Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir



14 iyul - ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

Bakmiltv.info xəbər verir ki, ötən əsrin 90-cı illərində dövlətimiz olduqca mürəkkəb və çətin dövrdən keçərək müstəqilliyini bərpa etməsinə baxmayaraq, ölkədə baş verən hərc-mərcliyə məhz ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində son qoyulmuş, nəticədə ictimai-siyasi sabitlik tam bərqərar edilib. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində çoxşaxəli islahatların həyata keçirilməsinə əlverişli şərait yaradıb. Məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu mümkün olub. İnkişafın başlıca istiqaməti olaraq vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu seçən dövlətimiz qısa müddət ərzində irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırmağa nail olub.

Həyata keçirilən əsaslı hüquq islahatları çərçivəsində ən əhəmiyyətli hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi olub. Bununla da ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan bu mühüm tarixi sənəd dövlətçiliyimizin inkişafında tamamilə yeni səhifə açıb.

Əsas Qanun ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini təşkil edərək, insan hüquq və azadlıqlarının həyata keçirilməsi, həmçinin ictimai həyatın bütün sahələrinin inkişafına təkan verib. Məhz Konstitusiyanın qəbulu ölkəmizdə müasir və demokratik tələblərə cavab verən dövlətçiliyin formalaşmasında mühüm addım olub.

1995-ci ildə Konstitusiyanın qəbulu ölkədə genişmiqyaslı qanunvericilik islahatlarının həyata keçirilməsinə təkan verərək, digər bir çox sahələrdə olduğu kimi, məhkəmə-hüquq islahatlarının da əsasını qoyub.

Xüsusilə qeyd olunmalıdır ki, ölkəmizdə yeni məhkəmə-hüquq sisteminin təşəkkül tapması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsas Qanunun qəbulundan sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmin edilməsinə yönələn qanunvericilik bazasının yaradılması, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi üçün çoxpilləli məhkəmə sisteminin formalaşdırılması o dövrün ən vacib tələblərindən irəli gəlib. Konstitusiyada təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyət baxımından yeni funksiyalar əldə etmiş olub.

Məlum olduğu kimi, hüquqi dövlətin əsasını qanunların aliliyinin təmin edilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Bu baxımdan, istənilən dövlətin demokratik inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, eyni zamanda, onun aliliyinin təmin olunması üçün konstitusiya nəzarəti institutunun yaradılması da olduqca vacibdir. Bununla da, dövlətimizin Əsas Qanununun qəbulundan sonra, 1998-ci ildə ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə Konstitusiya Məhkəməsi simasında ali konstitusiya ədalət mühakiməsi orqanının fəaliyyətə başlaması, o cümlədən bu orqanın müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Müasir dövrdə konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının mühüm və səmərəli mexanizmlərindən biri olmaqla, eyni zamanda, demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından biri kimi qəbul edilir.

Əsas təyinatı Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin ölkəmizin Əsas Qanununda təsbit edilmiş hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət olan Konstitusiya Məhkəməsi sorğu, müraciət və şikayətlər əsasında qəbul etdiyi məhkəmə aktları ilə hüquq sisteminin inkişafına, vahid məhkəmə təcrübəsinin formalaşmasına və bütövlükdə hüquqi dövlətin gücləndirilməsinə töhfə verməyi hər zaman olduqca vacib hesab edir.

Fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının Konstitusiyası və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün əsas normativ fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin effektiv şəkildə həyata keçirilməsi üçün etibarlı təməl olub.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri Əsas Qanunda öz əksini tapıb. Belə ki, qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə özündən daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səlahiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini təmin etmiş olur. Burada bir məqama diqqət yetirilməlidir ki, yoxlanılan norma məhz Konstitusiyanın hərfinə və ruhuna, eyni zamanda, orada əksini tapan təməl prinsiplərə uyğunluq baxımından qiymətləndirilir. Yoxlanılan norma və ya onun hər hansı bir hissəsinin Əsas Qanuna və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığı müəyyən edildikdə, bu norma qüvvədən düşmüş elan edilir.

İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı qanunvericilik müddəalarının bəzən birmənalı dərk edilməməsi mübahisəli hüquq məsələlərinin məhkəmələr tərəfindən həlli zamanı müxtəlif hüquq kolliziyalarının ortaya çıxmasına səbəb olur. Bununla da, bu hüquq normalarının rəsmi təfsir edilməsinə ehtiyac yaranır. Belə ki, Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərh edilməsidir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən verilən şərhin əsas məqsədi bu və ya digər normanın məzmununu aydınlaşdırmaq və bununla da, onun vahid tətbiqi qaydasını müəyyən etməkdir.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar önəmli çəkiyə malikdir. Ümumiyyətlə, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətin göstərilməsinə xüsusi əhəmiyyət verir. Məhkəmələrin müraciətləri əsasında qəbul edilmiş qərarlar qanunvericilikdə mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılmasına şərait yaratmaqla, hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından ümumi məhkəmə təcrübəsinin formalaşmasına mühüm töhfə verir.

Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının, bu qərarlarda ifadə olunan hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı tətbiqi məhkəmə təcrübəsinin stabilliyinə, eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə xidmət edir.

