanımla söhbətimiz zamanı Şəhidimiz haqqında danışdıq, söhbətləşdik…

Allah Şəhidimizin məkanını behiştlik və cənnətlik etsin, qəbri nurla dolsun!

Allah Şəhidimizin ailəsinə, əzizlərinə, bacısı Vəfa xanıma səbr və dözüm versin!

***

Bəli, bugünkü təhlükəsiz yaşayışımıza görə, İkinci Qarabağ Şəhidləri kimi Birinci Vətən Müharibəsi (1988-1994-cü illər) Şəhidlərinə, Yaşara, Yaşarlara da borclu və minnətdarıq…

Və çox təəssüflər olsun ki, Birinci Qarabağ Şəhidləri böyük əksəriyyət etibarı ilə unudulub, çoxları tərəfindən xatırlanmır…

Birinci Qarabağ Şəhidləri və İgidlərinə qarşı laqeydlik və biganəlik var…

Çoxlarının harada, necə dəfn olunduğu belə bilinmir, çoxlarının məzarı çox baxımsız, çox bərbad durumdadır…

Hətta bu barədə Milli Məclisdə də bəzi deputatlar tərəfindən narahatlıq ifadə olunub…

Təəssüfedici, məyusedici, üzücü, bağışlanılmaz və qəbuledilməz bir durumdur…

Və inanmaq istərdik ki, Qalib Xalq və Qalib Dövlət olaraq, artıq Birinci Qarabağ Savaşı Şəhidlərinin, İgidlərinin də Haqqını vermiş, Haqqını tanımış olacağıq…

Borcumuzdur, vəzifəmizdir, məsuliyyətimizdir!

Allah bütün Şəhidlərimizə, o cümlədən, Yaşar da daxil olmaqla, Birinci Qarabağ Şəhidlərinə qəni-qəni rəhmət etsin!

Ruhları qarşısında ehtiramla baş əyirəm, baş əyirik!


Hiç yorum yok:

Yorum Gönder

Pages