Şahmar Zülfüqar oğlu Ələkbərov Azərbaycan kino rejissoru, aktyor, ssenari müəllifi, film səsləndirən, mətn oxuyan, arxiv kadrlarda iştirak edən şəxs ad günüdür.




1943-cü ildə Gəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərоv оnu kinоstudiyanın nəzdində özünün yaratdığı "kinо aktyоrluğu" studiyasına dəvət edib. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan başqa оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib. Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ilin sonunda vəfat edib.

Şahmar Ələkbərov o qədər qayğıkeş, o qədər səmimi insan idi ki, onunla həmsöhbət olan hər kəs məmnunluqla ayrılardı ondan, həm də uzun müddət unutmazdı bu görüşün xoş məqamlarını. Bu nikbinlik ona tanrı vergisi idi. İnsanları sevirdi və bu sevgi onun təbiətində idi. Onun xoşhal, insanpərvər, humanist duyğuları sənətinə də keçmişdi. Vallah rolları da elə özünə oxşayırdı. Hansı rolunu götürürsən götür, elə Şahmardı ki, durub.

1943-cü il avqustun 23-də dünyaya gəlmişdi. Cəmi 50 il ömür yaşadı. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər bəlkə də bir ömrə sığası iş deyildi.

"Dağlarda döyüş"dən başlamışdı onun ilk aktyor karyerası. İncəsənət İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya gətirmişdi. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil almışdı. Bu o demək idi ki, Şahmar müəllim artıq püxtələşmiş bir aktyor idi və elə "Dağlarda döyüş"dəki debütündə də bu aydın görünürdür. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş vermişdi. Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün "Tikanlı məftillər" povesti əsasında ssenarini yazmışdı. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir. Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınmışdı və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının sərhədi başladı. Və bu sərhəd onun rejissor kimi tamamladığı "Qəzəlxan" filminə qədər uzun və keşməkeşli bir yol keçdi.

Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir. Şahmar müəllimin yaradıcılığında Məzahirin özünəməxsus yeri var. "Mən ki, gözəl deyildim" filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilmişdi. Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz idi. Bu sürücü oğlanın nikbin ruhu filmin faciəvi yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə çəkmişdi. Ümumiyyətlə, Şahmar Ələkbərov Tofiq müəllimin filmlərində çox az çəkilmişdir. "Qızıl qaz" və bir də "Mən ki, gözəl deyildim". Hər ikisində də çox maraqlı obrazlar yaratmışdır.

Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar müəllim. Bütün bu yaradıcı "ittifaqlar" çox uğurlu alınmışdı. Bunlar haqqında o öz "Xatirələrim" adlı yazısında çox gözəl açıqlamalar vermişdi. Mən həmin bioqrafik yazı ilə tanış idim. Lakin ömür bu yazıları kitab halında çap etməyə ona imkan vermədi. Orada hər şey var idi. O təkcə Şahmar Ələkbərovun tərcümeyi-halı deyil, bütövlükdə kinomuzun 20 illik dövrünün canlı salnaməsi idi.

Mən Şahmar müəllim haqqında "Kino" qəzetinin xüsusi buraxılışını hazırlamışdım. 1994-cü ildə nəşr olunan həmin buraxılışda onun haqqında çox şeylərdən söhbət gedirdi və "Yeddi oğul istərəm" filminin yaranması prosesi ilə bağlı həmin xatirələrdən bir hissəni də orada çap etmişdim. Həmin xatirələri oxuduqca hiss edirsən ki, Şahmar Ələkbərov bu sənəti, bu xalqı, bu milləti necə də sevirmiş. Bəlkə elə onun rollarına hopmuş şirinlik də bu sevgidən irəli gəlib. Onun rollarını xatırlayıram: Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Rizvan ("Qızıl qaz"), oğlanlardan biri ("Bizim küçənin oğlanları"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

Bu rolların hər birini ayrıca xarakterizə etməyə, məncə, heç ehtiyac yoxdur. Ancaq Şahmar müəllimin elə qəhrəmanları var ki, onları xatırlamamaq qəbahət olardı. "Yeddi oğul istərəm" filminə tamaşa edəndə hamınız Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirsiniz. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar müəllim bunu bacarırdı, bu hər aktyora xas olan keyfiyyət deyildi.

Şahmar müəllim kinoda rejissor kimi də sözünü demək istəyirdi. Deyirdi ki, bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari də apardım. Dedim ki, Ədil müəllim, film çəkmək istəyirəm. Nə cavab versə yaxşıdır: "Sənin nə gözəl kostyumun var" — dedi. Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var", birini də mənə tikdirək" — dedi. Bildim ki, məsələ artıq həll oldu və o gediş bir müddət rejissorluq barədə düşünmədim.

Amma sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Bir az da xəstələnmişdi. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Beləliklə o rejissor kimi işləməyə qərar verdi və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkdi. Bu ictimai motivli filmdə Şahmar müəllim çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatçılığı var idi. Ssenarini Anar özünün "Şəhərin yay günləri" povesti əsasında yazmışdı. Amma Gülbəniz xanımla elə rahat işləyirdi ki, elə bil uzun illər rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyuldu. Ssenari müəllifi də, Gülbəniz xanım da, tamaşaçılar da filmdən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.

