Kişilər arağın hesabına xoşbəxt olur, qadınlar isə..



Niyə xoşbəxt ola bilmirik? 

İndi insanların qayğıları 20-30 il əvvəllə müqayisədə çoxmu artıb? Məncə yox. Hətta əksinə. İndi yaşamaq daha asandır. Həmin dövrdə insanlar daha çətin şərtlərdə yaşamaq üçün mücadilə aparırdılar. İşsizlik yüksək həddə idi. Qıtlıq vardı. Pul yox idi. Taxıl yox idi. Uzun tunel vardı. Amma insanlar bu tunelin sonunda işıq görə bilirdilər. 

İndi heç bir tunel filan yoxdur. Bolluqdur, Bakıda bahalı avtomobillərin əlindən tərpənmək olmur. Mağazalar dolub daşır. Bacarıqlı insanlara hər yerdə iş var. Amma insanların üzündə xoşbəxtlik yoxdur. İstər küçədə olsun, istər iş yerində, istər metroda, istər ən bahalı ticarət mərkəzində... Hər kəs dərin düşüncə içərisindədir. Hər kəs nəyisə haqq-hesab edir, hesablayır, beyinlərdə baş verənlər üz ifadələrində əks olunur. İnsan fiziki olaraq yanındadır, düşüncə olaraq çox uzaqlarda. Hər kəsin sifətində eyni ifadə, eyni qayğı... 

Sosial şəbəkələrdə tez-tez 90-cı illərin videoları çıxır qarşıma. Daha çox toy məclislərində olan videolar adamı o günlərə aparır. İlahi, insanların üzündə nə qədər səmimilik, xoşbəxtlik var! Adamlar nə qədər təbiidir. Hər şeyi unutmuş kimi hər kəs o anı yaşayır. Ayağında qaloş olan qadınlar palatka toyunda necə xoşbəxtcəsinə oynayırlar, gülürlər. Onların bütün xoş duyğuları necə vurub üzlərinə çıxıb?! İndi ayağında 500 manatlıq brend ayaqqabı olan qadınların rəqsinə baxırsan, o xoşbəxtliyi, səmimiyyəti axtarırsan, tapa bilmirsən. Problem nə baxışda, nə də axtarışdadır. O mimikalar itib, yoxdur. 

Hər kəs fiziki olaraq məclisdədir, lakin düşüncələr insanı ələ verir. İstədiyi kimi davranmağa şərait yaratmır. Rol oynamaq da o qədər işə yaramır. Bu baxımdan kişilərin işi bir az yüngüldür. Spirtli içki hesabına heç olmasa bir neçə saatlıq o qayğılardan uzaqlaşa bilir, şən-əhval-ruhiyyədə görünürlər. Özlərini, problemlərini, borclarını unutmaq üçün onların seçimləri var. Amma qadınlar... 

Əslində, bir neçə dəfə təkrar etdiyim qayğı ifadəsi burada bəlkə də heç yerinə düşmür. Çünki bu adamların arasında sorğu keçirsən ki, “nə düşünürsən, fikrin hardadır” və onlar da səmimi cavab versələr görərik ki, qayğı filan yoxdur. Elə bir məqamdayıq ki, qayğı dediyimiz məsələ böyüyüb böyük bir yarış meydanına çevrilib. Hər kəs qonşudan daha üstün olmağa çalışır. Daha bahalı maşın almaq, daha komfortlu evə sahiblənmək, daha yüksək vəzifə tutmaq... və bu yarışda heç vaxt udan olmur. Kimisə udursansa, mütləq kiməsə uduzursan. Bir mərhələni keçdimi, digəri başlayır. Hər kəsdən öndə olmaq şansı sıfırdır. Dələ təkərdə fırlandığı kimi həyatının sonuna kimi fırlanırsan. Bu yarışın nə “start” xətti, nə də “finiş” xətti var. Amma həyatımızın finiş xətti var axı. Bir də görürsən ki, yol bitdi, zaman yetişdi. 

Mən özüm də 90-cı illəri görmüşəm, yaşamışam. Təkcə başqalarını deyil, özümü də müşahidə edə bilirəm. Mən də bu yarışın iştirakçısıyam. Mən özümdə də nə qədər dəyişikliklərin olduğunun fərqindəyəm. Üzümüzü güldürə biləcək az şeyin olduğunu düşünürəm. Xoşbəxt anları içdən yaşaya bilmirsən. Bəzən o qədər dərin fikirlərə dalıram ki, harada olduğumu, hansı iş üçün getdiyimi belə unuduram. 

Yaşamaq, gözəldir. Gözəllik isə görünən olmalıdır: cizgilərdə, mimikalarda, səs tonunda, bədən dilində. 

Biz deyəsən, bunları arxa plana keçirmişik. Belə anları təəssüf ki, bu günümüzdə deyil, nostalji görüntülərdə axtarırıq. Zaman isə su kimi axır... 

Elnur Məmmədli



Hiç yorum yok:

Yorum Gönder

Pages