Mədəniyyət paytaxtımızda bu dəfə Şuşa və Qarabağın “bədii bəyannamə”ləri yayımlandı
Ruhumuzun beşiyi – qəlbimizin tacı Şuşada zaman-zaman tariximizin silinməz-pozulmaz səhifələri yazılıb. Bu şəhər Səfəvilər dövlətinin süqutundan sonra Güneydə saray və ordu sürətlə farslaşdırılanda, türklük yavaş-yavaş arxa plana keçəndə, Azərbaycana yağmaçı münasibət tüğyan edəndə Arazın bu tayında həmin prosesə müqavimət qalası kimi salınmışdı.
Azərbaycan milli varlığını hərbi-siyasi baxımdan qoruyub yaşadan mərkəz olaraq Qarabağ xanlığı bu şəhərdə möhkəmlənib türk ruhunu bayraq kimi yüksəltmişdi. Qarabağ xanının vəziri, milli ruhumuzun poetik tərcümanı olmuş şair Molla Pənah Vaqif bu tarixi özünü qorumanın mənəvi atası olmuşdu. Bütün bunlara görə o vaxtdan Şuşa türk ruhunun həmişəyaşarlığının rəmzinə çevrilmiş, bizim günlərdə də milli və ümumtürk mədəniyyətinin rəmzi paytaxtı statusu qazanmışdır. Şair və dövlət xadimi Vaqif isə azərbaycançı məfkurənin ilkin daşıyıcılarından biri olaraq xalqımızın qəlbində əbədi ehtiram və ölməzlik qazanmışdır.
Düşmən qüvvələr min bir hiylə və xəyanətlə Qarabağı erməni millətçi-bölücülərinin murdar pəncəsinə təslim etdiyi 30 ildə Suşa bu itkinin ən qiymətli sərvəti, Vaqif isə ruhu ən çox incidilən tarixi simalarımızdan biri olmuşdu. Nəhayət, 2020-ci il noyabrın 8-də müqəddəs Vətən müharibəsində Şuşa müstəsna bir qəhrəmanlıqla azad olundu və Qəlbəmizin zirvəsi kimi milli varlığımıza qaytarıldı. O gün Azərbaycanda Zəfər Günü kimi rəsmiləşdi.
2021-ci ildə Şuşa “Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi. Şuşalı günlərimizdə milli özünəqayıdış addımları olaraq düşünülmüş və təntənə ilə gerçəkləşdirilmiş “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri ilk tədbirlər kimi bərpa olundu. 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edildi. 2023-cü ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” oldu. Bu il isə ICESCO ruhumuzun qibləsini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçdi.
İyulun əvvəllərində Şuşada siyasətçilər toplaşmış, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmiş, “Qarabağ bəyannaməsi” imzalanmışdı. İndi isə söz adamları – şairlər burada bədii bəyannamələrini elan edir – növbəti sənət “Qarabağnamə”ləri yazır, milli kimliyimizi vəsf edir, bu kimlik uğrunda mübarizə aparmış ölməz Vaqifin ruhunu şad edirlər...
Srağagün Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında avtobuslara minib Şuşaya yol aldıq. Növbəti Vaqif Poeziya Günlərinə gedirdik. Səfər yoldaşlarımızın hamısının üzü gülürdü. Böyük Zəfərdən sonra bir neçə dəfə Şuşada olan həmkarlarımız da elə bizim qədər fərəhli idilər. Onlardan biri dedi ki, Şuşaya hər səfər adama bir ilk təsiri bağışlayır. Bu, dağların tacı olan şəhərin özünəməxsus cazibəsi ilə bağlıdır. Şuşanın yolları adamı yormur. 5–6 saatlıq yolda, doğrudan da, yoruldum deyən olmadı.
Ata yurdum Yardımlı Şuşadan uzaq olsa da, dağları, qayaları ilə buralara çox bənzəyir. Buna görə də ucalıqlara elə də heyrətlənmədim, amma çox doğma gəldi mənə. Ana yurdum Laçın isə bura çox yaxındır. Necə deyərlər, əl uzatsan, çatar. Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarabağın general-qubernatoru, laçınlı Xosrov bəyin qardaşı Sultan bəy Şuşa qəza məktəbində oxuyub. Böyüyəndən sonra mərd igid kimi tanınıb.