Sonra isə Elçin özünün "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə"ni çəkdi. Bu isə 1989-cu il idi. O vaxt Şahmar müəllimə dəhşətli xəstəlik əzab versə də, işləyirdi. Elə bil tələsirdi. Filmi çox az müddətə çəkdi. Amma film hazır olanda çox ciddi münaqişələrlə qarşılandı. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi. O vaxtı mən də yaxşı xatırlayıram. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir, filmi ləğv etdirmək istəyirdilər. Amma Şahmar müəllim onlarla elə gözəl dil tapdı ki, hər şey çox rahatlıqla sona yetdi.

Filmdə həqiqətən çox ciddi ictimai motivlər vardır. Bəli, müharibə hər bir vəziyyətdə insanlara faciələr gətirir. Ailələri başsız qoyur, taleləri bədbəxt edir. Elə filmin qəhrəmanı Zibeydə kimi. Rejissor bu obraz üçün Özbəkistandan Oğludurdun Məmmədquliyevanı dəvət etmişdi. Mehriban Xanlarovanı isə ilk dəfə kinoya gətirmişdi. Şahmarın ilk sərbəst işi idi "Sahilsiz gecə". Hər kadrına diqqətlə yanaşırdı. Montajda da ehtiyatlılıq göstərirdi. Xoşbəxtlikdən hər şey uğurlu alınmışdı və film geniş rezonans doğurmuşdu.

Amma, Şahmar müəllim ürəyincə sevinə bilmədi. Xəstə idi. Çənə sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi. "Sahilsiz gecə"nin xoş təəssüratları onun ağrılı cisminə bir yüngüllük gətirsə də, bunlar da ötəri oldu. Cərrahiyyə əməliyyatı üçün Almaniyaya gedəsi oldu. Yaxşı idi. Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu məşhur qəzəlxan Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və günlərin birində eşitdik ki, Şahmar Ələkbərov öz ssenarisi əsasında "Qəzəlxan"ı çəkməyə başlayıb. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə işləyirdi. Yenə də elə bil harasa tələsirdi. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar müəllim filmi iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film ekranlara çıxdı. "Qəzəlxan" Azərbaycanın görkəmli şairi Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi. Amansız ölüm onu aramızdan apardı. 1992-ci ildə Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşdu. Çox idi arzuları. Bir ssenari yazmışdı. Özü çəkmək istəyirdi onu. Məşhur Bakı milyoneri Ağamusa Nağıyevə həsr etmişdi. Doğrudur, ölümündən sonra bu ssenari çəkildi. Rejissor Rövşən Almuradov çəkdi bu filmi. Özü də 1995-ci ildə.

Vəssəlam. Bu da aktyor və rejissor kimi xalqın sevimlisinə çevrilmiş Şahmar Ələkbərovun yaradıcılıq yolunun yekunu. Bəli, illər keçəcək, nəsillər dəyişəcək. Bu qəhrəmanlar, bu filmlər gözəl bir sənətçinin, istedadlı bir insanın xatirəsini nəsillərdən-nəsillərə ötürəcək. Biz Şahmar müəllimin yubileyini, 60 yaşını onsuz qeyd edirik. Lakin onun özü olmasa da yaratdığı qəhrəmanlar və çəkdiyi filmlər bizimlədir və elə 70-80 və sonrakı yubileylərində də yaşayacaqlar. Əbədi xatirəyə çevrilmiş Şahmar Ələkbərov sənəti həmişə belə xoş istəklə xatırlanacaq.

Mükafatları
Azərbaycan SSR əməkdar artist — 23.12.1976[1]

