Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Geniş tərkibdə keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və digər vəzifəli şəxslər iştirak edib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı bildirilib. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonra general-polkovnik Z.Həsənov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin bir neçə aparıcı hərbi sənaye şirkət rəhbərinin də iştirak etdiyi görüşdə birgə hərbi-texniki layihələrin hər iki qardaş ölkənin müdafiə qüdrətini daha da artıracağına əminlik ifadə olunub, əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.
Keçirilən görüşlərdə, həmçinin texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub. "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yüksək qiymətləndirilib.
Hər iki görüşün sonunda hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.
Hiç yorum yok:
Yorum Gönder