Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi



Avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası keçirilib.

Bakmiltv.info qurumun Mətbuat Xidmətinin məlumatına istinadın bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.

Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.

Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev cari ilin birinci yarımili ərzində qoşunların əməliyyat imkanlarının və qərargahların komanda idarəetmə qabiliyyətlərinin artırılması, mühəndis, kəşfiyyat və digər sahələrdə həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib, ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların müsbət nəticəsindən danışıb.

General-polkovnik K.Vəliyev Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini təhlil edərək bildirib ki, müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.

Sonra müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov cari ilin ilk altı ayı ərzində təminat sahəsində görülən işlər, qoşunların yeni silah və texnika ilə təchizatı, şəxsi heyətin psixoloji hazırlığı və hərbi təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məruzə edib.

Baş direktor bildirib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hərbi təhsil sahəsində cəlbediciliyin artırılması istiqamətində görülən tədbirlər, o cümlədən respublikamızın 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı 5500-dən artıq olub. Bu da yüksək keyfiyyətlərə malik namizədlərin seçilməsinə, qoşunların taktiki səviyyədə komplektləşdirilməsi, həmçinin kadr ehtiyatlarının yaradılmasında kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan verir.

Qış mövsümünə hazırlıqla bağlı məsələlərə toxunan baş direktor Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən tədbirlərin plana uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini bildirib.

Daha sonra müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev bölmələrin döyüş qabiliyyətinin artırılması və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə edib.

Müasir silah və texnikanın cəlb edilməsi ilə keçirilən təlim və məşğələlərin intensivliyinin artırıldığı, bölmələrdə döyüş növbətçiliyi və digər xidməti-döyüş fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyi bildirilib.

İclasda çıxış edən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə HHQ bölmələrində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin illik hazırlıq planına uyğun daha keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

İclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Müşavirənin yekununda çıxış edən müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini qeyd edib.

Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.

Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına əməl edilməsinə, həmçinin hərbi qulluqçuların psixoloji hazırlığına və maarifləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Müdafiə naziri növbəti tədris ili bağlı görülən işlərin plana uyğun şəkildə və keyfiyyətli icrasına dair əlavə göstərişlər verib. Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Şəxsi heyətin sosial-məişət şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərin mütəmadi olaraq yoxlanılması və ciddi nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.

Ali Baş Komandanın qeyd etdiyi fikirləri bir daha xatırladan general-polkovnik Z.Həsənov: "İstənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır", - deyərək müşavirəyə yekun vurub.

Hiç yorum yok:

Yorum Gönder

Pages