Çoxumuz bu insanı televiziya ekranlarında görmüşük, səmimi danışıq tərzinə və gözəl nitqinə görə rəğbətimiz artıb. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Telli Pənah qızı.Telli xanım hazırda Azərbaycan Tele-Radio Akademiyasının Rəhbəridir. Yeganə övladım Şamilə Ələkbərlinin gələcəkdə qazanacağı uğurlarda Telli xanımın da öz payı var.
Mən dəyərli Telli Pənah qızının qələmə aldığı bir şeiri Sizinlə bölüşürəm.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
25.07.2024.
Telli Pənahqızı
Mələksən, göylərdən enəndə gördüm,
Aşiqsən, bir gecə dinəndə gördüm.
Alışdın, kül oldun sönəndə gördüm,
Donan nə bilsin ki, yanan nə çəkir...
Sənsiz bu dünyanın dadı-tamı yox,
Varammı, yoxammı, bir anlamı yox!
Tanrını sev, qardaş, sən adamı yox,
Nadan nə bilsin ki, qanan nə çəkir...
Yenə günəş doğdu bəbəklərimdə,
Yenə köz alışdı ətəklərimdə.
Dünyanın yükü var kürəklərimdə,
Qoyan nə bilsin ki, sınan nə çəkir...
Belə getmək olmaz, ayrılmaq olmaz,
Qılınctək qınından sıyrılmaq olmaz .
Birinə bu boyda dərd qıymaq olmaz,
Qıyan nə bilsin ki, duyan nə çəkir...
Rəbbim! Aman dilər həm gəda, həm şah,
Haqdan, ədalətdən tək sənsən agah.
Oxun nə vecinə kimdir nişangah,
Atan nə bilsin ki, o can nə çəkir..
Hiç yorum yok:
Yorum Gönder