Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Ruhəngiz Qasımovanın yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Ruhəngiz Qasımova bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən xatırlanır, yaratdığı musiqilər unudulmur.
Bakmiltv.info xəbər verir ki, bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 84-cü ildönümü tamam olur.
Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub. Uzun müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da dünyasını dəyişib.
Hiç yorum yok:
Yorum Gönder