Rəmziyyə Veysəlova aktrisa, Azərbaycan Respublikasının Xalq Artisti anım günüdür.




Rəmziyyə Osman qızı Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş, yeni tipli qız məktə-bində təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.

1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçmüşdür. Aktrisa orada üç ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiyeva” kimi çıxış etmiş, müəyyən təcrübə toplamış və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxmışdır. 1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlir və hər ikisi teatrın kollektivinə qəbul olunurlar.

Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran (“Özgə uşağı”, Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə (“Almaz”, “Od gəlini”, “1905-ci ildə” və “Nəsrəddin şah”, Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm (“Vaqif” və “Fərhad və Şirin”, Səməd Vurğun), Kəmalə, Sənubər (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Huri (“Məhəbbət”, Mirzə İbrahimov), Balisa, Marsela (“Kələkbaz sevgili” və “Nə yardan doyur, nə əldən qoyur”, Lope de Veqa), Natella (“Vətən namusu”, Georgi Mdivani), Dilşad, Nəzakət, Nurcahan xanım (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” və “Mənim günahım”, İlyas Əfəndiyev), Tükəz (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Xumar və Nina, Südabə (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Ayişə (“Şikayət qəbul olunmur”, Toktobolat Əbdülmöminov), Rəxşəndə (“Kişilər”, Altay Məmmədov), Məhsəti xanım (“Nizami”, Mehdi Hüseyn), Həkim (“Göz həkimi”, İslam Səfərli) və s.

Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olmuş Rəmziyyə Osman qızı Veysəlova 1955-ci il aprel ayının 30-da “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1958-ci il may ayının 20-də isə “Xalq artisti” fəxri adları ilə təltif edilmişdir. Aktrisa 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmiş və Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages