Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-ü Azərbaycanda bitki anatomiyasının əsasını qoyan, biologiya sahəsində elmlər doktoru elmi dərəcəsini almış ilk azərbaycanlı qadın Validə Tutayuqun doğum günüdür. Akademik Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr verib və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. O, morfoloji-anatomik, karioloji tədqiqatlarla dünyanın nadir təbiət abidəsi hesab olunan Talışın relikt ağaclarının Abşeron şəraitində introduksiya edilməsini elmi əsaslarla sübut edib. Onun rəhbərliyi ilə respublikanın kənd təsərrüfatı əhəmiyyətinə malik otlaqları üçün geobotaniki xəritələr, aqrokimyəvi kartoqramlar tərtib edilib.
AZƏRTAC görkəmli botanik alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Şuşa şəhərində anadan olub. O, 1934-cü ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) meyvə-tərəvəzçilik fakültəsini bitirib. 1939-cu ildə namizədlik, 1949-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilib. 1939-1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasının müdiri, 1954-1957-ci illərdə isə direktorun elmi işlər üzrə müavini olub. 1957-1962-ci illərdə Azərbaycan EA-nın V.Komarov adına Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb. 1958-1974-cü illərdə bu institutda laboratoriyaya rəhbərlik edib. 1962-1980-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda Botanika və seleksiya kafedrasının müdiri olub.
O, biologiya elminin inkişafı tarixində böyük xidmətlər göstərmiş çoxprofilli biliyə malik alim olub, anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoyub. V.Tutayuqun elmi fəaliyyəti əsas etibarilə iki istiqamətdə inkişaf edib. O, genişprofilli morfoloq və dendroloq bəzək bağçılığı və yaşıllaşdırma sahəsində mütəxəssis kimi tanınıb. Alimin müxtəlif örtülütoxumlularda çiçəyin normal və qeyri-normal quruluşunu öyrənmək sahəsində tədqiqatların nəticəsi olan “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyası (1960) çiçəyin mənşəyinin öyrənilməsində bir sıra prinsipial nəzəri məsələlərin aydınlaşdırılmasında mühüm rol oynayıb. Bu tədqiqatların nəzəri əhəmiyyəti ilə yanaşı, mühüm təcrübi əhəmiyyəti də var. Çoxləçəkliliyin əmələ gəlməsi qanunauyğunluqlarını bilmək seleksiya və bəzən bağçılıqda yeni çoxləçəkli çiçək formalarının alınmasına imkan verir. Bu sahədə aparılan tədqiqatların nəzəri təhlili “Örtülütoxumluların mənşəyinə dair” (1965) və “Çiçəyin teratologiyası” (1969) monoqrafiyalarında əksini tapıb. Onun “Bitki anatomiyası və morfologiyası” (1958, 1967), “Bitki anatomiyası və fiziologiyası” (1960) dərs vəsaitlərindən indi də istifadə edilir.
Validə xanımın elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illərdə Botanika İnstitutuna rəhbərlik etdiyi dövr olub. O, “Azərbaycan florasının” yeddinci və səkkizinci cildlərini üç il müddətində tamamlayıb. Bununla yanaşı, digər alimlərlə birlikdə həmmüəllif olduğu “Azərbaycanın ağac və kolları” kitabı iki cilddə çap edilib. Görkəmli alim “Qafqazın dendrologiyası” çoxcildliyinin beşinci və altıncı cildlərini yazan müəlliflərdən biridir. Bu müddətdə V.Tutayuq Nəbatat bağının kolleksiyasının zənginləşməsində böyük xidmət göstərib. Alim 130 elmi əsərin, o cümlədən dörd dərslik və altı monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında iyirmidən çox elmlər namizədi və üç elmlər doktoru hazırlanıb. V.Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı, Azərbaycan KP-nin dördüncü qurultayının nümayəndəsi olub. O, iyirmi birinci, iyirmi ikinci qurultaylarda Azərbaycan KP MK-nın üzvü seçilib.
Görkəmli alim bir sıra orden və medallarla, respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına (1974) layiq görülüb.
Validə Tutayuq 1980-ci ildə vəfat edib.
Hiç yorum yok:
Yorum Gönder