Bu beynəlxalq layihənin uğurla gerçəkləşməsi yeni neft strategiyasının təntənəsidir
İqtisadi müstəqillik olmadan heç bir dövlət gələcək inkişafa, heç bir xalq firavan həyata qovuşa bilməz. Sovet dönəmində Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatına, onun yeraltı və yerüstü sərvətlərinə yaxından bələd idi. Azərbaycanın iqtisadi müstəqilliyinin onun yeraltı və yerüstü sərvətlərindən asılı olduğunu yaxşı bilən Ulu öndər qısa müddətdə bitkin bir inkişaf konsepsiyası işləyib hazırladı. Həmin konsepsiyanın əsasını isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz ehtiyatlarının işlənməsi təşkil edirdi.
Gənc dövlətin məhdud maliyyə imkanları, eləcə də dənizin dərinliklərində işləyə biləcək qabaqcıl texnika və texnologiyaların olmaması isə buna imkan vermirdi. Hər cür çətin situasiyalarda çevik qərarlar qəbul etməyi bacaran ümummilli lider Heydər Əliyev dünyanın transmilli neft şirkətlərini Azərbaycana dəvət etməyi qərara aldı. Düzdür, əvvəlki iqtidarın dövründə buna cəhdlər edilsə də, respublikamızda hökm sürən qeyri-siyasi sabitlik və əlverişsiz şərtlər xarici şirkətlərlə danışıqların nəticəsiz qalmasına səbəb olmuşdu. Dünya şöhrətli siyasətçi Heydər Əliyev isə bunu məharətlə bacardı.
Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında “Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Bütün dünyaya səs salan belə bir sazişin imzalanması ölkəmiz, xalqımız üçün böyük tarixi hadisə, yüksək nailiyyət idi. Çünki gənc Azərbaycan dövləti ilk dəfə idi ki, müstəqil siyasət yürütmək iqtidarında olmasını, özünün yeraltı sərvətlərinə sahib çıxmasını bütün dünyaya bəyan edə bilirdi.
Təsadüfi deyil ki, təntənəli imzalanma mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: “Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır”. Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoyan tarixi sazişə verilən yüksək dəyər idi.
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi” Xəzər regionunu beynəlxalq əməkdaşlıq məkanına çevirdi. Gənc Azərbaycan Respublikası az müddətdə qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanındı, ölkəmizin beynəlxalq nüfuzu xeyli artdı. “Əsrin müqaviləsi”nin uğurla icra olunması Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişafı yoluna çıxardı. İlk növbədə, Azərbaycana güclü xarici investisiya axını başladı. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə ölkəmizin neft-qaz sektoruna təqribən 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub.
Yeri gəlmişkən, “Əsrin müqaviləsi” – nin uğurla reallaşdırılması üçün səhmdarlar tərəfindən yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Rəhbər Komitəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun bir neçə mərhələdə işlənməsi barədə qərar qəbul etdi. “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində dənizdə mövcud “Çıraq” platformasında və “Dədə Qorqud” üzən yarımdalma qurğusunda əsaslı yenidənqurma işləri aparıldı. Bundan əlavə, hazırda Ulu öndərin adını daşıyan Bakı Dərin Dəniz Özülləri Zavodu tamamilə yenidən quruldu, xam nefti qəbul edib ixrac sisteminə vurulması üçün Səngəçal terminalı inşa olundu, dənizdən bura sualtı boru kəməri çəkildi.
Nəhayət, 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilkin neftin hasilatına başlanıldı. Beş gün sonra, noyabrın 12-də ölkəmizin rəsmi dövlət və hökumət üzvlərinin, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndələrinin, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə “Çıraq” platformasında təntənəli mərasim keçirildi. Tədbirdə bu möhtəşəm tarixin yaradıcısı Heydər Əliyevin şəxsən iştirak etməsi isə olduqca qürurverici idi.
Azərbaycanın yeni neft strategiyasının möhtəşəm uğurunun müjdəsini xalqımıza çatdıran Ümummilli lider mərasimdə çıxış edərək bu təntənənin, əldə edilən nailiyyətlərin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasından sonra mümkün olduğunu söyləyərək demişdir: “1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük”.
“Əsrin müqaviləsi”nin ilkin neft layihəsinin həyata keçirilməsi sahəsində qazanılmış zəngin təcrübə sonralar “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının da mərhələli şəkildə işlənməsinə imkan yaratdı. 2001-ci ilin avqust ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsinə başlanıldı. Bu mərhələ çərçivəsində “Azəri” yatağında və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində unikal hasilat və texniki təchizat platformaları inşa olundu, neftin Səngəçal terminalına nəqli üçün yeni sualtı kəmərlər çəkildi. Xam nefti qəbul etmək üçün terminalın ərazisində əlavə genişləndirmə işləri aparıldı.
2005-ci ilin əvvəllərində “Azəri” yatağının mərkəzi hissəsində quraşdırılmış platformadan neft hasilatına başlanıldı. Bununla da, Azərbaycanda böyük neft hasilatının əsası qoyuldu. Sonrakı illərdə “Azəri” yatağnın şərq və qərb hissələrinin”, eləcə də “Dərinsulu Günəşli” yatağının istismara verilməsi ilə Azərbaycanda neft hasilatı kəskin şəkildə artaraq 2010-cu ildə rekord səviyyəyə – 51 milyon tona çatdırıldı. Sonralar Xəzərin Azərbaycan sektorunda quraşdırılmış unikal neft platformalarından hasilat ahəngdar şəkildə davam etdirildi. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 580 milyon tondan artıq neft çıxarılıb.
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl neft strategiyası Azərbaycana özünün zəngin neft ehtiyatlarını dünya bazarlarına müstəqil şəkildə çıxarmaq imkanı yaratdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan şaxələndirilmiş boru kəməri marşrutlarına sahib oldu. 1997-ci ilin sonlarından etibarən Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə Şimal istiqamətinə axmağa başladı. 1999-cu ilin aprel ayında isə xam neftin Qərb istiqamətinə daşımaq məqsədilə Bakı-Supsa boru kəməri istifadəyə verildi.
Bununla belə, Azərbaycanın artan neft həcmlərini dünya bazarına çıxarmaq üçün daha geniş imkanlara malik boru kəmərinə ehtiyac duyulurdu. Bu, Bakı-Tbilisi-Ceyhan marşrutu idi. Bütün siyasi təzyiqlərə baxmayaraq, bu ideya da gerçəkliyə çevrildi. Bu, həm də Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində atılan mühüm bir addım idi. “Üç dənizin əfsanəsi” adlandırılan nəhəng infrastruktur layihəsi, həm də etibarlı enerji və dostluq körpüsü kimi uzun illərdir ki, ölkələrin inkişafına, xalqların rifahına xidmət edir. İndi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri həm beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, həm də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün müstəsna əhəmiyyət kəsb edir. 2006-cı ilin iyun ayından indiyədək Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə, təqribən, 552 milyon ton Azərbaycan nefti nəql olunub.
1999-cu ilin dekabr ayının son günlərində Azərbaycanın mənfəət nefti yüklənmiş ilk tanker Qara dənizdən dünya bazarına yola salındı. Bununla da, ölkəmiz tarixində ilk dəfə olaraq neftdən müstəqil şəkildə gəlir götürməyə başladı. Həmin gəlirlərdən səmərəli istifadə olunması, onun müəyyən hissəsinin gələcək nəsillərə çatmasını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı. Ötən müddətdə fond “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” qaz yatağı layihələrinin işlənməsindən və digər daxilolmalardan, təqribən, 180 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin qatlarında olan neft və qaz ehtiyatları 30 ilə nəzərdə tutulmuş sazişin müddətinin daha 25 il uzadılmasına səbəb oldu. Azərbaycanın uzunmüddətli, bitkin neft strategiyasınıln müəllifi ulu öndər Heydər Əliyev isə bunun anonsunu çox-çox əvvəllər vermişdi. Belə ki, 1997-ci il noyabrın 12-də “Çıraq” platformasında ilkin neftin çıxarılmasına həsr olunmuş mərasimdə ümummilli lider demişdir: “Bizim imzaladığımız müqavilələrin hamısı təxminən 30 il müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, bu müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm Azərbaycan üçün, həm də Azərbaycanla müştərək iş görən şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir”.
Zaman ümummilli liderin bu uzaqgörən qənaətinin həqiqiliyini bir daha sübuta yetirdi. Məlum olduğu kimi, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsində yeni dövr başladı. Sazişə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi 2050-ci ilədək uzadıldı.
Artıq bu möhtəşəm layihənin reallaşdırılması istiqamətində heyranedici nəticələr əldə olunub. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun daha dərin qatlarında yerləşən karbohidrogen ehtiyatlarının hasilatı üçün yeni, unikal bir qurğunun inşası başa çatdırılıb. “Azəri-Mərkəzi-Şərqi” adlandırılan nəhəng platformanın dayaq bloku və üst modulları dənizə yola salınıb. Gələn il isə həmin platformadan hasilata başlanacağı gözlənilir.
