Telman ORUCOV
(Əvvəli ötən çərşənbə sayımızda)
Oxucu istəyini nəzərə alaraq, qəzet öz səhifələrinin sayını da dəfələrlə artırdı, bu da, heç şübhəsiz, redaksiya kollektivindən əlavə zəhmət və məsuliyyət tələb edirdi. Qəzetin təsisçisi və 30 ildən artıq müddətdə onun redaksiyasına fasiləsiz olaraq rəhbərlik edən baş redaktor, həm də çoxtərəfli məhsuldar fəaliyyəti ilə artıq püxtələşmiş ictimai xadimə çevrilmiş, ölkə ziyalılarının böyük rəğbətini qazanmışdır. Onun birinci müavini isə mətbuat aləmində məharətli naşir kimi tanınır. Daha yaşlı qəzetlərin təcrübəli redaksiya kollektivlərində, həmin qəzetin uğuru, əlbəttə, müəyyən qısqanclıq hissləri yarada bilər, lakin təkamül prosesinin sarsılmaz tələblərini də inkar etmək mümkün deyildir. Qəzet də Darvinin tədqiq etdiyi canlı növlər kimi yeni şəraitə uyğunlaşmağı, həm də özünəməxsus müstəqilliyini saxlamaqla, ideya xəttini başqa təsirlərdən qoruya bildi, səhifələrindəki materialların oxucunu cəlb edən məzmunu və bədii səviyyəsi ilə də fərqlənməyi bacardı.
Bu yazıdakı müddəalar, çıxarılan nəticələr kimlərinsə narazılığına səbəb ola bilər, müəllifi mentor tonu ilə danışmaqda ittiham edənlər də tapılar. Səmimi etiraf edim ki, kiməsə yol göstərmək həvəsindən və meylindən uzağam, sadəcə olaraq vacib saydığım öz mülahizələrimi, rəyimi bildirməyə səy göstərdim. Ən tutarlı cavabı isə faşist hərbi canilərini mühakimə edən Nürnberq tribunalında şahid kimi çıxış edən Ermitajın direktoru olan məşhur tarixçi akademikin sözləri ilə vermək istərdim. O, böyük incəsənət məbədi və memarlıq abidəsi olan Ermitajın (keçmiş Qış Sarayı binasının) havadan aramsız olaraq bombardman edilməsini vəhşilik, vandalizm nümunəsi kimi dilinə gətirdikdə, həmin dövrün Almaniyasında Hitlerdən sonra ikinci şəxs sayılan, imperiya aviasiya qüvvələrinə başçılıq edən Herman Görinq tarixçi alimi istehza qaydasında naşılıqda, aviasiya bombardmanından baş çıxarmamaqda ittiham etdikdə, belə sərt cavab almışdı:
- Mən bu sahədə mütəxəssis deyiləm. Ancaq onu bilirəm ki, yaxınlıqdakı hərbi obyektə bir dənə də olsun bomba düşmədiyi halda, Ermitajda isə biz vaxtın çoxunu, bəzən bütün iş günümüzü yandırıcı bombaları söndürməyə sərf edirdik. Hərbi obyektlə muzey kompleksi arasında məsafə çox kiçik idi. Belə məsafədə, bu dar ölçülərə qiymət verməkdə mən özümü aviasiya mütəxəssisi hesab edirəm.
İxtisasca jurnalist olmasam da, yaxşı məlumdur ki, indiki naşirlərin və baş redaktorların böyük əksəriyyətinin də əslində bu ixtisasla heç bir əlaqəsi yoxdur, - mən öz rəyimi bildirmək hüququndan istifadə edirəmsə, bu, heç kəsi narahat etməməlidir. Real səhvlər buraxmış jurnalistlərlə məhkəmə zalında üzləşməyə cəhd edənlərə də, xəta əgər cinayət səviyyəsində deyilsə, onlarla mümkün qədər güzəştli qaydada fikir mübadiləsi aparmağı, onları vendetta hədəfinə çevirməməyi məsləhət görərdim.