Onun başçılıq etdiyi silahlı polis dəstələrinin bölgədəki müsəlman kəndlərinin qorunmasında misilsiz xidmətləri olub, Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilib. Sən demə, Sultan bəyin şairliyi də varmış. Mühacirət edəndə “Qarapalçıq” adlanan dağın zirvəsinə qalxıb, oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edərək, bayatı çağırıb:
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
Bax, bu duyğu və düşüncələrlə Şuşanı daha ürəkli gəzirəm, qəti nabələdlik hiss etmirəm. Şairlər Rafiq Yusifoğlu, Ramiz Qusarçaylı, Faiq Balabəyli ilə Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün abidələri önündə, qala qarşısında şəkil çəkdirirəm. Hər biri Şuşanın vəsfinə, sevgiyə dair gözəl şeirlər səsləndirir. Çağdaş klassiklərimizlə bağlı maraqlı əhvalatlar danışırlar. Başdan-başa şeir-sənət aurasına bələnirik.
2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin mərasimdə iştirak ediblər. O gün Şuşa şəhərində Molla Pənah Vaqifin büstü də layiqli yerini tutub.
Əsl cənnət guşəsi olan Şuşa artıq 4 ildir ki, özünün çox mübarək günlərini yaşayır. Şuşa azad ediləndə “Xalq qəzeti”nə yazdığım “Səndə vardır özgə lətafət, Şuşa!” adlı məqaləmdə zəfər qanadlı hiss və həyəcanlarımı belə qələmə almışdım: “Düz 28 il 6 aylıq ayrılıqdan sonra, nəhayət, Qarabağımız alındı, bu qədim mahalın ürəyi, ruhumuzun paytaxtı Şuşa işğaldan azad olundu. Milli heysiyyətimizin zədəsi getdi, qürurumuz bəraətini qazandı. Qələbə fişənglərindən gözümüzə işıq gəldi, belimizi dikəldib, ulduz-ulduz yanan yurd sevdasıyla yenə də bağrıbadaş olduq. Ruhumuz pərvaz elədi seyrinə həsrət qaldığımız Şuşamızın göylərində!”
Fikir verin, Şuşaya Azərbaycanın dövlət bayrağı məhz 9 Noyabr Dövlət Bayrağı Gününün astanasında sancıldı. Bu da xüsusi rəmzi məna daşıyır. 1992-ci ildə Xocalıda Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda 5 gün ac-susuz qalaraq təkbaşına döyüşən qəhrəman Natiq Qasımov (bu yaxınlarda hünər və qeyrəti Milli Qəhrəman adı ilə rəsmiləşdi) ölümə məhz bu gözəl bayrağa sarılaraq getmişdi. Ondan da neçə il qabaq unudulmaz şairimiz Fikrət Sadıq demişdi:
Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş
Varağı örtün üstümə…
Bu sətirlərin müəllifi isə “Şuşanı görmədim gözümdolusu” adlı şeirində təəssüflə yazmışdı:
Vaqifin məzarı qənimim olsun,
Şuşanın dağları taxtım olmadı...
İndi, budur, Zəfər yolu ilə Şuşaya gəlmişəm, Vaqifin yaşamış olduğu Saatlı məhəlləsini gəzir, məqbərəsini ziyarət edirəm. Təzə şeirimi oxuyuram:
Şuşa anam kimidi – çöhrəsi nurlu anam,
Oğlunun hünərindən şəstli, qürurlu anam.
Bulağından su içib süd kimi, zəm-zəm kimi,
Əzəmətli oluram mən sədri-əzəm kimi.
Şeirlə bildirirəm Şuşaya heyrətimi,
Vaqif babam bağışlar yəqin bu cürətimi...
Bəli, Şuşa əbədilik alındı. Özü də nə qırıcı təyyarələrin, nə PUA-ların, nə də tank-top mərmilərinin vasitəsilə. Qarabağımızın göz bəbəyi olan özəl və gözəl şəhərin olub-qalan tarixi binaları, abidələri ziyan çəkməsin deyə, xüsusi təyinatlı cəngavərlərimiz yağışın isladıb şüşə kimi sürüşkən elədiyi dimdik qayalara əliyalın dırmaşaraq, yıxıla-dura Şuşaya qalxdılar, şəhərə girərək əlbəyaxa döyüşlərlə onu ələ keçirdilər. Bu, qəhrəmanlığın zirvə həddi idi!
Səfərin ertəsi günü – iyulun 18-də həmin bu müqəddəs məkana şairlər toplaşırlar, ənənəvi poeziya bayramı rəsmən açıq elan olunur. Mərasimdə dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, AYB üzvləri, gənc yazarlar və ilk dəfə olaraq, yerli sakinlər də iştirak edirlər. İlk çıxış edən AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev xüsusi vurğulayır ki, Vaqif Poeziya Günləri ilk dəfə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunan bir şəraitdə keçirilir. Bu il, həmçinin dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin 530, AYB-nin 90 illik yubileyləridir.”İslam dünyasının mədəniyyət paytaxtı” bu yubileyləri də süsləndirir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Vaqifin yaradıcılığından söz açır. Onu Azərbaycanda erkən realizm ədəbi cərəyanının yaradıcısı kimi səciyyələndirir. Deyir ki, ulu öndər Heydər Əliyevin səyləri ilə Şuşada şairin məqbərəsinin ucaldılması Qarabağa Azərbaycan möhürünün vurulmasıdır. Bu bayram İlham Əliyev epoxasının qalibiyyət dərslərindəndir. Eyni zamanda, 90 illiyin böyük hesabatıdır.
Xalq yazıçısı Elmira Axundova haqqında dəyərli kitablar yazdığı Ümummilli liderlə bağlı xatirələrini söyləyir. Deyir ki, dahi şəxsiyyət yeniyetmə vaxtı Naxçıvanda Miribrahim Həmzəyevin dram dərnəyində “Vaqif” dramında əsas rollardan birini oynayıb. 1982-ci ildə isə Şuşada Vaqifin məqbərəsini ucaldıb və bundan bir neçə ay sonra Vaqif Poeziya Günlərinin binasını qoyub. Ənənəni davam etdirən Prezident İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edir.
Sonra 6-cı çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa diqqəti məqbərənin sağ tərəfindəki tarixi foto-xronikaya cəlb edərək deyir ki, baxın, qarlı bir gündə Heydər Əliyev açılışda çıxış edir. Çiyinlərə yağan gözəl qar sanki xeyir-dua verir məqbərənin açılmasına. Şuşa Azərbaycanın simvoluna çevrilən bir məkan olaraq təsdiqlənir. Amma 10 il sonra “erməni separatizmi” adlanan qar uçqunu bu məqbərə də daxil olmaqla, Şuşanı, Qarabağı sardı. Bir də 28 ildən sonra əzəli torpaqlarımız həmin “uçqun”dan təmizləndi. Qar altında qalan dəyərlərimiz yenidən canlandırıldı. Ali Baş Komandan, rəşadətli ordumuz, mərd xalqımız əldən çıxmış əraziləri azad elədi. Döyüşən şeirimiz də bizi daim Zəfərə kökləyib.
Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və qurumun Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın bənzərsizliyindən, beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən danışır, şeirlərini oxuyurlar. Söhbətlərdə, çıxışlarda Ulu öndərin ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan dönə-dönə bəhs olunur, bu gün də belə gözəl ənənənin onun layiqli davamçısı – ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdiyi xüsusi olaraq vurğulanır.
Bədii hissədə Əməkdar artistlər Azad Şükürovla Nazir Rüstəmin ifasında Füzuli və Vaqifin poetik dueti təqdim edilir. Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov, Leyla Rəhimli və başqaları maraqlı proqramla çıxış edirlər. “Qarabağ kompozisiyası”, “Şuşanın dağları”, “Bura Vətəndir” sədaları dalğa-dalğa ətrafa yayılır.
…Ümummilli lider Heydər Əliyevin bizim üçün məxsusi bir şəhər olduğunu dəfələrlə vurğuladığı Şuşanı gəzə-gəzə yada salırıq ki, 55 il əvvəlin elə bu günlərində – 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra Ulu öndər Şuşanı abadlaşdırmaq, dağıdılıb yandırılmış evlərin bərpasına nail olmaq, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu niyyətlərinin qarşısı qətiyyətlə alınmışdır.
Ulu öndərin hakimiyyətdə olduğu 2-ci dönəmdə isə söylədiyi bir məşhur kəlam var: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Prezident İlham Əliyev isə “Qarabağ Ermənistandır, nöqtə” söyləyən Nikol Paşinyana “Qarabağ Azərbaycandır, nida” deyərək qəti cavab verdi və bunu sözdə yox, məhz əməldə göstərməyə nail oldu.
