Prezidentliyə keçmiş namizəd Fuad Əliyevin parlament seçkisində iştirak etməyəcəyi və ölkəni müvəqqəti olaraq tərk edəcəyi ilə bağlı xəbər yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün Fuad Əliyevlə əlaqə saxladıq. Keçmiş namizəd Bakmiltv.info-ya bildirdi ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Ölkəni tərk etməyimlə bağlı xəbərlər yalandır. Məlumat necə və nə məqsədlə yayılıb, onu da bilmirəm. Ola bilər ki, kimlərsə mənim siyasi proseslərdə iştirakımı istəmir, yaxud buna qısqanclıqla yanaşırlar, hər şey ola bilər. Çünki indi dırnaqarası dostlar çoxdur".
"Yəqin ki, prezident seçkisində qazandığım uğur və "Müstəqil Həmkarlar Birliyi" təşkilatımızın fəaliyyəti kimlərəsə mane olur. Düzünü desəm, şokdayam. Kimin etdiyini, şayiənin haradan qaynaqlandığını düşünürəm, amma konkret fikrim yoxdur deyə ad çəkə bilmirəm", - deyə F.Əliyev vurğulayıb.
Müsahibimiz parlament seçkisində iştirak edib-etməyəcəyi ilə bağlı da danışıb:
"Təşkilatımızın üzvləri fərdi olaraq seçkidə iştirak edəcəklər. Amma mənim iştirakımla bağlı hələ ki bir qərar yoxdur. Hər halda, bu seçki yenilik olacaq. Prezident seçkisi kimi, qarşıdan gələn parlament seçkisi də ölkəmizin bütün suveren ərazilərində keçiriləcək və növbəti şərəfli seçki kimi yadda qalacaq".
Qeyd edək ki, Azərbaycanda sonuncu prezident seçkisi 2024-cü il fevralın 7-də keçirilib. Yeddi namizədin iştirak etdiyi və Prezident İlham Əliyevin 92.12% səslə qalib gəldiyi marafonda Fuad Əliyev 0.53% səslə sonuncu olub.
Hiç yorum yok:
Yorum Gönder