Məsələnin digər cəhəti isə qanunu müdafiə edən orqanların işçilərinin mövqeyindən, münasibətindən asılıdır. Onlar söz sahiblərinə qarşı mərhəmətlilik nümayiş etdirsələr, bu, qanunun hətta sərt münasibətlərini də xeyli yumşaltmış olar. Jurnalistlər əleyhinə olan məhkəmə proseslərində ittihamla çıxış edən hüquqşünaslar "prokuror" sözünün latın dilindəki mənasından irəli gələn "qayğı göstərməni", bilavasitə qanunun həyata keçirilməsində olduğu kimi, onun digər mənası olan "təmin etməni" isə söz azadlığı hüququna şamil etsəydilər, vəziyyət daha çox yumşaqlığı ilə seçilərdi. O ki qaldı hakimlərə, onlar öz vəzifə borclarını yerinə yetirirlər, lakin təəssüf ki, belə bir stereotip rəy geniş yayılmışdır ki, məhkəmələr guya yalnız sifarişlə işləyir. Hakimləri kütləvi şəkildə qanunu pozmaqda günahlandırmaq, ən azı, insafsızlıqdır, bir az dəqiq deyilsə, sərsəm təxəyyülün məhsuludur. Hətta sifariş qəbul edən hakim də, birbaşa qanuna xəyanət yolunu tutmur, səriştəsiz adamlardan fərqli olaraq o, qanunun sərtliyini yaxşı bilir və yaddan çıxarmır ki, hökmdə qəsdən buraxdığı səhv və ədalətsizlik bir gün onun özünü yaxalaya bilər. Hökmün ədalətliliyinə görə hakimin məsuliyyət daşıması bundan hələ 38 əsr əvvəl işıq üzü görmüş Hammurabi kodeksində öz əksini tapmışdı. Persiya çarı I Dara isə səhv hökm çıxarmış hakimin dərisini soymaq və onu mühakimə aparan hakimin kreslosunun üstünə sərmək qaydasını qoymuşdu ki, o, bədbəxt sələfinin başına gələndən ibrət götürsün.
Hakimləri yalnız avam adamlar naşılıqda təqsirləndirə bilər, onlar daim sayıqlıqlarını qoruyub saxlayırlar. Adətən qanunu yaxşı bilməmək, naşılıq onlara yaddır. Bu, keçən əsrin ortalarında Şərqi Afrikada baş vermiş bir ibrətamiz hadisəni yada salır. 1959-cu ildə Mau-Mau üsyanı vaxtı ingilislər masailəri ələ alıb, onlara göstəriş verdilər ki, gedib yaxınlıqdakı kikuyyilərin silahını onlardan alıb, götürüb gəlsinlər. Onlar tapşırığı yerinə yetirməkdən qayıtdıqda, kəsilmiş insan əlləri ilə dolu zənbilləri məğrur-məğrur onları göndərənlərə göstərdilər. İngiliscə "silah" mənasını verən "arms" sözünü onlar bunun başqa mənası olan "əllər" kimi başa düşmüşdülər və əmri hərfi mənada heç də səhv icra etməmişdilər. Hakimlər isə qanundan hərtərəfli və yaxşı baş çıxardıqlarından, hökmü formalaşdırdıqda bəzən qanunlarla müəyyən hədlərdə sərbəst davranmağı da bacarırlar, axı qanun mexaniki qaydada fəaliyyət göstərmir.
Nəhayət, jurnalistin kiçik xətaya görə həbs edilməsi, dustaqxanaya salınması faktına münasibətimi soruşsalar, mən hökmən mənfi cavab verərdim. Axı günahsız insana dustaqxana həyatının özü də işgəncədir, fikrə, ideyaya görə cəzanı isə mümkün qədər bu qəbildən olan kimi saymaq lazımdır.
Şantaj yoluna düşən qələm sahiblərinə gəldikdə, onlar bu yolla müəyyən qazanc əldə etsələr də, nəticədə hökmən kəskin müqavimətlə üzləşməklə, məhkəmə qabağında dayanmalı olur, cəzalanmaqla yanaşı, özlərini və işlədikləri kollektivi də biabır edirlər. "Şantaj" fransız sözü olub, adamı biabır edən, gözdən salan məlumatlarla, bunlar həqiqi və yalan, saxta ola bilər, hansısa müəyyən məqsəd naminə onları qorxutmaq, hədələmək vasitəsidir. Şantajda ifşa edilən hər bir jurnalist özünün böyük həmkarları ordusunun da şərəfinə ağır zərbə vurmuş olur. Alman yazışısı Tomas Mannın diareyaya (qarınağrısına) tutulmuş əsgər barədə yazdığı fikir yada düşür. Belə əsgər cəbhədə döyüşmək əvəzinə, daim şalvarını aşağı salıb kol altına qaçır, onu döyüş yox, öz dərdi düşündürür. Şantaja qurşanmış jurnalisti də həmin xəstə əsgərlə müqayisə etmək olar, o, peşə borcunu unudub, haram yollarla pul qaznmağa can atır.