Şəhid qanları ilə suvarılmış torpaqlarımızın hər qarışı müqəddəsdir. Buna görə də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Gəzdiyimiz eniş-yoxuşlu küçələr bizə olduqca hamar təsir bağışlayır. Baş plana əsasən görülən işlər lap tezliklə Şuşanın potensial imkanlarını tam bərpa edəcək. İnfrastruktur layihələri, şəhər planlanması və yenidənqurmanın digər mühüm elementləri sürət və keyfiyyətlə icra olunur. Bütün tədbirlər tarixlə çağdaşlığın vəhdəti üzərində qurulub.
Hər tədbirdən sonra Şuşanın təmiz havası ilə nəfəs almağa can atırıq. Xəyallara dalırıq, xatirələrə baş vururuq.
...Mən uşaq olanda belə bir yay günü ilk dəfə Şuşadan keçib Laçına getmişik. Çörək yediyimiz bir kafenin divarına Zeynəb Xanlarovanın iri portreti vurulmuşdu. Oxumasa da, sanki səsini eşidirdim. Yada salıram ki, düz 2 ay əvvəl Zeynəb xanım Şuşada “Xarıbülbül” festivalında dillər əzbəri olan “Yaşa, Azərbaycan!” mahnısını ifa edəndə, “Sən mənimsən, Qarabağ!” – deyəndə elə bildim ki, həmin gözəl portretdir cana gəlib dillənən.
AYB-nin katibi İlqar Fəhmi jurnalistlərə müsahibəsində deyir:
– Qala-şəhərimizdə təşkil olunan bu və digər tədbirlər çox möhtəşəm keçir. Builki Vaqif Poeziya Günləri də olduqca zəngin, çoxşaxəli formada təşkil olunub. Artıq bərpadan sonra 4-cü dəfədir ki, Vaqif poeziya bayramı keçirilir. Builki tədbir həm də Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 90 illik yubileyi ilə üst-üstə düşür. Bundan əlavə, 2024-cü il üçün Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu səbəbdən Azərbaycan xalqının klassik İslam mədəniyyətinə, elminə, ədəbiyyatına verdiyi böyük töhfələri əks etdirən ədəbi-bədii kompozisiyalar da tədbir çərçivəsində təqdim olunur. Həmçinin bu il dahi şairimiz Məhəmməd Füzulinin 530 illiyi dövlətimizin başçısının müvafiq sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunur. Belə bir yaddaqalan tarixi hadisələrin fonunda keçirilən Vaqif Poeziya Günləri olduqca əlamətdardır.
Ünlü qələm sahibləri – Xalq şairi Vahid Əziz, Seyran Səxavət, Vaqif Bəhmənli, Rafiq Yusifoğlu, Əli Əmirli, Pərvin, Xəyal Rza, Rafiq Həşimov, Qəşəm Nəcəfzadə, Rafael Tağızadə, İntiqam Yaşar, Polad İbrahimoğlu, Avdı Qoşqar, Faiq Balabəyli, Maarif Soltan ədəbiyyat, Vaqif poeziyasının özəllikləri, sənətdə Şuşa əzəməti mövzularında çox maraqlı söhbətlər edir, şeirlər oxuyurlar. Sözün qədrini bilib dəyərləndirən Əməkdar artistlər Ağalar Bayramov və Nazir Rüstəm danışdıqca sənət yanğılarına heyran qalmamaq olmur.
AYB-nin poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslının da ürəyi doludur. O, deyir:
– Şuşa nisgilli şair mərhum Akif Səməd bir zaman yazırdı:
Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.
