Bu gün Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür


Bu gün Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür

Bakı, 4 avqust, Emil Məlikov, AZƏRTAC

Bu gün Azərbaycanın tanınmış, görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasından 108 il ötən unudulmaz səhnə ustası Məmmədrza Şeyxzamanov Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır.

1915-ci il avqustun 4-də Gəncədə anadan olan sənətkar 2 yaşında ikən atasını itirib. Ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olub. Repressiya illərinin ən ağır sınaqlarından keçən ailə həmin dövrün çətinliklərinə məruz qalıb. M.Şeyxzamanov ibtidai təhsil aldığı müddətdə şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənib.

Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz toxumlarını səpməkdə idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olub. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olub. Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyib. Çalışdığı dövrdə “Vaqif”, “Fərhad və Şirin”, “Yaşar”, “İki qardaş” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb və sevilib. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edib ki, obrazın xarakterini aça bilib. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi olub. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət idi.

M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxıb. Bununla da kino yolunda ilk uğurlu çıxışı olub. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə böyük sənətkar Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır” musiqili komediya filmində Şirin kişi rolunda çıxış edib. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asan olub və hamıya xoş təsir bağışlayıb.

1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rejissor Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik M.Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən olub.

Qeyd edək ki, Xalq artisti Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat edib.


Hiç yorum yok:

Yorum Gönder

Pages