Reket jurnalisti öz kollektivinə vurduğu böyük ziyana görə vaxtilə gəmilərin naviqasiyası üçün təhlükə rolunu oynayan "uçan holland" adlanan gəmiyə bənzətmək olar. Axırıncının komandasını dəniz quldurları məhv etdiklərindən, ya da əsir götürdüklərindən, həmin gəmi dalğaların ixtiyarına buraxılırdı və qarşısına çıxan gəmiləri ya batırır, ya da zədələyirdi. Ona görə də onlar dənizdə üzənlərə böyük təhlükə mənbəyi hesab olunurdu. Dələduzluğa qurşanmış jurnalist də başqaları üçün deyil, öz redaksiyalarının nüfuz adlanan gəmisinin rahat üzməsinə böyük əngəl törədir
Qədim hind mifologiyasında isə paxıl meymun haqqında maraqlı bir pritça vardır. Meymun kokos palmasına dırmaşıb, yetişmiş kokos qozlarından (buna hind qozu da deyirlər) birini qoparıb yeyir, tam doyduğuna görə ona yalnız əylənmək istəyi qalır. Bu vaxt ovunun dalınca qaçıb yorulmuş və heç nə əldə edə bilməyən Benqal pələngi o qədər də kölgəsi olmayan həmin kokos palmasının altına gəlir ki, bir az dincəlsin. Uzanmış pələng meymunun heç xoşuna gəlmir, qozlardan birini qoparıb, düz onun gözünə vurur. Ağır zərbənin ağrısına görə pələng qalxıb, ağacın yanını tərk edir. Qarnını doyuzdurmaq üçün istidə kol-kosu otlayan fil artıq yorulduğundan və qızmar günəşdən qorunmaq üçün həmin palma ağacının altına gəlir. Meymunu onun iri belinin təmizliyi hiddətləndirir, bunu zibilləmək üçün o həzm etdiyindən yaranan qatı ifrazını yuxarıdan şəlalə kimi filin belinə tökür. Fil üfunətə dözməyib, özünü təmizləmək üçün gölməçə axtarmağa yollanır. Meymunun kefi isə kökdür, o, iki iri heyvanı, özününkü hesab etdiyi məkandan qaçmağa məcbur edə bilmişdi. Qısqanclıqdan, paxıllıqdan şantaja əl atan qələm sahibləri də Darvinin ideyasına uyğun olan əcdadlarının səfeh hərəkətlərini öz opusları ilə təkrar edirlər və hətta bəzən cinayət törətmiş olurlar.
Lakin bir cəhəti də nəzərə almaq lazımdır ki, iri bədənli və qorxulu heyvanlara zərbə vuran və qisas cəzasından da qorxmayan meymun ağacın başında oturmaqla, tam təhlükəsiz idi, ona gərə də heç bir pis şey haqqında düşünmürdü də, yalnız onları ələ salması ilə öyünürdü. Jurnalist isə tezliklə yaraladığı və ondan təmanna umduğu rəqibi olan məmurla yer üzündə, eyni səthdə qarşılaşacaqdır. Vaxtilə yazısını əmələ gətirən və qələmindən süzülən mürəkkəb onun bədənini, mifik Stiks çayının suyu Axillesə az qala ölməzlik bəxş etdiyi kimi, zirehlə örtmüşdü. Lakin mürəkkəbinin aşağı çatıb, zirehə bürüyə bilmədiyi onun dabanı olduqca zəif idi, ona nizə deyil, adi tikan da bata bilərdi. Məmurun qüsurlarının üstünü açan jurnalist dələduzluq yoluna düşdüyündən, artıq onun ifşa silahı saydığı qələmi də sınmışdı, heç özünü müdafiə etməyə də gücü çatmırdı. Umduğu təmanna tam məbləğdə jurnalistə çatdığından, mahir ovçusunun bu "Axilles dabanı" artıq məmura yaxşı tanış idi. Həm də bu "fərasətli" adam instiktini işə salmışdı, müqayisədə, Afrikadakı qriflərə - keçəl kərkəslərə xas olandan daha iti caynaqlara və möhkəm deşmə qabiliyyəti olan dimdiyə sahib olduğu da məlum idi, onların adi nümunələrinin köməyi ilə isə həmin quşlar savannada istənilən leşi didib, dağıdırdı. Ona görə də məmur fürsəti əldən buraxmadı və jurnalisti qanuni yolla məğlub edərək, ən azı məhkəmədə aldığı cəza müddətində onu bir vaxtlar sevdiyi, lakin sonralar yeri düşəndə xəyanət etdiyi peşəsindən uzaqlaşdırdı.
