Şəxsin mənzildən qeydiyyatdan çıxarılmasının hüquqi əsasları.



Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı,peşəkar hərbici və hüquqşünas polkovnik Salman Musayev  


Vərəsəlik hüququnun həyata keçirilməsi zamanı, o cümlədən mənzilin alğı-satqısı zamanı insanların ən çox üzləşdikləri problemlərdən biri də mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması məsələsidir.
Mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması müxtəlif amillərlə bağlı ola bilər: şəxsin həmin mənzildə formal olaraq qeydiyyatda olub uzun müddət orada yaşamaması; mənzilin alğı-satqı edilməsinə baxmayaraq keçmiş mənzil sahibinin ailə üzvlərinin qeydiyyatdan çıxmaması; ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq  keçmiş ailə üzvünün həmin mənzildə qeydiyyatda olması və s.
 Şəxs hansı hallarda qeydiyyatdan çıxarılır?
Şəxsin mənzildən qeydiyyatdan çıxarılmasının hüquqi əsaslarıı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun”un 9-cu maddəsində aşağıdakı formada müəyyən edilmişdir:
1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
3) ömürlük azadlıqdan məhrum edildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə- ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
 Bəs formal olaraq mənzildə qeydiyyatda olan şəxsi mənzildən necə qeydiyyatdan çıxarmaq olar?
Bunun üçün mənzilin mülkiyyətçisi ərazi aidiyyatı üzrə Polis İdarəsinə müraciət edərək şəxsin qeydiyyatdan çıxarılmasını tələb edə bilər. Əksər hallarda bu cür müraciətlərə Polis İdarəsi tərəfindən imtina cavabı verilir və məsələnin məhkəmə qaydasında həll edilməli olduğu bildirilir.
 Məhkəmə qaydasında şəxsi hansı formada qeydiyyatdan çıxarmaq olar?
Qeyd etdiyimiz kimi mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması üçün Polis İdarəsinə müraciət edilməlidir və yalnız Polis İdarəsindən imtina məktubu aldıqdan sonra mənzilin mülkiyyətçisinin inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməklə şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin icra edilməsinin Polis İdarəsinin üzərinə qoyulmasını tələb etmək hüququ var.
Əgər şəxsin qeydiyyatda olduğu mənzildən istifadə etmək hüququ varsa, bu halda ilkin olaraq şəxsin həmin hüququna xitam vermək lazımdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Bunun üçün ağlabatan miqdarda pul məbləği əvəzində şəxsin istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edilməlidir.
 Keçmiş ailə üzvünə, məsələn keçmiş gəlinə kompensasiya ödənilməlidirmi?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Göründüyü kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsində qeyd edilmişdir ki, ailə münasibətlərinə xitam verildiyi halda da şəxsin mənzildən istifadə hüququ saxlanılır. Bu isə o deməkdir ki, həmin şəxsləri qeydiyyatdan çıxarmaq üçün kompensasiya ödəməklə onların istifadə hüququna xitam vermək, daha sonra onların qeydiyyatdan çıxarılması üçün müraciət edilməlidir.
Bəs hansı halda keçmiş ailə üzvünə kompensasiya ödənilmədən onu qeydiyyatdan çıxarmaq olar?
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən  əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
Mənzil Məcəlləsində istifadə hüququ ilə bağlı məsələ Mülki Məcəllədən fərqli formada tənzimlənir. Yəni, Mülki Məcəllə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün istifadə hüququnun saxlandığını qeyd edirsə, Mənzil Məcəlləsi bunun əksini nəzərdə tutur.
Bu 2 normanın qarşılıqlı şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən  yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
Yəni, keçmiş ailə üzvünün mənzildən istifadə hüququ 2009-cu il oktyabrın 1-dək yaranıbsa, bu hüquqa xitam vermək üçün ona kompensasiya ödənilməlidir.
Əgər, şəxsin istifadə hüququ 2009-cu il oktyabrın 1-dan sonra yaranıbsa, həmin hüquq dövlət qeydiyyatına alınmasyıbsa, bu halda onunla mənzil mülkiyyətçisi arasında ailə münasibətinə xitam verildikdə onun istifadə hüququ saxlanmır və ona kompensasiya ödənilmir.
 Kompensasiyanın məbləği nə qədər müəyyən edilir?
Mənzildən istifadə hüququna xitam verilməsinə görə kompensasiyanın məbləği işin hallarından asılı olaraq dəyişir. Adətən, məhkəmələr şəxsin eyni şəraitli mənzildə qalması üçün 3 illik kirayə haqqının məbləğini ağlabatan miqdar kimi müəyyən edir.
 

Hiç yorum yok:

Yorum Gönder

Pages