***
Xalqımızın işıqlı sabahı naminə davamlı inkişaf və tərəqqi konsepsiyasına, ölkəmizin iqtisadi müstəqilliyinin təməl daşına çevrilmiş “Əsrin müqaviləsi” bu gün 30-cu ilinə qədəm qoyur. Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin siyasi cəsarətinin, müdrik uzaqgörənliyinin nəticəsi olan qalibiyyətli enerji strategiyası Azərbaycanın neft sənayesinin şöhrətini bütün dünyaya yaydı, ölkəmizdə neftçi peşəsinə hörmət və nüfuzu bir qədər də artırdı. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2021-ci il avqustun 16-da imzaladığı fərmanla “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr tarixini Azərbaycanda "Neftçilər Günü" peşə bayramı kimi təsis etmişdir. Fərmanda qeyd olunur: “Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları–böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar”. Bu il ölkə ictimaiyyəti, qəhrəman neftçilərimiz yeni neft strategiyasının təntənəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümünü qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və hazırda dövlətimizin başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi yeni neft strategiyası isə hələ uzun illər Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.
Xoşbəxt YUSİFZADƏ,
SOCAR-ın birinci vitse prezidenti, akademik
Son 20 il ərzində Azərbaycanın keçdiyi misilsiz inkişaf yolu, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas hərəkətverici qüvvəsi müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi yeni neft strategiyasıdır. Bu strategiyanın həyata keçirilməsi sayəsində Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib.
Ulu öndərin müəllifi olduğu neft strategiyasının məntiqi nəticəsidir ki, bu gün Azərbaycan regionda reallaşdırılan qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, “Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, eləcə də Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərləri məhz ölkəmizin, onun rəhbərinin təşəbbüsü və qətiyyəti sayəsində real fəaliyyət sahəsinə çevrilmişdir.
Amma “Əsrin müqaviləsi”nin imzalanması heç də asan başa gəlmədi. Müstəqilliyimizin ilk illərində ölkədə siyasi vəziyyət qeyri-sabit idi, işsizliyin və yoxsulluğun səviyyəsi təşviş doğururdu. Belə bir mürəkkəb şəraitdə ölkə iqtisadiyyatını neft-qaz sənayesi xilas edə bilərdi. Amma o dövrdə neft və qaz sənayesinin özü də ağır böhran içində idi. “Müstəqilliyi, suverenliyi, dövlətçiliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir” söyləyən Ulu öndər yaxşı bilirdi ki, ağır vəziyyətdən çıxmaq üçün dünyanın nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək lazımdır. Amma bu olduqca çətin bir məsələ idi. Çünki Ermənistan tərəfindən zorla müharibəyə cəlb olunmuş və daxili çəkişmələrin tüğyan etdiyi, hakimiyyət böhranının yaşandığı bir ölkəyə gəlmək, burada iş görmək, sərmayə yatırmaq hər kəsin risk edəcəyi məsələ deyildi. Hətta bu niyyətdə olanlar da böyük təşviş içərisində idilər. Yəni ki, sabitliyin olmadığı bir məkanda hansısa uğurlu və gələcəyi olan bir işdən danışmaq olduqca mücərrəd və ümidsiz idi. O dövrün reallığı məhz belə idi.
O vaxt “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşması üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək. Ümummilli liderimizin uzaqgörən siyasəti sayəsində ikinci varianta üstünlük verildi. Buna görə də Azərbaycan Prezidenti bizi– neftçi mütəxəssisləri ətrafına toplayıb məsələnin aydınlaşdırılmasının zəruriliyini qeyd etdi, məsləhətləşdi və nəticədə, fikir belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə dəvət etmək lazımdır.
Beləliklə, 1994-cü ilin martında Bakıda başlanan danışıqlar sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə Amerikanın Hyuston şəhərində baş tutdu. Hyustonda 45 gün ərzində aparılan danışıqlar çox gərgin keçdi. O vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın Birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolu oldu.
Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirən cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi. Nəhayət, tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi.
Nəhayət, 1994-cü il sentyabrın 20-də dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə razılıq əldə edildi. Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin rəhbərliyi və Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti İlham Əliyevin bilavasitə iştirakı ilə işlənib hazırlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş məşhur saziş imzalandı.
“Əsrin müqaviləsi”nin ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyəti olduqca yüksəkdir. Bu tarixi saziş bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Müqavilənin iqtisadi əhəmiyyəti isə ondan ibarətdir ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Azərbaycan və onun neft-qaz sənayesi “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ildə uğurlu inkişaf youl keçib. Bu tərəqqi yolunda hələ çox qələbənin, yeni-yeni nailiyyətlərin şahidi olacağıq.
Mirbağır YAQUBZADƏ,
Vaqif BAYRAMOV
XQ
Hiç yorum yok:
Yorum Gönder