İnzibati tənbeh və inzibati həbs nədir və necə tətbiq olunur?




Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteran, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


 Paylaş:Hər hansı bir hüquq pozuntusu törədildikdə, bu müəyyən hüquqi məsuliyyətə səbəb olur. Məsuliyyətin bir növü olaraq inzibati məsuliyyət şəxsin inzibati xəta törətməsi zamanı meydana gəlir.
Gəlin əvvəlcə inzibati xətanın nə olduğuna diqqət yetirək.
İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Düzdür, həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır. Bununla yanaşı, inzibati xəta da cinayət kimi qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Bu əlamətlər onları bir-birinə yaxınlaşdırır. Lakin cinayətlə inzibati xəta tam fərqli anlayışlardır. Belə ki, hər hansı qanunpozuntusunda və ya xətada cinayət tərkibi olarsa, belə əməllər cinayət sayılır. Əks təqdirdə, bu əməllər inzibati xəta hesab olunur və inzibati qaydada tənbeh olunmaqla inzibati məsuliyyətə cəlb olunur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta anlayışı konkret olaraq müəyyən edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
İnzibati məsuliyyət nədir?
İnzibati məsuliyyət inzibati xəta törədən şəxsin barəsində dövlət məcburetmə tədbirlərinin tətbiq edilməsidir. Dövlət məcburetmə tədbirləri hüquq normalarında yəni, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin sanksiyalarında inzibati tənbeh formasında müəyyən edilir.
İnzibati Xətalar Məcəlləsində 7 növdə inzibati tənbeh müəyyən edilmişdir: 1.xəbərdarlıq;
 2. inzibati cərimə;
 3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
 4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;
 5. ictimai işlər;
 6.Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 
7. inzibati həbs.
Qeyd edək ki, həm fiziki şəxslər, həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər.
İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.
Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
İnzibati həbs nədir və necə tətbiq olunur?
İnzibati həbs, yalnız müstəsna hallarda İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.
Qeyd edək ki, inzibati həbs aşağıdakı şəxslər barəsində tətbiq edilə bilməz:
- hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar
- on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər
- on səkkiz yaşına çatmayan şəxslər
-orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər
- 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər
- altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər
- İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar (Hərbi xidmət əleyhinə olan inzibati xətalar) istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular
Nəzərinizə çatdıraq ki, inzibati həbs yalnız əsas inzibati tənbeh növü kimi və yalnız məhkəmə tərəfindən tətbiq edilir.
İnzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.
Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, istisna hallarda isə 48 saatadək müddətə inzibati qaydada tutula bilər.
İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.
İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya İXM-nin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir.
İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.
İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır.
Onu da qeyd edək ki, hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir və bu qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur.

Hiç yorum yok:

Yorum Gönder

Pages