Bakı, 12 avqust, AZƏRTAC
Hər il avqustun 12-si Beynəlxalq Gənclər Günü kimi qeyd edilir. 1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci ildən qeyd olunur.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərini, doğma ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadır.
Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir. Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bugünkü uğurlu davamı gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyinin qorunub möhkəmləndirilməsi, onun inkişafı, ərazi bütövlüyünün təmin edilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişafı, əhalinin sosial problemlərinin həlli, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması yolunda görüləcək bu əzəmətli işlərin həyata keçməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür.
Hələ 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilmişdi. Müasir ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi müəyyən olunub.
Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, dövlət proqramlarının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradırdı.
Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlayıb. Dövlətin gənclərlə bağlı siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində əməli işlər görülüb.
Bundan əlavə, Ümummilli Lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların milli ruhda tam yetkinləşməsinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini də öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlib. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir. Fondun prezidenti Mehriban Əliyeva Ulu Öndər tərəfindən əsası qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.
Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut ediblər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Bütün bunlar bir daha sübut edir ki, dövlət gənclərə diqqət və qayğısını əsirgəməyəcək, həm onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, həm də cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək.
Prezident İlham Əliyevin gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında Sərəncamı gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu. Prezidentin digər bir Fərmanı ilə Gənclər Fondu yaradıldı.
Dövlətimizin başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. 2007-ci il Azərbaycanda “Gənclər ili” elan edildi və bu çərçivədə silsilə tədbirlər həyata keçirildi.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il də idmançılarımız üçün məsuliyyətli il oldu. Onlar 2012-ci ildə London Yay Olimpiya Oyunlarında uğurla çıxış etdilər. Azərbaycan bu Olimpiadada idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki Olimpiya oyunlarındakı uğurlarını yenilədi.
Azərbaycan artıq çox mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. İdman sahəsində reallaşdırılan dövlət siyasəti nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Bakıda bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir. 2012-ci ilin sentyabrında Azərbaycan 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatına böyük müvəffəqiyyətlə ev sahibliyi etdi. 2016-cı ildə Şahmat Olimpiadası və “Formula-1” üzrə yarışlar keçiriləcək. 2017-ci ildə isə Azərbaycan dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu barədə qərar 2013-cü il iyulun 21-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci Baş Assambleyasında qəbul edilib.
2012-ci il dekabrın 8-də isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərar qəbul olundu. Bu, ölkəmizdə idman sahəsində görülən böyük işlərin nəticəsi, eyni zamanda, Avropa Olimpiya ailəsinin Azərbaycana verdiyi yüksək qiymət idi. Azərbaycan iyunun 12-dən 28-dək dünyanın 50 ölkəsindən 6 min idmançının 20 idman növündə mübarizəyə qatıldığı birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi etdi. 17 gün müddətində davam edən ilk Avropa Oyunlarında Azərbaycan idmançıları tarix yazmağa nail oldular. Onlar yarışlarda 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazandılar. Medalların sayına görə Azərbaycan ilk Avropa Oyunlarında ikinci yeri tutdu. Bu, Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara göstərdiyi davamlı diqqət və qayğının nəticəsidir.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Hiç yorum yok:
Yorum Gönder