Xatirəyə dönmüş ömür




 Uzun  ömür sürmək hər adama qismət olmur.Təkcə uzun ömür yox ,həm də mənalı , dəyərli ömür sürməyin səbəbi , bəlkə bu də təmizliyin, saflığın içində yaşamaqdan  daha çox, o saflığı, təmizliyi öz içində yaşatmağı bacarmaqdır.
Doğma ata - baba yurdu 30 il yağı tapdağı altından qalmış bir el ağsaqqalınin  təmkini, dözümü gənclərə bir nümunədir 
Müdrik yaşında Qubadlı rayon Ağsaqqallar Şurasının sədri olan  filoloq, pedaqoq, müəllim,  jurnalist , dövlət xadimi Hacı Azad Hacıyevin   dəyərli məsləhətləri  sayəsində qorxmaz, vətənpərvər  gənclər yetişdi.
Həmin gənclər Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı yağı tapdağından azad etdilər.
Torpaqlarımızın işğaldan azad olunması vətənpərvər övladlar böyütmüş  Azad müəllimi sonsuz dərəcədə sevindirdi. 
Azad müəllimin vəfat etməsi xəbəri Hacıyevlər nəslinin tanıyan hər kəsi kədərləndirdi.
 Qubadlı rayonun Qaracallı kənd sakini, uzun illər rayonda müxtəlif məsul  vəzifələrdə çalışmış, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, ağsaqqal  Hacı Azad  Hacıbaba oğlu Hacıyev ömrünün müdrik cağında  dünyasını dəyişmişdir.
Mərhumun 3/7 mərasimi 18 iyun 2024-cü il tarixdə Bakı şəhərində, Heydər Məscidində təşkil olunmusdur.
Hüzn mərasiminə gələn insan axınının ardı - arası kəsilmirdi.
Bütün bunlar el ağsaqqalına olan  hörmətin  əlaməti idi.
Evin böyük övladı Elman Hacıyev məclisdə iştirak edənlərə öz təşəkkürünü bildirirdi. 
 Hacı Azad Hacıyev Bakı şəhərində, Fəxri xiyabanın yanındakı  qəbristanlıqda dəfn olunaraq torpağa tapşırılmışdır.
Şərəfli bir ömür yaşamış Azad  Hacıbaba oğlu Hacıyev 29 sentyabr 1929-cu ildə Qubadlı rayonunun  Qaracallı kəndində ziyalı ailəsində  anadan olmusdur.
Atası Hacıbaba Hacıyev uzun illər İmişli və Qubadlı rayon partiya komitəsinin katibi, Xanlıq və Muradxanlı kənd orta məktəblərində direktor vəzifəsində ləyaqətlə işləmiş, Əməkdar müəllim  fəxri  adına layiq görülmüşdür.
Azad müəllimin böyük bacısı Yaxşı xanım evdar qadın olmuş və vətənpərvər övladlar böyüdüb ərsəyə gətirmişdir.
Azad müəllimin kiçik qardaşı Məhəmməd Hacıyev isə Bakı Dövlət Universitetində riyaziyyat müəllimi, tanınmış alim olmuşdur.Son dərəcə bilikli , vətənpərvər ziyalı olan Məhəmməd Hacıyev cavan ikən dünyasını dəyişmiş , arzuları yarımçıq qalmışdır.
