H.Cəbrayılov 1949-cu ildə Tehranda dünyaya gəlib. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. 1964-cü ildə Bakıdakı 39 saylı məktəbdə orta təhsilini başa vuran H.Cəbrayılov 1968-ci ildə Rabitə Texnikumunu bitirib. Təhsilini Dövlət Politexnik İnstitutunda davam etdirib.
Aktyorluğa həvəsi onun yolunu Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsindən salıb. Burada 3 illik kurs bitirən aktyor həmçinin Tofiq, Əhməd və Abbasquluağa Bakıxanovlar haqqında iki kitabın, "Gül bir az" parodiyalar toplusunun və bir sıra digər nəşrlərin müəllifidir. 1980-ci ildən 2005-ci ilədək müxtəlif yarışmaların, o cümlədən Moskva "Beynəlxalq Tələbə baharı-80", İrəvan "Tələbə baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi olub. Hazırda Azərbaycan Televiziyasında çalışan H.Cəbrayılovun buradakı işi, özünün də dediyi kimi, son 110 ildən bərini əhatə edən, fondda saxlanılan kasetlərin axtarışı, köçürülməsi və bərpasından ibarətdir. Həmkarlarının dediyinə görə, o, bu sahənin əvəzolunmaz bilicisidir. Bu işdə onun qeyri-adi yaddaşının da rolu az deyil. H.Cəbrayılov həmin kasetlərə saniyə-saniyə annotasiya yazmaqdan xüsusilə zövq alır. Daim içərisində olduğu mövcud arxiv materialları həmçinin sənətkara bir çox sənət korifeyləri haqqında kitablar qələmə almaqda da yardım edib.
Uşaqlıqda yaxşı səsi olduğu üçün elə o vaxtdan tanınmış xanəndələrin ifasına bənzər şəkildə oxuyarmış. Amma sonralar özü də fikir verib görüb ki, təkcə bir nəfərin deyil, maraq göstərdiyi bütün musiqi xadimlərinin ifasına oxşar parodiyalar etməyi bacarır. Elə bu bacarıq da H.Cəbrayılovun fəaliyyət yolunun müəyyənləşməsinə ciddi təsir edir: professional parodiyaçı olmaq. Parodiya sənətinin qanunlarına görə, əgər aktyor otuz faiz oxşada bilirsə, deməli, müvəffəqiyyətdir. Amma H.Cəbrayılov indiyədək etdiyi parodiyalarda bu faizi maksimuma yaxınlaşdırmağa çalışıb.
Azərbaycanda parodiyaçılığın zəif inkişaf etdiyini bildirən H.Cəbrayılov bunu bizdə belə bir sənətə qeyri-ciddi yanaşılması ilə əlaqələndirir. Hələ tələbə ikən məni "lağlağı" adlandırırdılar. Halbuki dünyanın inkişaf etmiş ölkələrində güclü parodiya məktəbləri və bu məktəblərin məşhur yetirmələri var. Təəssüf ki, bizdə bu işə ciddi əhəmiyyət vermirlər". Azərbaycanda ilk professional parodist olduğunu deyən həmsöhbətim, yeri gəldikcə, müasir gülüşə və tamaşaçıları zorən güldürənlərə, ümumiyyətlə, efirdəki vəziyyətə münasibətini açıqladı: "Biri Volterə deyir ki, axmaq bir iş tutduğumu hiss etdikdə özümə o qədər gülürəm ki... Volter cavabında: "Onda de ki, ömrün başdan-ayağa şən keçibdir də..." - söyləyir. Bugünkü efir məkanında yumoru məhz belə "şən adamlar"a tapşırıblar. Zaman dəyişib, zövq və dünyagörüşlər yeni qədəm basdığımız bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılıb. Belə ki, hər şou-biznesə "yapışan" özünü sənətkar bilir, qafiyə toxuyan meyxanaçılar özlərini "Füzuli, Vahid yadigarı" hesab edirlər. Mədəniyyətimizin incisi olan mahnılar təhrifə uğradılır. Parodiyanın vəzifəsi belə əyintilərlə mübarizə aparmaqdır. Məhz buna görə Azərbaycanda parodiya məktəbini inkişaf etdirmək lazımdır".