Qeyd edilməlidir ki, konstitusiya nəzarəti orqanının fəaliyyətində də zaman keçdikcə müəyyən dəyişikliklər, transformasiyalar baş verib. Belə ki, məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini ehtiva edən 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilmiş və nəticədə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüquq və səlahiyyətinə malik subyektlərin dairəsi xeyli genişləndirilib. Edilmiş əlavələrə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və hər kəs Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə edib.

Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, məhkəmənin digər səlahiyyəti fərdi şikayətlərə baxılmasıdır. Məlum olduğu kimi, 2023-cü ilin iyul ayında "Konstitusiya Məhkəməsi haqqında" Qanuna bəzi, o cümlədən fərdi şikayətlərə baxılması hissəsində müəyyən dəyişikliklər edilib. Qüvvədə olan "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ-hüquqi akta əsaslandığı hallarda yol verilir.

Mühüm məqam ondan ibarətdir ki, hüquq normasının mənasının təhrif olunması müvafiq Konstitusiya müddəalarının pozulmasına səbəb ola bilər. Odur ki, normanın elmi-analitik araşdırılması, onun zəruri olduğu halda təfsir edilməsi həmin normanın konstitusiya hüquqi mahiyyətinin Konstitusiya müddəaları prizmasından açıqlanmasına geniş imkanlar yaradır.

Fəaliyyət göstərdiyi ötən 26 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 577 qərar və 167 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, burada əksini tapan insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Qeyd edilməlidir ki, 2024-cü ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət və şikayətlərə dair ölkənin Əsas Qanununda təsbit edilmiş normalar və prinsiplər rəhbər tutularaq bir sıra mühüm əhəmiyyət kəsb edən qərar və qərardadlar qəbul edilib. Əhəmiyyəti nəzərə alınaraq qəbul edilmiş qərarlardan və orada formalaşmış hüquqi mövqelərdən bəziləri xüsusi olaraq vurğulanmalıdır.

Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair" 2024-cü il 31 yanvar tarixli Qərarda formalaşdırılan hüquqi mövqedə Konstitusiya Məhkəməsinin Plenumu ilk öncə Konstitusiyanın preambulasına, 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə istinad edib.

Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə istinad edərək qeyd edib ki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Qeyd edilib ki, belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilib.

Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edib. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi ilə mümkün hesab edib.

İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edib ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab edilməlidir.

Məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən "Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2024-cü il 28 mart tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinə, həmçinin 80-ci maddəsinə istinad edib.

Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edib ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta o halda törədilmiş hesab olunur ki, mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının gecikdirilməsi ilə bağlı həmin Məcəllənin 499.1-ci maddəsində göstərilən müddətlərin bitməsinədək mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və ya bu əraziyə qaytarılmamış olsun.

Əks yanaşma, yəni malların və ya nəqliyyat vasitələrinin gətirilməsi və ya aparılması üçün gömrük orqanları tərəfindən müəyyənləşdirilmiş müddətin bitdiyi an, onların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmadığı və ya bu əraziyə gətirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində təsbit olunmuş tərkibin yarandığının qəbul edilməsi, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin öz əhəmiyyətini itirməsi ilə nəticələnməklə, onların tətbiqini qeyri-mümkün edərdi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsindəki inzibati xəta tərkibinin yaranması, eyni hüquqi faktla bağlı şəxsin həmin Məcəllənin 499.1-ci maddəsi ilə məsuliyyət daşımasını istisna edir.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlbetmə müddətinin axımı həmin tarixdən başlanır.

Həmçinin qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş "bir ildən artıq müddətə gecikdirilməklə" müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Məsələ qanunvericilik qaydasında həll edilənədək İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş "bir ildən artıq müddətə gecikdirilməklə" müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

Digər bir qərar, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən "Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci və 673.3-cü maddələrinin şərh edilməsinə dair" 2024-cü il 26 aprel tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin "ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr" müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edib ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab edib ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.

Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlib ki, Konstitusiyanın 17-ci maddəsinin I hissəsinin tələbləri baxımından Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan "ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr" müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.

Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan "kobudcasına pozulduqda" müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Mülki Məcəllənin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.

Qeyd edilməlidir ki, məhkəməmiz konstitusiya ədalət mühakiməsinin inkişaf meyillərinin, o cümlədən xarici ölkələrin konstitusiya məhkəmələrinin təcrübəsinin öyrənilməsinə və bu təcrübənin tətbiq edilməsinə xüsusi diqqət yetirir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında beynəlxalq hüquqi aktların, xüsusilə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Respublikamızın tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə istinadların edilməsinə xüsusi önəm verir.

Həmçinin Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin həyata keçirilməsinə xüsusi önəm verərək, bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx əməkdaşlıq həyata keçirir. Eyni zamanda qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində müxtəlif dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edir. Bu cür tədbirlərdən biri cari il mayın 22-23-də Kişineu şəhərində keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIX Konqresi olub. Bu mötəbər beynəlxalq konqres çərçivəsində bir sıra aktual hüquqi məsələlər üzrə ətraflı fikir mübadiləsi və müzakirələr aparılmış, məruzələr dinlənilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages