Öz xidməti vəzifəsini yerinə yetirən şəxsə zərər vurma və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə cinayətinin oxşar və fərqli cəhətləri

  



Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 


Paylaş:Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 127.2.1-ci maddələrində müvafiq olaraq xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına ağır və az ağır zərər vurmaya, 315-ci maddəsində isə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərməyə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Göstərilən cinayətlərin subyektiv əlamətləri oxşar olsa da, obyekti, obyektiv əlaməti, subyekti və zərərçəkmişlərin kateqoriyası isə fərqlidir.
Məcəllənin 126.2.2-ci maddəsində göstərilən əməl ağır, 127.2.1 və 315-ci maddələrində göstərilən əməllər isə az ağır cinayətlərdir.
Bu cinayətlər fiziki zor tətbiq etməklə törədilən cinayətlərdir. Məcəllənin 126.2.2-ci maddəsində göstərilən zərər vurma həyat və ya sağlamlıq üçün təhlükəli, 127.2.1-ci maddəsində göstərilən zərər vurma isə həyat və ya sağlamlıq üçün təhlükəli deyil. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə nəticəsində sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi isə əhəmiyyət kəsb etmir. Məcəllənin 315-ci maddəsində nəzərdə tutulan zor ağır, az ağır və ya yüngül xəsarətlə nəticələndikdə şəxsin əməli Məcəllənin 315-ci maddəsi ilə tam əhatə olunur və əməlin əlavə olaraq Məcəllənin 126, 127 və ya 128-ci maddəsi ilə tövsifinə ehtiyac qalmır. Başqa sözlə desək, Məcəllənin 315-ci maddəsi göstərilən maddələrə münasibətdə xüsusi norma olduğundan cinayətlərin məcmusu yaranmır. Məcəllənin 315-ci maddəsində nəzərdə tutulan zorun ağırlıq dərəcəsi məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır.
Məcəllənin 126.2.2, 127.2.1 və 315-ci maddələrində göstərilən əməllər fiziki, mexaniki, kimyəvi və s. təsir formasında ifadə olunan hərəkətlə və birbaşa qəsdlə törədilir. Göstərilən əməllərin motivi həmin cinayətlərdən zərərçəkən şəxslərin qanuni hərəkətləri nəticəsində yaranan qəzəb və narazılıqdan, məqsədi isə bu şəxslərin qanuni fəaliyyətinə mane olmaqdan, yaxud onlardan və ya onların yaxın qohumlarından intiqam almaqdan ibarətdir. Sağlamlığa ağır və ya az ağır vurma ilə nəticələnən digər əməllərin hərəkətsizliklə, dolayı qəsdlə, başqa motiv və məqsədlə törədilməsi isə istisna edilmir.
Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmənin əsas bilavasitə obyektini hakimiyyət nümayəndələrinin normal idarəetmə fəaliyyətini təmin edən ictimai münasibətlər, əlavə bilavasitə obyektini isə həmin şəxslərin və ya onların yaxın qohumlarının sağlamlığını təmin edən ictimai münasibətlər təşkil edir.
Xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına ağır və ya az ağır zərər vurmanın əsas bilavasitə obyektini həmin şəxslərin və ya yaxın qohumlarının həyat və ya sağlamlığını təmin edən ictimai münasibətlər, əlavə bilavasitə obyektini isə xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxslərin xidməti (ictimai) fəaliyyətini təmin edən ictimai münasibətlər təşkil edir.
Tədqiq edilən cinayətlərin əsas və bilavasitə obyektlərinin fərqli olması bu cinayətlərin növ obyekti ilə bağlıdır. Xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına ağır və ya az ağır zərər vurma cinayətləri Məcəllənin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayəti isə “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslində təsbit edilmişdir. Bu cinayətlərin əlavə bilavasitə obyektini təşkil edən ictimai münasibətlərə yetirilən zərər həmin cinayətlərin əsas bilavasitə obyektini təşkil edən ictimai münasibətlərə yetirilən zərərin üsuludur.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarına görə dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla və ya fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn vəzifələr - xidməti vəzifələr, vətəndaşların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələr və ya cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyət isə (məsələn, hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) - ictimai borc hesab olunur.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Qərarına görə hakimiyyət nümayəndəsi dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşülür. Belə funksiyaları deputatlar, hökumətin üzvləri, məhkəmələrin hakimləri, qanunların icrasına nəzarəti həyata keçirən, ictimai qaydanı qoruyan, cinayətkarlıqla mübarizəni həyata keçirən, yanğın, epidemiya əleyhinə və digər təhlükəsizliyi təmin edən orqanların (polis, təhlükəsizlik xidməti, gömrük xidməti, dövlət meşə nəzarəti və s.) işçiləri, nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, onların müavinləri, struktur bölmələrinin rəhbərləri və digərləri həyata keçirirlər.
Məcəllənin 126.2.2, 127.2.1 və 315-ci maddələrində təsbit edilmiş əməllərdən zərər çəkən yaxın qohumlar dedikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsində nəzərdə tutulmuş babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür.
Hesab edirik ki, Məcəllənin 120-ci maddəsinin “Qeyd” hissəsində “xidməti vəzifə” və “ictimai borc” anlayışlarının (126.2.2, 127.2.1 və 133.2.5-ci maddələri aid edilməklə) müəyyən edilməsi və 315-ci maddəyə “hakimiyyət nümayəndəsi” anlayışının nəzərdə tutulduğu “Qeyd” hissəsinin əlavə edilməsi məqsədəuyğun olardı.
Məcəllənin 126.2.2 və 127.2.1-ci maddələrində təsbit edilmiş əməllər maddi tərkiblidir. Yəni, xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarının sağlamlığına zərər vurma ağır və ya az ağır xəsarətlə nəticələndiyi andan bu cinayətlər başa çatmış sayılır. Göstərilən əməllər şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa təqsirkarın əməli müvafiq olaraq Məcəllənin 29, 126.2.2 və ya 29, 127.2.1-ci maddələri ilə tövsif edilir.
Məcəllənin 315-ci maddələrində təsbit edilmiş əməl isə formal tərkiblidir. Yəni, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərildiyi və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına zor tətbiq edildiyi andan bu cinayət başa çatmış sayılır. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməyə cəhd Məcəllənin 315-ci maddəsi ilə əhatə olduğundan əlavə olaraq 29-cu maddəyə istinad edilməsi tələb olunmur.
Məcəllənin 126.2.2 və ya 127.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi 14 yaş, 315-ci maddədə nəzərdə tutulmuş cinayətə görə isə 16 yaş müəyyən edilmişdir.
Xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarının sağlamlığına ağır zərər vuran şəxs yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə, 127.2.1 və ya 315-ci maddələrdə nəzərdə tutulan əməli törədən şəxs isə azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırıla bilər.
Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməyə görə hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər tətbiq edildiyi halda, 126.2.2 və ya 127.2.1-ci maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə bu tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmur.
Aşağıda göstərilən hallarda şəxsin əməli Məcəllənin 315-ci maddəsi ilə deyil, həyat və ya sağlamlıq əleyhinə olan müvafiq maddə ilə tövsif edilməlidir:
- hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayəti hakimiyyət nümayəndəsinin xidməti fəaliyyəti ilə bağlı törədilmədikdə (məsələn, qısqanclıq motivi ilə və ya şəxsi münasibətlərin pozulması zəminində törədilərsə);
- hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmənin obyektiv əlamətlərindən heç olmasa biri təqsirkarın şüuru ilə əhatə olunmadıqda (məsələn, təqsirkar qarşısındakı şəxsin hakimiyyət nümayəndəsi olduğunu bilmirsə);
- 14 yaşı tamam olmuş anlaqlı fiziki şəxs hakimiyyət nümayəndəsinin sağlamlığına ağır və ya az ağır xəsarət yetirdikdə.
Həmçinin qeyd edək ki, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə əməli ilə Məcəllənin 288, 317, 329, 330, 206.3.4, 220 və 221.2.2-ci maddələrində nəzərdə tutulan əməllər arasında da oxşar və fərqli cəhətlər mövcuddur. Bu cəhətlərin öyrənilməsi göstərilən əməllərin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir

Hiç yorum yok:

Yorum Gönder

Pages