Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür


Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür

Bakı, 8 sentyabr, Bakmiltv.onfo

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan media siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və zamanın çağırışlarına uyğun yeni məzmunla zənginləşdirilir. Kütləvi informasiya vasitələrinə və jurnalistlərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündən danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və Bakmiltv.info-nın təşkilatçılığı ilə 2016-cı ilin noyabrında Bakıda eyni vaxtda keçirilən iki mötəbər tədbiri - Dünya Xəbər Agentliklərinin V Konqresini və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını xatırlatmaq yerinə düşər. İlk dəfə idi ki, dünyanın hər yerindən aparıcı informasiya agentliklərinin rəhbərləri, tanınmış xarici jurnalistlər, media üzrə ekspertlər Bakıya toplaşmışdı. Bakmiltv.info-nın 2016-2019-cu illər üçün Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti seçilməsi də mətbuat tariximizdə nadir hadisələrdəndir.

Bu il isə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada Qlobal Media Forumunun keçirilməsi auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. Mötəbər media qurumlarının nümayəndələri, informasiya agentliklərinin rəhbərləri erməni işğalından azad edilmiş Şuşada toplaşaraq Azərbaycanın mətbuat tarixində yeni bir iz qoydular. Dövlətimizin başçısı İlham Əliyev yerli və xarici media nümayəndələrini maraqlandıran sualları məhz Şuşada cavablandırmaqla nəinki Azərbaycan mediasının inkişafına, həmçinin media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər barədə aydın təsəvvürə malik olmaları ilə bağlı təbliğat işinin həyata keçirilməsi üçün çox böyük imkan yaratdı.

Bu gün Azərbaycan mətbuatı öz inkişafının yeni dövrünü yaşayır. 2021-ci ildə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxsin yaradılması, ötən ilin əvvəlində isə “Media haqqında” Qanunun qəbul edilməsi ilə media qarşısında yeni üfüqlər açılıb. Milli mətbuatın modernləşməsi, dünya standartları səviyyəsinə yüksəlməsi istiqamətində davamlı addımlar atılır.

Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə çətin sınaqdan keçdi. Jurnalistlərimiz ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarının qarşısının alınması, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş apardılar. Azərbaycan İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü təsdiqlədi. Postmüharibə dövründə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında jurnalistlərimiz layiqli informasiya mübarizəsi aparırlar. Tarixi faktlara və həqiqətlərə qarşı yönəlmiş informasiya təxribatlarının sayca artması jurnalistlərin üzərində böyük bir məsuliyyət olduğunu sübut edir.

Milli mətbuatımız dünya media məkanına sürətlə inteqrasiya olunmaqdadır. Ölkəmizdə fəaliyyət göstərən KİV-lərin, o cümlədən Bakmiltv.info-nın beynəlxalq əlaqələri getdikcə genişlənir. 2021-ci il ərzində respublikamızın internet seqmentində onlarla yeni xəbər portalı yaranıb, yüzlərlə sosial media resursu açılıb ki, bu da Azərbaycanda informasiyanın əlçatanlığının təmin olunmasına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuatın dinamik inkişafında şəxsən maraqlıdır. Onun həm xarici, həm də yerli jurnalistlərlə tez-tez görüşlər keçirməsi, cəmiyyəti maraqlandıran sualları cavablandırması dövlətimizin başçısının mediaya necə böyük önəm verdiyinin göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Hiç yorum yok:

Yorum Gönder

Pages