Mərhum qələm dostumuz yazıçı- jurnalist Mehdi Mükərrəmoğlunun 2004- cü ildə yazdığı " Bir nəslin manifesti"  kitabında  Zəngəzur mahalında böyük ad- san qazanmış Hacıyevlər nəslinin ayrı- ayrı nümayəndələri haqqında  geniş, əhatəli və maraqlı  məlumatlar verilmişdir.
Azad Hacıyev  o dövrün çətinliklərinə baxmayaraq  orta məktəbi  uğurla bitirmiş, ali təhsilini Azərbaycan Pedaqoji Universitetində (APİ) almışdır. Əmək fəaliyyətinə başladığı ilk vaxtlardan məsul vəzifələrdə çalışmışdır. 
1948-1949 dərs ilində Qaracallı kənd tam orta məktəbində müəllim, 1949-1956-cı illərdə İmişli rayonunda "İmişli kolxozçusu"  qəzetinin redaktoru və 
 Azərbaycan Teleqraf Agentliyinin zonalar üzrə  xüsusi müxbiri, 1956-1963- cü illərdə Zəngilan-Qubadlı rayon Partiya Komitələrində təlimatçı-şöbə müdiri, 1964-1973-cü illərdə Qubadlı Kino idarəsinin müdiri, 1973-1982-ci illərdə Qara İlyasov adına Qubadlı qəsəbə 1saylı məktəbin direktoru , 1982-1991-ci illərdə Qubadlı şəhər Xalq Deputatları Sovetinin sədri, 1991-1993-cü illərdə isə Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə RİHB-nın nümayəndəsi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının üzvü olmuşdur.
Azad Hacıyev hər zaman dövlətə, dövlətçiliyə bağlı olmaqla vətənpərvərlik və milli mənəvi dəyərləri həmişə uca tutmuşdur.
Onu da qeyd edək ki, Azad Hacıyev müqəddəs Həcc ziyarətində olmuş , dinə, imana bağlı şəxs olaraq dünya görüşü ilə çoxlarından  seçilmişdir.
Dürüstlüyü, tələbkarlığı və işgüzarlığı ilə geniş hörmət qazanmış Azad müəllim mehribanlığı və insani keyfiyyətləri ilə böyük nüfuz qazanmışdır.
Onu da qeyd edək ki, Azad müəllim köklü nəslin nümayəndəsi olan Klara xanımla  ailə qurmuş və bu izdivacdan üç oğlu və bir qızı dünyaya gəlmişdir. Övladlarını vətənpərvər ruhda  böyüdərək boya- başa çatdırmış, nəvə- nəticə sahibi olmuşlar.
Klara Salam qızı Azərbaycan Tibb İnstitununu müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Qubadlıya gəlir və erməni quldurları tərəfindən rayonun  işğal olunduğu  1993- cü ilə qədər , düz 35 il rayonda  həkim işləyir , nəinki rayonda ,respublikada böyük hörmət qazanır.Rayonda işlədiyi dövrdə bir nəfər də olsun uşaq ölümünə rast gəlinməmişdir.Bütün bunlar Klara həkimin savadı, biliyi, iradəsi və cəsarəti sayəsində olmuşdur.
Qələm dostumuz mərhum yazıçı, jurnalist Mehdi Mükərrəmoğlunun " Bir nəslin manifesti" kitabında Hacıyevlər nəslinin ayrı- ayrı nümayəndələri haqqında geniş məlumat verilmişdir.
Klara həkim 35 il işlədiyi Qubadlı r xatirələrindən   yazır:" Mən həm ginekoloq idim, həm pediatr, həm də müalicə həkimi kimi də fəaliyyət göstərirdim.
Gecəmiz gündüzümüz yox idi.Bir dəfə difteriyaya tutulmuş bir oğlanı gətirmişdilər.
Sağalmağına ümid yox idi.Yavaş- yavaş müalicə etməyə başladım.Öyrəndiklərim kara gəlirdi.Hərdən də  tibbi kitabları təkrar vərəqləyirdim. 40  gün xəstəni müalicə etdim .Axırı ki, o oğlanı sağaltdım.Qubadlı işğal olunanda mən Xanlıq hospitalında çətin şəraitdə işləyirdim.Hər gün onlarla yaralı gətirirdilər. Kəlbəcərdən bir yaralı gətirmişdilər.Çoxlu qan itirmşmişdi.Ölümlə əlləşirdi.Qan qrupu  nadir olduğundan vəziyyəti çətin idi.Eşidən kimi özümü yetirdim.Axı,mənim də qanım  ıv qrupdur! 500 qram qan verdim.Yaralı gözünü açdı və sağaldı.
Həyatın bütün çətinliklərini görmüş Klara həkimi tez- tez qonşu rayonlara xəstə yanına da aparırdılar.Söhbət düşəndə Klara həkim ömür- gün yoldaşına təşəkkürünü bildirdi ki, mənim sərbəst işləməyinə şərait yaradan Azad müəllim idi.
1993- cü ildə  məcburi köçkün olaraq Bakıya gələn Klara həkim dərhal işlə təmin olundu. 7 il 4 saylı Qadın məsləhətxanasının müdiri işlədi.Səhiyyə naziri ona yüksək vəzifələr təklif etsə də , Klara həkim " Azərsu tikinti "xəstəxanasında işləməyə üstünlük vermişdir.
    Yaxşı yadımdadır.Bir neçə il əvvəl Klara həkim dünyasını dəyişərkən Azad müəllimə zəng edərək baş sağlığı verdim.Azad müəllim dedi: “Qardaşoğlu ! Masazırda oluram .Bizə gələrsən”
       Məni çox mehriban qarşılayan Hacı Azad müəllim  söhbətə başladı :”Bala, mən İmişlidə qəzet redaktoru olarkən, atan İlyas Allahverdiyev  " Kommunist" qəzetinin zonalar üzrə xüsusi müxbiri idi.Felyetonları Respublikada səs salırdı.Biz bir ailə kimi  çox mehriban dost olmuşur.Dədəm Hacıbaba müəllimlə də dost olub “
Söhbətə müdaxilə etdim:
__ Atam Muradxanlı kənd orta məktəbində oxuyarkən Hacıbaba müəllim ona dərs deyib.1972- ci illərdə İlyas müəllim Muradxanlı ilə Xəndək kəndi arasında yerləşən " Dəvədərə" deyilən yerdən- Seyid Babışın məzarı istiqamətindən  Həkəri çayının o tayına- doğulduğu kəndinə körpü tikdirərkən başı çox qalmaqal çəkmiş, Moskvadan sevimli müəllimi Hacıbaba Hacıyeva şeirlə bir məktub yazmışdı.
Sonralar İlyas Qəmgin 1997- ci ildə " Könül dəftəri " kitabına həmin şeir də daxil etmişdı.
        *** Desin  Həkəri ***                 
Keçmiş o günləri yada salıram,
 Vətəndən uzaqlar bilsin, ay əmi.
 Şagirdin olmuşam, ustad olmusan,
 Qoy dinsin Həkəri, desin ay əmi.

 Dolaşıb Muğanı, Mili gəzmisən ,
 Dostları duymusan, düşmən əzmisən.
 Elin  vüqarısan, mənim əzmimsən,
 Qoy bilsin Həkəri, desin,ay əmi.

 Min qılınc kəsərli sözlərin olub,
 Həkəritək çoşub, çağlayıb ,dolub,
 Demə olan olub, o güllər solub,
 Qoy coşsun Həkəri, desin, ay əmi.

 Ha de, şahinimsən, çalırsan qanad,
 Demə əyləncəymiş vəfasız həyat.
 Axıb hey gedirik, qalır quru ad,
 Qoy dinsin Həkəri, desin, ay əmi.

   Sən böyük bir nəsli təmsil edibsən,
 Öyrədib bizi də əsil edibsən.
 Demə qocalmışam, artıq gedibsən,
 Qoy axsın Həkəri, desin, ay əmi.

 Güllü baxçamızda bir qala hördüm,
 Hər gülün dəstəsin Azalda böldüm.
 Səni kəndimizdə kövrəlmiş gördüm,
 Kövrəlsin Həkəri, desin, ay əmi,
 Qoy solsun Həkəri, bilsin, ay əmi.

       Azad əmiylə xeyli söhbət etdik. Klara həkimdən  ürək yanqısıyla  danışdı. Süfrəyə gözəl nemətlər düzüldü.
":Həkəri"  qəzetinin növbəti sayında Klara həkimin vəfatı ilə bağlı məqaləm dərc olundu.Azad müəllim söhbət düşəndə dövlətdən maliyyələşməyən, redaktorun təqaüdü hesabına çap olunan  qəzetimizi çox tərifləyərdi.
30 il Respublika Statistika Komitəsində Həmkarlar təşkilatının sədri işləmiş  
 Elbrus Quliyevin dediklərindən; 
" Yaxşı yadımdadır, orta məktəbdə oxuyarkən Klara həkim kəndlərə gələrək kənd əməkçiləri ilə səyyar görüşlər keçirər, gənc analara dəyərli məsləhətlər verərdi.Son dərəcə mehriban, savadlı  və qayğıkeş insan idi.
Klara həkimin ömür gün yoldaşı Azad Hacıyev Qubadlı rayon Sovetinin sədri olarkən məktəblərin tikintisində, kənd təsərrüfatının inkişafında əzmlə çalışmışdır.
Azad müəllimin atası Hacıbaba Hacıyev Muradxanlı kənd orta məktəbində mənə tarix və ictimaiyyət fənlərindən dərs demişdir.Çox tələbkar və bilikli müəllim idi.
Onu da bildirim ki ,babam Qulu Əsədov Muradxanlı kənd orta məktəbində vaxtilə direktor işləyərkən Hacıbaba müəllim də bu məktəbdə  dərs demiş, sonra Xanlıq kənd orta məktəbində direktor işləmiş və yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq partiya təşkilatlarında rəhbər vəzifələrdə ləyaqətlə , vicdanla , dürüst işləmiş , respublikada böyük hörmət qazanmışdır”
Azad müəllimin böyük oğlu həkim ekspert Elman Hacıyevin dediklərindən: 
" Mən həmişə qürur duymuşam ki, hörmətli şəxsiyyətlərin törəməsiyəm .
Yaxşı yadıma gəlir.Tələbə olarkən professor Gürşad Hüseynov bizdən  imtahan götürürdü. Biləndə ki, Qubadlıdanam,soruşdu ki, kimlərdənsən ? 
Dedim ki,Hacıbaba Hacıyevin nəvəsiyəm.Dedi:- Qiymət kitabçanı ver, sənə "5" yazacağam. 
    Bildirdim ki, professor, imtahana yaxşı hazırlaşmışam, cavab verə bilərəm.
Cavab verdi ki, oğlum, bəs Hacıbabanın nəvəsi  yaxşı hazırlaşmalıdır da...
Sənin baban böyük şəxsiyyətdir." 
Onu da qeyd edim ki,Elman Azad oğlu uzun illər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Nərimanov  rayon şöbəsinin rəisi vəzifəsində ləyaqətlə işləmişdir.
Ali dərəcəli ekspert adına layiq görülən Elman həkim Qarabağ münaqişəsinin başladığı dövrdən həmişə hadisələrin içində olub .Şuşada çalışan istintaq qrupunda ekspert- həkim kimi fəaliyyət göstərib.Müharibə veteranıdır.
Hacıyevlər harada olurlarsa, öndə gediblər.Hacı Əbdülrəhmandan, Hacı Namazdan, tutmuş, Hacıbaba müəllimə,Azad müəllimə, Məhəmməd müəlliməcən hamısı el- obada, dost - tanış yanında, qohum- əqraba arasında söz yiyəsi,söz sahibi olublar.Elman həkim də, övladları da  sələflərinin ardınca uğurla gedirlər.
Hacı Azad müəllimin ikinci oğlu Elşad Hacıyev Bakı Dövlət Universitetinin geologiya fakültəsini bitirmiş , bir müddət Zərgərlik zavodunda işləmişdir 1998- ci  ildə Moskvaya gedərək   bizneslə məşğul olur. 