Akifin ruhu qarşısında utana-utana deyim ki, bu, mənim Şuşaya artıq 4-cü səfərimdir. Ona qismət olmadı, mənə oldu. Qələbədən sonrakı bütün Vaqif Poeziya günlərində təşkilatçı kimi iştirak etmişəm. Hər dəfəsində də görürəm ki, hərənin gözündən öz Şuşası boylanır. İnişil “Xalq Qəzeti”ndə çap olunmuş “Şuşaya Zəfər Yolu ilə gedəcəyik” başlıqlı məqaləmi, orada qələmə aldığım arzu və istəklərimi xatırlayıram. Bizə bu yolu yaradan Uca Tanrıya şükranlığımızla bərabər, bu yolu yol eləyən qəhrəman şəhidlərimizin ruhlarına dualar oxuyur, qazilərimizə sağlıq diləyir, Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət öncə Vaqif Poeziya Günləri haqqında “Bütün yollar Şuşaya aparır” kitabı nəşr edilib. Topluda 2021-ci ilin avqustunda Şuşada Heydər Əliyev Fondu tərəfindən yenidən keçirilən Vaqif Poeziya Günlərinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etmələri qeyd olunub, eləcə də poeziya bayramındakı çıxışlar, oxunan şeirlər, həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb. Gecə sonsuz Şuşa sevincimə görə yuxum gəlmədiyi üçün həmin kitabı xeyli vərəqlədim. Yenicə çapdan çıxmış “AYB 90. Milli ədəbi-bədii, ictimai-siyasi təfəkkür” kitabı da öz sanbalı ilə düşüncələrimi xeyli məşğul elədi.
Yüksək səviyyədə keçən “Sözün Vətəni – Qarabağ” adlı müasir poeziya saatında daha bir maraqlı həmsöhbətlə tanış oluram. Güneyli qələm sahibi, əslən urmiyalı, eyni zamanda, iş adamı Mehir xanım Akpolad aşıb-daşan duyğularını sözə belə çevirir:
– Amerikadan belə hər yanı gəzmişəm. Qürbətdə olanda 50 milyonluq xalqıma, otaylı-butaylı Azərbaycanıma daha möhkəm vurulmuşam. Burada isə özümü, necə deyərlər, suda balıq kimi hiss edirəm. Çünki bu yerlərin, bu adamların izaholunmaz bir qançəkərliyi var. Şirindilli Vaqif poeziyası ilə daha yaxından tanış olmağımdan da çox məmnunam.
Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilir. Şuşa gözlər önündə daha da məğrurlaşır, başını daha da dik tutur. Buradakı bayraqlar da, sanki, gülümsəyir, ipəyin, qumaşın arasındakı meh də sehirlənirdi.
Vaqif poeziya təntənəsinin davamında Xan qızı, şairə Natəvanın evinin qarşısında ölməz Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Füzuli hücrələri” adlı teatral kompozisiya təqdim edilir. Şairin “Bəngü-badə”, “Leyli və Məcnun”, “Səhhət və mərəz”, “Rlndü Zahid” və s. əsərlərindən parçalar təqdim olunur. Qonaqların böyük marağına səbəb olan kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri istedadlarını məharətlə sərgiləyirlər.
Növbəti gün hamılıqla deyə-gülə Cıdır düzünə qalxırıq. Bura nəhəng təntənə səhnəsi, el şənliyi meydanı, Şuşanın dünyaya açılan eyvanı da demək olar. Vaxtilə burada cıdır yarışları təşkil edilib, pəhləvanlar güləşiblər, qoç döyüşləri olub. Bu xəyallarda ola-ola yadıma xalq yaradıcılığından misralar düşür:
Dəmirçilər dəmir döyər dəng ilə,
Qoç igidlər özün öyər cəng ilə.
Bizə aid olanı isə budur ki, Mir Mövsüm Nəvvab Cıdır düzünə yaxın “Ağzıyastı kaha” adlanan mağarada “Məclisi-Fəramuşan”ın məclislərini keçirib. Elə bizim Vaqif Poeziya Günlərimiz də bir növ o məclisin varisanə davamıdır.
Başqa bir təqdimatda etno-caz musiqiləri səsləndirilir.
Gecə düşüncə Şuşa yenidən cilvələnməyə başlayır. Bu fonda çay süfrəsi arxasında söhbətlərimiz uzandıqca uzanır...
Poeziya bayramının son günü olan iyulun 19-u “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfransın təşkili, eləcə də “AYB-90” silsiləsindən “Sözün repressiyası” sənədli filminin nümayişi nəzərdə tutulur. Günortadan sonra isə “Vaqiflə səyahət” bədii-musiqili tamaşası göstəriləcək. Bayramın son akkordları Vaqif Poeziya Günlərinin təəssüratını daha da zənginləşdirəcək.
Əli NƏCƏFXANLI
XQ
Şuşa
Hiç yorum yok:
Yorum Gönder