Daxili İşlər Nazirliyinin (DİN) Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Anar Qafarov APA-ya bildirib ki, Elvin Eyvazov Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cari ilin aprel-iyun aylarında Novxanı qəsəbəsində yerləşən "Start" reabilitasiya mərkəzində alkoqolizmdən müalicə aldığı müddətdə mərkəzin əməkdaşları Emin və Orxan adlı şəxslərin ona fiziki və psixi təsir göstərdiyini, həmçinin orada müalicə alan Şamil adlı şəxsin isə onun sifət və qol nahiyəsindən yumruq zərbələri ilə vuraraq xəsarət yetirdiyini bildirib.
Araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar müalicə müddətində E.Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.
Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib. Məhkəmə-tibbi ekspertizası zamanı E.Eyvazovun üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunub və bu barədə rəy verilib.
Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində "Start" reabilitasiya mərkəzində Ş.İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Ş.İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.
Hiç yorum yok:
Yorum Gönder