Gürcü estradasının şahini

post-img

Vaxtanq Kikabidzenin doğum gününə

Ötən ay həyətimizə gəlmiş bir qumru balası ilə “söhbətim” haqqında kiçik qeydlər yazmışdım. Bala qumruya bizimlə birlikdə yaşamağı təklif edəndə, o, uçub getmişdi. Sonralar bir şahinin səmada hansısa qumrunu vurub götürdüyünü gördüm. 

Buna görə, inanın ki, şahinə nifrət elədim. Sonra yadıma düşdü ki, hələ tələbəlik illərimizdən sev­diyim “Mimino” (“Şahin”) filminin qəhrəmanlarından birinin obrazını yaradan Vaxtanq Kikabidzenin sə­mada – vertolyot idarə edərkən oxuduğu “Çito – Qvrito” mahnı­sı da elə şahinə həsr olunmuşdu. Filmin rejissoru (o, həm də ssenari müəlliflərindən biridir) Georgi Dane­liyanın fikrincə, Vaxtanq həmin mah­nını Gürcüstanın ucqar dağ kəndində gəzərkən oxumalı idi. Ancaq aktyor- müğənni bu təkliflə razılaşmır və filmdə həmin mahnı məhz səmada ifa edilir. Bu faktın özü də yaradıcı insanın potensialından maksimum istifadə etməyi bacaran Daneliyanın böyüklüyündən xəbər verir.

Ötən əsrin tanınmış aktyoru və şairi Pyotr Qruzinskinin sözlərinə bəstəkar Giya Kançelinin yazdığı “Mərcan quşcuğaz” mahnısı dünya şöhrətli Vaxtanq Kikabidzenin ifa­sında milyonların sevdiyi nəğməyə çevrilmişdi.

Filmdə söhbət ondan gedir ki, Gürcüstanın şəhər və rayonları arasında xidmət edən köhnə ver­tolyotun pilotu beynəlxalq aviasi­ya sahəsində çalışmaq istəyir və buna nail olur. Amma çoxlu komik səhnələrdən keçəndən sonra. Və məhz onun prinsipiallığına, istəyinə nail olmaq bacarığına görə müəl­liflər bu filmi “Şahin” adlandırıblar. Filmdə səsləndirilən hər iki mahnının musiqisini məhz Kançeli yazmışdı. İkinci mahnının sözlərinin müəllifi isə Robert Rojdestvenski idi. Kançeli Daneliya ilə “Qəm yemə” filmində də birlikdə işləyibmiş. Bu bəstəkar özü­nün rejissor dostları haqqında ma­raqlı fikirlər səsləndirmişdi: “Robert Sturua ilə işləmək yaxşı bir sanatori­yada istirahət etmək kimidirsə, Geor­gi Daneliya ilə birlikdə çalışmaq ciddi rejimli cəzaçəkmə müəssisəsindəki həbs müddətinin başa çatması ilə müqayisə edilə bilər”. 

...Vaxtanq Kikabidze SSRİ mə­kanında ən çox sevilən estrada müğənnilərindən olsa da, “Mimino” filmi üçün oxuduğu “Çito – Qvri­to” (“Mərcan quşcuğaz”) mahnısı daha böyük auditoriyanın yaddaşın­da qalmışdı. Gürcülər yazırlar ki, Kikabidze Bakı haqqında demişdir: “Bu dünyada iki şəhərdə özümü ra­hat hiss edirəm – Tbilisidə və Ba­kıda”. Azərbaycanda çox olmuşdu. Sonuncu dəfə Qəbələdə yumor fes­tivalında iştirak edərkən isə tamaşa­çılar alqışlar altında onu səhnədən buraxmaq istəmirdilər. 

...Təəssüf ki, “Mimino”, “Şahin” və “Mərcan quşcuğaz”ın məşhur mahnıda oxuduğu sözlərin azərbay­cancasını tapa bilmədim. Rusca va­riantından dilimizə çevirdiyim şeirin bir neçə bəndini təqdim edirəm: 

Məni oxumağa həvəsləndirən

Hüdudsuz səmadır, çiçəkli zəmi. 

Sevincli anlarım nəğməlik olur, 

Mahnıyla qovuram kədəri, qəmi. 

Məni oxumağa nə məcbur edir? 

Laləli çöllərin ecazkarlığı.

Mahnıyla doğulub dünyaya gəldim

Səslə bəzəyirəm mən bu varlığı. 

Mənə mahnıları dağlar öyrədib

Quşların ötməsi, başqa nələrlə... 

Elə bilirəm ki, körpə çağımda 

Dilim də açılıb təranələrlə. 

Amma, deyirlər ki, ömrün sonunda

Ölümlə qurtarır Qu nəğmələri. 

Mən də mahnılarla öləcəm bir gün

Qəlbim arzulayır əfsanələri. 

Balaca quşcuğaz, mərcan quşcuğaz, 

Balaca quşcuğaz, mərcan quşcuğaz.

Deyirlər ki, bu film-komediyanın ideyasını Georgi Daneliyaya onun azərbaycanlı dostu Maqsud İbrahim­bəyov veribmiş. O isə yazıçı dostu Revaz Qabriadze ilə birlikdə belə bir ekran əsərini ərsəyə gətirib... 

İttifaq MİRZƏBƏYLİ



Hiç yorum yok:

Yorum Gönder

Pages