Tənqid obyekti olmaqla, haqlı olaraq jurnalistin ov hədəfinə çevrilən bəzi vəzifə sahibləri isə medianı gözdən salmaq, özü haqqında həqiqətə tam uyğun olan yazını təkzib etmək üçün asan vasitə kimi "saxta xəbər" ifadəsindən geniş istifadə edirlər. Söz azadlığının guya təminatçısı kimi çıxış edən AB?-da siyasi xadimlər, onlara ünvanlanan tənqidin təsirini azaltmaq üçün daim bu yola əl atırlar və bu "qalxana" seçkiqabağı kampaniyalarda daha çox müraciət edirlər. Lakin bu o demək deyildir ki, həqiqətən saxta xəbər yayan jurnalistlər dinozavrlar kimi bütünlüklə sıradan çıxmışlar. ABŞ-dakı "Fox News" televiziya kanalı Respublikaçılara xidmət göstərmək üçün, Demokrat partiyasından olan siyasi xadimlərə qarşı nifrət atəşi açmaqdan yorulmurlar, bu vaxt onları, öz ittihamlarının obyektiv olub, olmaması heç düşündürmür də.
Lakin yuxarıda jurnalistə mərhəmətlə yanaşmaq barədəki mülahizəmə bir şərti də əlavə edərdim ki, qoy bu şərəfli adı daşıyan adam cinayət törətməsin, qanundan kənar əməldə bulunmasın. Sözün mühakiməsinin geniş yayılması yaxşıdır, nəinki hansısa söz sahibinin mühakiməyə cəlb edilməsi. Bu arzuya bir diləyi də əlavə etmək lazım gəlir ki, gəlin hamımız qanunlara hörmətlə yanaşaq, riayət edək, bu, təkcə bütövlükdə dövlətimizin deyil, həm də ən başlıcası hər birimizin təhlükəsizliyinə təminat yaradacaqdır. Hələ cəzalanmadıqları üçün təsəvvürlərində qanunsuzluq mühitində yaşadıqlarını güman edən və hələlik cəmiyyətin uca mərtəbələrində məskunlaşan həmin məmurlar üçüncü minilliyin başlanğıcının nemətlərindən bədxərcliklə istifadə etsələr də, şübhəsiz olaraq və hökmən gec-tez ədalət çərçivəsində olan öz paylarını alacaqlar. Əslində onlar zamanın nəbzindən baş çıxarmırlar, mənəviyyat nöqteyi-nəzərindən mağara dünyasının həyat və düşüncə tərzinə malikdirlər, bu isə tarixdən əvvəlki qaranlığa, cəhalət zülmətinə qayıtmağa can atmaq cəhdi kimi qiymətləndirilməli və güzəştə gedilmədən məhkum edilməlidir. Bu mühüm prosesdə, cəmiyyətin sağlam inkişafında jurnalistlər ordusu, bütünlükdə media fəal iştirak etməli, düzgün seçilmiş yolla irəliləməklə, öz nüfuzlarını daha da yüksəltməyə nail olmalıdır. Həyatın özü, həm də xidmət etdikləri mühüm peşə onlardan məhz bunu tələb edir...
Hiç yorum yok:
Yorum Gönder