Filmoqrafiya
1001-ci qastrol (film, 1974)
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-filmi səsləndirən: Əli (David Uplisaşvili)
Adsız su (film, 1985) (qısametrajlı sənədli süjet-Mozalan № 98)
Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: İman
Alayarımçıq (film, 1984)
Altı duru, üstü quru (film, 1983)
Arşınmalçı (film, 1985)
Toy (1978)
Arxadan vurulan zərbə (film, 1977)
Avqust gələndə (film, 1984)
Ay alan! (film, 1981)
Ay çox, il çox... (film, 1985)
Ay müştəri... (film, 1986)
Babək (film, 1979)
Bais (film, 1985)
Bakıda küləklər əsir (film, 1974)
...balıq sevdası (film, 1979)
Baş tutmayan ziyafət (film, 1981)
Başdan ayağa (film, 1973)
Bayquş gələndə (film, 1978)
Bir ailəlik bağ evi (film, 1978)
Birisigün, gecəyarısı... (film, 1981)
Bişmiş toyuğun gülməyi... (film, 1983)
Bizim küçənin oğlanları (film, 1973)
Cavabsız sual (film, 1977)
Dağ Meşəsindən Keçərkən... (1964)
Cinayətin astanası (film, 1985)
Çətin sual (film, 1979)
Çıxılmaz vəziyyət (film, 1983)
Dağlarda ada (film, 1971)
Dağlarda döyüş (film, 1967)
Damğa (film, 1984)
Daş dözür (film, 1973)
Daş münasibət (film, 1983)
Dədə Qorqud (film, 1975)
Dərs (film, 1981)
Dörd bazar günü (film, 1975)
Əcəmi Naxçıvani (film, 1976)
Əlavə iz (film, 1981)
Əldən qalan... (film, 1981)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Firəngiz (film, 1975)
Gəmi saatının sirri (film, 1983)
Gilas ağacı (film, 1972)
Gözbağlıcılar (film, 1973)
Gözdən uzaq... (film, 1985) (I)
Gözdən uzaq... (film, 1985) (II)
Gözəyarı (film, 1984)
Gözlə məni (film, 1980)
Hamam hamam içində (film, 1983)
Hami (film, 1981)
Hamıya! Hamıya!! Hamıya!!! (film, 1977)
Harayacan qaçacaqlar (film, 1983)
Həyat bizi sınayır (film, 1972)
Xatirələr sahili (film, 1972)
Xəbərdarlıq (film, 1984)
Xoruzun quyruğu (film, 1980)
Xoşbəxtlik qayğıları (film, 1976)
Xüsusi buraxılış (film, 1983)
İkiqat təsərrüfatsızlıq (film, 1985)
İlişdim (film, 1983)
İmtahan (film, 1987)
İncik incilər (film, 1982)
İnsan məskən salır (film, 1967)
İntizar (film, 1970)
İsrafçılıq (film, 1980)
İsrafçılıq (film, 1983)
İstintaq (film, 1979)
İstintaq davam edir (film, 1966)
İyirmialtılar (film, 1966)
Kimdir müqəssir? (film, 1984)
Köhnə bərə (film, 1984)
Qanlı zəmi (film, 1985)
Qanun naminə (film, 1968)
Qaş düzəldən yerdə... (film, 1980)
Qatır Məmməd (film, 1974)
Qəribə adam (film, 1979)
Qəzəlxan (film, 1991)
Qiymətli tüstü (film, 1978)
Qızıl qaz (film, 1972)
Qocalar, qocalar... (film, 1982)
Qorunmağa möhtac qoruq (film, 1983)
Quraqlıq (film, 1985)
Leylək gözləyir (film, 1977)
Məhəbbətdən də artıq (film, 1975)
Məhəbbətin familiyası (film, 1977)
Mən ki gözəl deyildim (film, 1968)
Məntiqi sual (film, 1979)
Möhürlü yalan (film, 1983)
Mükafat, yoxsa... (film, 1980)
Münəccimin şagirdi (film, 1983)
"Müstəntiq və məntiq" (film, 1971)
Narazılıq (film, 1981)
Nəğməkar torpaq (film, 1981)
Nəsimi (film, 1973)
Nəsirəddin Tusi (film, 1984)
Nəticə (film, 1984) (I)
Nəticə (film, 1984) (II)
Nəticə (film, 1985) (I)
Nəticə (film, 1985) (II)
Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
Nizami (film, 1982)
O qızı tapın (film, 1970)
Od içində (film, 1978)
On yeddi yaşlı oğlan (film, 1986)
Ögeylik (film, 1985)
Ömrün İlk Saatı (1973)
Ötən ilin son gecəsi (film, 1983)
Ötür-ötür (film, 1980)
Pərvanələr (1985)
Reaksiya (film, 1981)
Sabaha ümidlə baxanlar (film, 1991)
Sahilsiz gecə (film, 1989)
Sayı çox... (film, 1981)
Sevinc buxtası (film, 1977)
Səbəblərdən biri (film, 1978)
Səhər (veriliş, 1995)
Simenslər Azərbaycanda (film, 1993)
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Skripkanın sərgüzəşti (film, 1972)
Söyüdlünün su dərdi (film, 1982)
Su axır, gözüm baxır (film, 1985)
Su niyə yoxdur? (film, 1983)
Sürpriz (film, 1977)
Şərikli çörək (film, 1969)
Taxtası və saxtası (film, 1982)
Tikdim ki, izim qala (film, 1997)
Tikən də biz, sökən də (film, 1981)
Tikilir, amma... (film, 1973)
Toral və Zəri (film, 1979)
Torpağa düşməsin havayı bir dən (film, 1983)
Tütək səsi (film, 1975)
Uşaqlığın son gecəsi (film, 1968)
Ürək... Ürək... (film, 1976)
Ütü də gözəllikdir (film, 1980)
Üzeyir ömrü (film, 1981)
Var olun, qızlar... (film, 1972)
Vulkana doğru (film, 1977)
Yalançını evinəcən qovarlar (film, 1981)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Yaşıl işıq (film, 1972)
Yeddi oğul istərəm... (film, 1970)
Yeganə çıxış yolu (film, 1980)
Yenə də inşaatçılar... (film, 1980)
Yol əhvalatı (film, 1980)
Yollar (film, 1972)
Yük (film, 1995)

Hiç yorum yok:

Yorum Gönder

Pages