7 Sentyabr – Ümumdünya hərbi oyuncağın məhv edilməsi günüdür



Sentyabrın 7-də dünyada birmənalı qarşılanmayan beynəlxalq statuslu təqvim günlərindən biri – Ümumdünya hərbi oyuncağın məhv edilməsi günü qeyd edilir.

Bu tarix 1988-ci ildən Ümumdünya Yetimlərə və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım Assosiasiyasının təşəbbüsü ilə qeyd edilməyə başlayıb. Əsas ideyası uşaqlara hərbi oyuncaqlardan imtina etməyi və onları başqaları, yumşaq oyuncaqlarla, konstruktorlarla, masaüstü oyunlarla, avtomobillərlə, gəlinciklərlə və s. ilə dəyişdirməyi təklif etməkdir. Təşəbbüs dünyanın müxtəlif ölkələrində müsbət qarşılanaraq, özünə çoxsaylı tərəfdaş tapıb.

Psixoloqlar bu gün də hərbi oyuncağın uşaq psixikasına hər hansı təsir göstərməsi barədə müzakirə və mükalimələrini davam etdirirlər.

Hamı xatırlayır ki, oğlanların uşaq vaxtı ən çox sevdikləri oyun elə “dava-dava”dır. Onlar qruplara bölünür, həyət boyu qaçaraq, bir-birinə “güllə” atır, gizlənit, müxtəlif uşaq hərbi hiylələri fikirləşib tapırdılar. Sözsüz ki, oğlanların bu oyunları hərbi oyuncaqlar: tapançalar, avtomatlar, qılınclar, tüfənglərlə müşayiət olunurdu. Bəzən hətta hər hansı tarixi filmin süjeti əsasında da oynayır və həmin dövrün silahlarından – oyuncaq qılınc, nizə, ox və yaydan istifadə edirdilər.

Bu oyunların kimdəsə aqressiya yaratdığını xatırlamaq çətindir. Süjet, oyun, sevinc, parlaq emosiyalar, enerjini xərcləmək imkanı var idi. Onlar müharibə qəhrəmanlarından nümunə götürür və onlara bənzəyən hərəkətlər, şücaətlər göstərirdilər.

Psixoloqları dəstəkləyən böyüklərin bir hissəsi əvvəlki kimi hesab edir ki, hərbi oyuncaq (tapanca, avtomat, ox və yay, qılınc, əsgərlər, tanklar və s.) özlüyündə uşağa mənfi təsir göstərmir. Əksinə düzgün münasibət oğlan uşağında cəsarət, Vətənə məhəbbət, axtarış, zəifi müdafiə etmək bacarığı və s. keyfiyyətləri inkişaf etdirir. Digərləri isə birmənalı olaraq, hərbi oyuncağın, xüsusilə müasir silahın kiçik modeli olan oyuncağın uşaqlarda aqressiya yaratdığını, ölümə və insanların məhvinə adi hal kimi yanaşmasını aşıladığını təsdiq edirlər. 

Bu mübahisədə həqiqəti tapmaq çox çətindir, hər tərəf öz ciddi dəlillərini ortaya qoyur. Ümumdünya gününün adında “...oyuncağın məhv...” sözləri də birmənalı qarşılanmır.

Məgər oyuncaq müharibələrin baş verməsində və ya terrorda, qətllərdə günahkardırmı? Əlində yumşaq oyuncaq tutub, onu oxşayan oğlanın ağzını açaraq, qorxu və həyəcanla televizorda trillerə baxmasını göz önünə gətirək. Bu anda artıq böyükləri də xof basacaq... Bəs hər yerdə satılan oyuncaq tabutlarda üzü göyərmiş gəlinciklər, vampirlər? Onlar hansı hissləri doğururlar?

Ona görə də Ümumdünya hərbi oyuncağın məhv edilməsi günü  - ilk növbədə uşaqlarımızın hansı oyuncaqlarla nə oynadığı barədə düşünmək günüdür.

Hiç yorum yok:

Yorum Gönder

Pages