Son bir ildə dünyasını dəyişən azərbaycanlı jurnalistlər – SİYAHI


Xəbər verdiyimiz kimi, bu gün 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan AzTV-nin operatoru Sirac Abışov və “Azərtac” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov minaya düşərək həlak olublar.
Yeniavaz.com
 xəbər verir ki, jurnalistlərin həlak olması bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri olub.
Onu da bildirək ki, son bir il ərzində çoxlu sayda jurnalist müxtəlif səbəblərdən həyatını itirib.
Dünyasını dəyişən jurnalistlərin siyahısını təqdim edirik:
15 iyun 2020-ci ildə jurnalist, publisist Qalib Əhmədov dünyasını dəyişib. 73 yaşlı jurnalist "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996- 1998), "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləyib. 1998-ci ildən "Dünyaya pəncərə" qəzetinin baş redaktoru idi.
13 iyul 2020 –ci ildə Firudin Rəsulov vəfat edib. 83 yaşında vəfat edən  Firudin Rəsulov 1969-cu ildə “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə “Həyat” qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub.
28 iyul 2020-ci ildə Əmrah Fəqanoğlu vəfat edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu "Yeni klinika”da müalicə olunsa da onun həyatını xilas etmək mükün olmayıb.
13 avqust 2020-ci ildə əməkdar jurnalist, "Tərəqqi" medallı yazıçı-publisist, "Xalq qəzeti"nin Qarabağ müxbiri Ziyəddin Sultanov 69 yaşında vəfat edib.
27 oktyabr 2020 –ci ildə “Sumqayıt” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qüdrət Məlikov 79 yaşında vəfat edib.
4 dekabr 2020-ci ildə “Gürcüstan” qəzetinin redaktor müavini Əziz Dəlivəlli 62 yaşında vəfat edib.
15 dekabr 2020 –ci ildə hərbi jurnalist, “azeridefence.com” saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov vəfat edib. Koronavirus infeksiyasına yoluxan 37 yaşlı jurnalist evdə müalicə alsa da, həyatını itirib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitərən R.Süleymanov “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.
28 yanvar 2021-ci ildə tanınmış jurnalist, sənətşünas və publisist Ənvər Börüsoy vəfat edib. 61 yaşında dünyasını dəyişən Ə.Börüsoy uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkib.
20 fevral 2021-ci ildə Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Eldar İsmayıl vəfat edib. 79 yaşlı jurnalist qanda şəkərin miqdarının kəskin artması nəticəsində dünyasını dəyişib. 
16 mart 2021-ci ildə tanınmış jurnalist və alim Teymur Əhmədov vəfat edib. “Respublika” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədov ömrünün 91-ci ilində vəfat edib.
17 mart 2021 –ci ildə  Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov 77 yaşında Moskvada dünyasını dəyişib. Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.
7 may 2021 –ci ildə jurnalist və tərcüməçi Fərhad Abdullayev vəfat edib. 63 yaşında vəfat edən Fərhad Abdullayev “İdman” – “Sport”, “Şahmat” qəzetlərində işləyib, AzTV-də şöbə müdiri vəzifəsində çalışıb.
16 may 2021-ci ildə Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova 83 yaşında dünyasını dəyişib.
2 iyun 2021-ci ildə məşhur azərbaycanlı teleaparıcı Şamil Familli vəfat edib. Şamil Familli 1990-cı illərdən bəri televiziyada çalışıb. Son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi.

Hiç yorum yok:

Yorum Gönder

Pages