Nəcməddin Sadıkovla bağlı araşdırma başladı - Ordudakı yeni yeyinti faktları



Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb.

Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər şəxslərin barəsində araşdırma davam etdirilib. 

Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi, polkovnik Rəfael Xələfov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidməti rəisi olmuş, hazırda həbsdə olan Sadıq Hacıyev və digər şəxslərin barəsində cinayət işinin ayrıca icraata götürülməsi barədə qərar elan edilib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək istintaq orqanı tərəfindən müvəkkilinə 2 milyon 551 min manat məbləğində ittiham verildiyini qeyd edib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatının Ali Hərbi Məktəbdə, qalan məbləğin isə korpusda mənimsənildiyi qeyd olunub. Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham ifadələrlə uyğun gəlmir: "Bununla bağlı arayış hazırlamışam və onu məhkəməyə təqdim edəcəm".

Hakim isə deyib ki, həmin arayış məhkəməyə təqdim edilsin, müşavirədə bu məsələyə qiymət veriləcək.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinə 18 milyon 674 min manat mənimsəmə ittihamı verilib: "Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsinə ümumilikdə 2015-2021-ci illərdə 16 milyon 84 min 837 manat əsassız ödənişlər edilib. Maliyyə yoxlamaları 2015-2020-ci illərdə aparılıb. Bu mənimsənilən məbləğlərin bir hissəsidə 2015-2017-ci illərdə Namiq Poladovun işlədiyi dövrə düşür. Namiq Poladovun şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı əlavə vəsatət verəcəm. O, məhkəməyə gətirilməlidir".

Daha sonra cinayət işində təqsirləndirilən şəxslərin və onların yaxın qohumlarının bəzi əmlaklarının üzərinə qoyulan həbslərin siyahısı açıqlanıb.

Məhkəmədə məlum olub ki, Cəlal Kazımova aid olan və üzərinə həbs qoyulmuş əmlakların bir neçəsi həbs olunmamışdan əvvəl müxtəlif şəxslərə sarılıb. Bununla bağlı Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmənin diqqətinə çatdırıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu verilərsə, əmlakların nə zaman alqı-satqı olunması ilə bağlı sənədlər aydınlaşacaq.

Daha sonra Cəlal Kazımovun vəkili bildirib ki, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Ramiz Tahirov Cəlal Kazımova qarşı şəxsi-qərəz göstərərək, onun işlədiyi dövrdə heç bir tənbeh və ya töhməti olmaya-olmaya istintaq orqanına mənfi xasiyyətnamə təqdim edib: "Biz yenidən həmin komandanlığa müraciət edərək yeni xasiyyətnamə verilməsini istəmişik. Yeni komandanın imzası ilə Cəlal Kazımova xidməti ilə bağlı xasiyyətnamə təqdim edilib. Həmin xasiyyətnamədə Cəlal Kazımov müsbət xarakterizə olunub".

Dövlət ittihamçısı bildirib ki, Cəlal Kazımovla bağlı iki xasiyyətnamə var, hər ikisi fərqlidir. O, məhkəmənin Hərbi Hava Qüvvələrinin rəhbərliyinə sorğu verilməsini, yeni xasiyyətnamə təqdim olunmasını istəyib.

Hakim Fikrət Əliyev bildirib ki, dövlət ittihamçısının vəsatəti təmin olunmur, hər iki xasiyyətnaməyə müşavirə otağında qiymət veriləcək.

Bundan sonra Nizami Məmmədovun vəkilləri məhkəməyə onun xidməti dövründə təltif olunduğu medalların siyahısını təqdim ediblər.

Həmin siyahıdan məlum olur ki, general dəfələrlə Müdafiə Nazirliyinin yubileyi və Vətən uğrunda medalları ilə təltif olunub.

Vəkillər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.

Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Hakimlər heyəti Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədlərin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər.

Növbəti proses avqustun 30-da davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb



Hiç yorum yok:

Yorum Gönder

Pages