Əkrəm Bəydəmirli Tədqiqatları yekunlaşdırıb kitabı çapa hazırlayırıq


Son bir neçə ildə XX əsr repressiya tarixi ilə bağlı araşdırmalar apardıq. Millətin yetkin bir insanını müxtəlif saxta ittihamlarla məhbəsə salmaq, ailəsini, yaxınlarını təqib etdirmək, olmazın işgəncələr vermək və nəyahət sonda qətlinə fərman vermək. Repressiya dövrününü xronologiyası təxminən belə qurulmuşdu. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayarkən, bu qənaətə gəldim ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır.
Repressiya, ölüm yalnız boz və qara rənglərindən ibarət deyil. Burada bütün rənglər, çalarlar cəmləşib. İnsan taleyinə, ağrılarına dünyanın ən böyük yazıçıları, sənət adamları heç zaman etinasız yanaşmayıb. Qənaətimcə, dünya ədəbiyyatında, xüsusilə, Lev Tolstoyda, Viktor Hüqoda, Çingiz Aytmatovda, Ceyms Oldricdə və digər yazıçılarda insan ağrıları əsas yaradıcılıq istiqamətlərindən biri olub.
Azərbaycanın repressiya tarixini vərəqləyəndə qırıq-qırıq cümlələrdə, soluxmuş arxiv sənədlərində çox ağır həqiqətlər adamı silkələyir.
İşgəncələrə məruz qalan və imkan tapıb Stalinə məkub yazan bir alimin məktubu o dövrün mənzərəsini çılpaqlığı ilə ortaya qoyub.
Acı taleyin həqiqət anı olan və diqqətimi cəlb edən günahsız insan, professor Hüseyn Məmməd oğlu Musayevin Stalinə yazdığı məktuba qısaca nəzər salaq:
Böyük lider və bütün məzlumların ümidi!
Sizə öz ərizəsi ilə xalq düşməni elan olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinən, Azərbaycan SSR-də Əksinqilabi Təşkilatın mövcudluğu barədə nəşrlərdən öyrənən və bu təşkilatda heç vaxt üzv olmayan, 28 illik pedaqoji təcrübəsi olan, keçmiş xalq müəllimi və keçmiş partiyaçı müraciət edir.
Haqqında danışacağım dözülməz repressiyanın təsiri ilə mən günahı boynuma almalı və özümə böhtan atmalı oldum. Mənə qarşı repressiya 1937-ci il 15 noyabrdan 16-na keçən gecə mənim həbsim ilə başladı. Məni dərhal daxili həbsxananın zirzəmisində yerləşən, təbii işıqlandırması və havası olmayan 44 saylı kameraya yerləşdirdilər. Sonra 15 noyabrda zirzəminin digər kamerasına keçirtdilər. Orada mən 23 dekabra 1938-ci ilə qədər, yəni düz 13 ay 8 gün qaldım. Bu müddət ərzində mən görmə və eşitmə qabiliyyətimi itirdim, revmatizm, əsəb sisteminin pozulması və digər həbsxana xəstəliklərini, həmçinin orqanizmin tam tükənməsini qazandım.
Bu proses eyni təhqir və təhdidlərlə müşayiət olunurdu. Mən davamlı şəkildə ayaq üstə yuxusuz vəziyyətdə 74 saat dayanmalı, dərhal yoldaş Malyanın, bölmə rəisi yoldaş Mustafayevin tələblərini yerinə yetirməli və ifadə verməli idim. Bir həftə sonra mənim 74 saat ayaq üstə durmağımla əlaqədar olaraq xəstə ayağımda ağrılar başladı, yenidən şiş əmələ gəldi və mən 10-12 gün kamerada yatdım.
Qənaətimcə, Hüseyn Musayevin bu müraciəti o dövrün acı reallığını, saxta ittihamlarla həbs olunan yüzlərlə Azərbaycan ziyalısının qaranlıq taleyindən xəbər verir. Əslində bu məktub ədalətsizcəsinə mühakimə olunan insanların harayı olmaqla yanaşı, repressiyanın mənzərəsini çılpaqlığı ilə göstərə bilib. Təəssüf ki, o dövrdə həbs olunan ziyalılarımızın aqibəti belə olub.Xeyli sayda belə faktları sadalamaq olar. Düşünürəm ki, kitab üzərində çəkdiyimiz zəhmət hədər getməyib.
Yekunda onu da qeyd edim ki, repressiya tariximizlə bağlı qaranlıq məqamlara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində yeni kitabı yaxın vaxtlarda çap etdirəcəyik. Dəstəyə görə hər kəsə təşəkkürlər!
Əkrəm Bəydəmirli

Hiç yorum yok:

Yorum Gönder

Pages