II Dünya müharibəsinin neçə azərbaycanlı veteranı sağdır, nə qədər pensiya alırlar?



Məlumdur ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 300 mindən çox azərbaycanlı da iştirak edib. Müharibənin bitməsindən 80 ilə yaxın vaxt keçib, bəs ölkəmizdə Böyük Vətən müharibəsində iştirak edən veteranların sayı və aldıqları sosial müavinətlər nə qədərdir?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili Modern.az-a bildirib ki, Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən biri də 1941-1945-ci illərdə olmuş İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsidir.

"Hazırda ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarının sayı 28 nəfərdir. Ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı həyata keçirilib.

Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları Prezidentin aylıq təqaüdləri (əlillik dərəcəsinə uyğun 500 manat, 400 manat və 330 manat məbləğində, əlavə olaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində) və aylıq pensiya (ölkəmizdə yaşa görə orta aylıq pensiya məbləği 525 manatdır) ilə təmin olunurlar.

Böyük Vətən müharibəsi iştirakçılarının pensiyası onların sığorta göstəricilərinə uyğun olaraq müxtəlif məbləğdə müəyyən edilib və pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb”.

DSMF rəsmisi onu da vurğulayıb ki, ölkə başçısı tərəfindən hər il 9 May – Faşizm üzərində Qələbə günü ərəfəsində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncamlar imzalanır.

"Bu il də  2 may 2024-cü il tarixli sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat, sərəncamda nəzərdə tutulan digər şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib”, - deyə o bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages