Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Vərəsəlik münasibətləri necə tənzimlənir.
Paylaş:Vətəndaşları ən çox maraqlandıran suallardan biri də vərəsəlik məsələsidir. Doğrusu, vərəsəlik mövzusu çox genişdir.Aşağıdakı şəkildə izahını verirəm.
Vərəsəlik Azərbaycan Respublikasının Mülki Məcəlləsində geniş izahı qeyd edilmişdir. Vərəsəlik məsələsi vəfat edən şəxsin adına olan mənzilin vərəsələr tərəfindən rəsmiləşdirilməsi üçün ilk öncə icra nümayəndəliyindən, JEK - dən, MİS - dən vərəsəlik arayışı alındıqdan sonra vərəsələr qohumluq faktını təsdiq edəcək sənədləri yəni doğum şəhadətnamələri, şəxsiyyət vəsiqələri ilə birlikdə Notariat xidmətə və ya ərazi üzrə asan xidmətə müraciət etməlidir. Vəfat edən şəxsin mənzilinin çıxarışı yoxdursa bu zaman notariat xidmətdən məktub almalı DƏDRX - nə təqdim etməli vəfat edənin adına çıxarış aldıqdan sonra notariat xidməti tərəfindən vərəsəlik şəhadətnaməsi almalı sonra isə DƏDRX- nin ərazi üzrə idarəsinə təqdim edib vərəsəlik şəhadətnaməsində kimin adı qeyd edilibsə həmin şəxs öz adına çıxarış ala bilər. Bir şəxsin adına rəsmiləşdirilməsi üçün isə digər vərəsələr öz payından imtina etdikdə mümkündü. Vərəsələr arasında razılıq olmadıqda notariat xidmətdən imtina alıb məhkəməyə müraciət edərək payların bölünməsini istəyə bilərlər. Vəfat edən şəxsin atası, anası, əri (arvadı), övladları birinci növbəli vərəsidirlər. Əgər əmlak nikah dövründə alınıbsa ərə (arvada) digər vərəsələrə münasibətində daha çox pay düşür. Digər məsələ isə əmlak vəsiyyət edilsə belə digər vərəsələlərin məcburi payı mövcuddur. Digər məsələ isə Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Vərəsə ola bilməzlər:
-Ləyaqətsiz vərəsə -- (Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin).
- Boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyət-- (Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər).
- Vərəsə ola bilməyən valideynlər - (Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin).
Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə -- (Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər).
Hiç yorum yok:
Yorum Gönder