Elşad Hacıyev Moskvaya Hacı kimi gedib.
Hacıyevlər nəslində Hacı Əbdülrəhmandan, Hacı Namaz və Hacı Babadan sonra müqəddəs Həcc ziyarətinə getmiş dördüncü tirə Azad müəllimlə  oğlu Elşaddır.
Ata- bala 1998- ci ilin mart ayında Kəbəni ziyarət ediblər.Müqəddəs ziyarətgahda Allaha dua ediblər ki, torpaqlarımız yağı taptağından azad olunsun.
Hacı Elşad Hacı Azad oğlu ikinci dəfə 1999-cu ildə Kəbəni ziyarət etmişdir.
Hər dəfə  söhbət düşəndə Hacı Elşad deyir ki, hansısa cazibə qüvvəsi məni Məkkəyə dartıb aparır.
Həqiqətən də İslama elmi cəhətdən yanaşmaq lazımdır.İslam örnəkdir, nurlu yoldur,islamda döngə, dalan yoxdur, çünki o birbaşa
 ziyadır.
Hacı Azad müəllimin üçüncü oğlu Rövşən Hacızadə Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirdikdən sonra polis sıralarında xidmət edib.
Çevik polis alayının tərkibində Qarabağda düşmənə qarşı vuruşub,
Şuşanın müdafiəsində fəal iştirak edib.Ölümün cəngindən qurtulub və təsadüf nəticəsində sağ qalıb.
Erməni quldurlarının Şuşaya  atdığı top mərmisi Rövşən gilin birbaşa yerləşdiyi yerə düşüb.
Zərbənin dalğası Rövşəni vurub kənara tullayıb .
Üstünə tökülən torpaq ona tərpənməyə imkan verməyib. Döyüş yoldaşları xeyli axtardıqdan sonra Rövşəni torpağın altından tapıblar.
Komandiri deyirmiş ki, anan namaz üstəymiş,yoxsa  hələm- hələm adam  burdan sağ çıxmazdı.
Azad müəllim də deyirmiş ki, görünür anasının və mənim camaata etdiklərimiz yaxşılıqlar ovsanata düşüb.
Birinci vətən müharibəsində bu qardaşlar başda Azad müəllim olmaqla camaata çox köməkliklər etmiş və köçkün düşmüş soydaşlarımıza  təmənnasız yardımlar etmişlər.
Bu gün də bu qardaşlar xeyriyyəçilik missiyasını davam etdirirlər.
Hacı Azad Hacıyevin istəkli qızı Mehriban Quliyeva Tibb İnstitunu müvəffəqiyyətlə bitirmiş  və anasının yolunu şərəflə davam etdirmişdir.
Mehriban Quliyeva 450 nəfərlik böyük bir kollektivə rəhbərlik etmiş və Respublika Doğum evinin baş həkimi vəzifəsində vicdanla  işləmişdir.
Mehriban xanım bu məsul vəzifəyə çox gənc yaşlarından təyin edilmişdir.Bu yaşda belə təşkilatçılıq qabiliyyəti həqiqətən də qibtəedicidir.Amma yada salanda ki, Mehriban xanımın babası Hacıbaba Hacıyev lap yeniyetmə çağlarında Qubadlının Qaracallı kəndindən Kəlbəcərin Ağca kəndinədək 138 kilometr yolu payı- piyada gedib, orada məktəb açıb, atası Azad müəllim həmişə geridə qalmış sahələrə təhkim edilib və az vaxta oranı dirçəldib, anası Klara xanım Qubadlı kimi ucqar yerdə təkbaşına illərlə əziyyət çəkib, insanlara şəfa verib, bibisi Şırqiyyə xanım Zəngilanın Məmmədbəyli kəndində heç nədən xəstəxana yaradıb, ta  Zəngilanın işğalınacan orada  baş həkim işləyib, onda Mehriban xanımdakı enerjinin, istedadın, işgüzarlığın  haradan kök aldığının  , haradan rişələndiyinin fərqində olursan...
Biz hələ Mehriban Quliyevanın xeyriyyəçilik fəaliyyətindən söhbət açmırıq.
Özü demişkən;" Sağ əlin verdiyini sol əl bilməməlidir."
Hacıyevlər nəslinin  xeyirxahlığı və insani keyfiyyətləri  haqqında inanıram ki , gələcəkdə də  kitablar  yazılacaqdır.      
  Nə yaxşı ki Azad müəllimin 90 illik yubileyi dövlət səviyyəsində Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə qeyd edildi. İyul ayının 25- də Hacı Azad Hacıyevin vəfatının 40- cı günüdür.
Ruhun şad, məkanın cənnət olsun Azad müəllim!
 İllər , fəsillər ötəcək .
Hacı Azad Hacıbaba oğlunun əziz xatirəsi doğmalarının, dostlarının, onu tanıyanların qəlbindən  silinməyəcək və el ağsaqqalından söhbət düşəndə, ehtiramla xatırlanacaqdır.
Rauf İLYASOĞLU,
" Həkəri" qəzetinin baş redaktoru,
Şair- publisist .

Hiç yorum yok:

Yorum Gönder

Pages