H.Cəbrayılov indiyədək parodiya elədiyi şəxsiyyətlərin siyahısına dövlət rəhbərlərindən başlamış, müxtəlif peşə adamlarına, daha çox musiqi xadimlərinə qədər xeyli ad daxildir. Peşəkar estrada üçün parodiya janrı yaratmağı qarşısına məqsəd qoyan sənətkar texnikumda oxuyarkən müəllim və direktoru təqlid edirmiş, sonralar Politexnik İnstitutunda da, özünün təbirincə desək, "çıxarmadığı oyun qalmayıb". Hətta imtahanlarda telefonla zəng edib, tanınmış aktyorların səsi ilə özünü tapşırırmış. İxtisasca televizor təmirçisi olan parodiya ustasını xarab məişət cihazlarından daha çox, tamaşaçıları qıdıqlamadan ciddi mətləblərə güldürmək maraqlandırıb. Gülüşü insan ömrünü uzadan ən vacib faktorlardan hesab edən H.Cəbrayılov söhbətimiz əsnasında bir sıra məşhur şəxsiyyətləri, korifey sənətkarlardan Şövkət Ələkbərova, Sara Qədimova və Rübabə Muradovanı parodiya etməkdən də qalmadı. Sənətini ucuzlaşdırmaq istəməyən H.Cəbrayılov toylara getmədiyini xüsusi vurğuladı. Bu addımını toyların el məclislərindən daha çox diskotekaları xatırlatması, orada əsl sənət nümunələri əvəzinə bayağı, şit, aşağı əyarlı repertuar tələb olunması ilə izah etdi. Yarızarafat-yarıgerçək: "Belə yerdə pul qazanmaqdansa, elə "xroniki pulsuzluq xəstəsi" olmaq yaxşıdır" - dedi. Ancaq əvvəllər muğam korifeyləri ilə birgə el məclislərinə getdiyini bildirən H.Cəbrayılov onların əksəriyyətini parodiya etdiyini xatırlatdı. Sualımıza cavab olaraq, yalnız mərhum Hacıbaba Hüseynovu təqlid etmədiyini bildirdi: "Rəhmətliyin məndən xahişi olmuşdu ki, heç vaxt onu parodiya eləməyim. O səbəbdən də Hacıbaba Hüseynov parodiya etmək istəmədiyim yeganə sənətkardı".
"Ailədə davamçınız varmı?" sualına cavab olaraq sənətkar kiçik nəvəsində parodiya qabiliyyətini hiss etdiyini vurğuladı. Lakin aktyor sənətinə lazımi qiymət verilmədiyindən nəvəsinin onun yolunu davam etdirməsini arzulamır.
Dünya birinciliklərində qalib gəldiyi onlarla parodiyaçının hazırda öz ölkələrində xalq artisti, professor, yaxud incəsənət institutlarının rəhbəri olduğunu deyən yubilyar fəxri adının olmamasını özünə heç vaxt dərd etməyib. Amma istedadlı parodiya ustası hələ də qəlbində yaşatdığı yeganə arzusunu ifadə etməkdən özünü saxlaya bilmədi: "Fəxri adım olmasa da, videotekanın qızıl fondunda öz işimlə xalqımın mənəvi sərvətini qorumağa, bərpa edib, köçürüb, gələcək nəsillərə ötürməyə çalışıram. Bu, mənim üçün ən yaxşı addır. Heç bir fəxri adın təmənnasında deyiləm. Ancaq yaşımın bu çağında qəlbimdə bir arzum var ki, o da beynəlxalq aləmdə keçirilən yumor festivallarında Azərbaycanı yüksək səviyyədə təmsil etməkdir. İndiyədək iştirak elədiyim bir çox festivallara əsasən xeyirxah dostlarımın maddi vəsaiti hesabına getmişəm və şükürlər olsun ki, ölkəmizi layiqincə təmsil etmişəm. Ancaq yalnız maaşa baxan birisi kimi, təbii ki, indi dünyada keçirilən yumor festivallarına qatılmağa maddi imkanım yoxdur. Çox istərdim ki, beynəlxalq gülüş bayramlarında, yumor festivallarında dövlət xəttilə iştirak etməyim üçün şərait yaradılsın. Əgər mənə belə etimad göstərsələr, əminəm ki, yumor festivallarında Azərbaycanın adını daha da ucalda bilərəm, ölkəmizə mükafatlar, qızıl medallar gətirərəm. Bununla da dünya ictimaiyyətinə sübut edərik ki, Azərbaycan xalqının muğam, aşıq musiqisi kimi milli mənəvi sərvətləri ilə yanaşı, yumoru duymaq, qiymətləndirmək bacarığı da var və yüksək səviyyədədir".
Hiç yorum yok:
Yorum Gönder