Azərbaycanda daha bir jurnalist vaxtsız əcəlin qurbanı oldu. Tanınmış telejurnalist Natiq Qədimov ötən axşam 41 yaşında vəfat edib. Yaxınlarının və ailə üzvərinin bildirdiyinə görə, o, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib.
Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddətdir mətbuatda çalışırdı. İctimaiyyət onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan “İç Xəbər” və “Növbətçi” verilişlərindən tanıyıb. Əsasən kriminal xəbər aparıcısı və müxbiri idi.
Natiq Qədimov vaxtsız ölümə ürcah olan ilk jurnalist deyil, amma kaş ki, hamımızı kədərə qərq edən bu hadisə sonuncu olaydı…
Sonxeber.az Modern.az-a istinadən, müxtəlif səbəblərdən həyatdan erkən yaşlarda köçən, haqq dünyasına vaxtından tez qovuşan media işçilərini bir daha xatırladır. Bu dünyaya erkən vida edən həmin jurnalistlər yəqin ki, yaxınları ilə yanaşı, həmkarlarının da yaddaşında əbədiyyən qalıb.
2017-ci il martın 16-da media əhli səhəri bu dəhşətli xəbərlə açdı: gənc yazar, “Teleqraf.com” saytının redaktoru, ədəbi cameədə Mövlud Mövlud imzası ilə tanınan Mövlud Abdullayev intihar edib. 26 yaşlı qələm sahibi özünü Binəqədi rayonu 7-ci mikrorayon, Axundov küçəsində yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Və elə hadisə yerində dünyasını dəyişib. O, doğulduğu Qazax rayonunda torpağa tapşırılıb. Mərhumun bir azyaşlı oğlu qalıb.
26 fevral 2017-ci il tarixi də media əhlinə qanqaraçılıq gətirmişdi. Həmin gün tanınmış jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxansında keçindi. Jurnalist qaraciyər serrozundan əziyyət çəkirdi və fevralın 25-də axşam komaya düşmüşdü.
Rusdilli medianın tanınmış jurnalisti Namiq İbrahimov 4 yanvar 2017-ci ildə uzun sürən xəstəlik nəticəsində vəfat edib. 1970-ci il təvəllüdlü N.İbrahimov Azərbaycanda “Zerkalo” və digər rusdilli mətbuat orqanlarında çalışıb. Son 1 ildə “Vesti.az” İnformasiya Agentliyində redaktor olub.
Qəfil ölüm “Lider” TV-nin müxbiri İlqar Qulusoyu 9 iyul 2016-cı ildə yaxaladı. Axşam saatlarında dostları ilə “Azərbaycan” Nəşriyyatının həyətindəki meydançada futbol oynayan İlqar qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədərsə, o, dünyasını dəyişib. İlqar Qulusoy ürəktutmasından vəfat edib.
“Space” telekanalının əməkdaşı Gülər Məmmədova bir neçə il idi ki, qan xərçəngindən əziyyət çəkirdi. Gənc jurnalist 19 dekabr 2015-ci il tarixində dünyasını dəyişib. Uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən xanım jurnalist iki dəfə Türkiyədə müalicə alsa da, sağalması mümkün olmadı.
9 Avqust 2015 tarixi jurnalistlərin yaddaşında Rasim Əliyevin ölüm günü kimi qalıb. O Rasim Əliyev ki, döyüləndən sonra yerləşdirildiyi xəstəxanada – 1 saylı Şəhər Kliniki Xəstəxanasında baxımsızlıqdan vəfat etdi.
2014-cü il sentyabrın 22-nə keçən gecə Bakı-Şamaxı yolunda baş verən ağır qəzada “Mercedes” və “KamAZ” markalı maşınlar toqquşmuşdu. Hadisə nəticəsində “Mercedes”in sürücüsü və 3 sərnişin aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişmişdilər. Qəza zamanı ölənlərdən biri “Türküstan” qəzetinin redaktoru, 1986-cı il təvəllüdlü Fuad Abdürrəhmanlı idi.
Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri, gənc jurnalist Müşfiq Nadir 17 may 2011-ci ildə dünyasını dəyişib. İstanbuldakı xəstəxanalardan birində ürək əməliyyatı keçirən gənc jurnalistin həyatını xilas etmək mümkün olmayıb. M.Nadirin cənazəsi Azərbaycana gətirlərək dəfn olunub.
2011-ci il avqustun 10-da jurnalist Ceyhun Nağı Azərbaycan mətbuatına daha bir itki oldu. Həmin gün o, səhər saatlarında evdən çıxarkən ürək ağrıları tutub və 6 saylı xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilib. Ceyhun Nağı “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Bizim Yol” qəzetlərində, anspress.com portalında çalışıb. Onun bir qızı yadıgar qalıb.
2010-cu il martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu gənc yaşlarında vəfat edib. O, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı idi. Ondan əvvəl isə uzun müddət “Zerkalo” qəzetinin şərhçisi olub. İ.Bayandurlu qara ciyərin serrozu, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi. Bir qızı yadigar qalıb.
2010-nun aprelində istedadlı jurnalist, dövri mətbuatda dərc olunan siyasi məqalələri və BBC-nin rus xidmətində gedən reportajları ilə tanınan İlham Rzayev 31 yaşında vəfat edib.
2010-cu ilin noyabr ayında jurnalist Şahin Ağabəyli avtomobil qəzası nəticəsində həlak olub. Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib. Bir azyaşlı oğlu yadigar qalıb.
2009-cu ilin dekabrında tanınmış jurnalist Elçin Səlcuq vəfat edib. İki il qaraciyər serrozundan əziyyət çəkən jurnalist 45 yaşında dünyasını dəyişib.
Azərbaycanın ən məşhur jurnalistlərindən biri Məmməd Nazimoğlu 2008-ci ilin iyul ayında vəfat edib. Məmməd Nazimoğlu şəkər xəstəliyindən, hepatitdən əziyyət çəkirdi. Məmməd Nazimoğlu Azərbaycanın ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından idi. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən biri idi.
Tanınmış jurnalist Adil Qaçayoğlu 2008-ci il may ayının 4-də Bakıda vəfat edib. Adil Qaçayoğlu vəfat edərkən 53 yaşında olub. Qəzetçilik ömründə o, “Şən həyat” (indiki “Balakən”), “Azərbaycan gəncləri”, “Həyat” (indiki “Azərbaycan”), “Yeni fikir”, “Ülfət”, “Panorama”, “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində çalışıb.
2008-ci ilin mart ayında jurnalist Ağalar Mirzə vəfat edib. AzTV-də xalq folkloru ilə bağlı verilişləri ilə tanınan A.Mirzə həmin mart ayının 5-i axşam saat 22.00 radələrində ürək çatızmazlığından dünyasını dəyişib. Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Şabranda anadan olmuşdu. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən “Ustadnamə”, “Dastan” proqramlarının müəllifi olub.
2000-ci illərin ortalarında daha iki gənc jurnalist erkən yaşda bu dünyaya əlvida demişdi.
Əslən Qazaxdan olan jurnalist Vüqar Qocamanlı ağır xəstəlikdən vəfat edib. O, “Şərq” qəzetində, APA informasiya agentliyində çalışıb. Subay idi.
“Zerkalo” qəzetinin əməkdaşı, əslən Gürcüstandan olan Elşad Qarabalov dənizdə çimərkən boğulub. Həyatını erkən yaşda itirən jurnalist ailə qurmamışdı.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.
Mərhum jurnalist, tanınmış publisist Hüseyn Əfəndinin ömürünün yarıda kəsilməsinə xəstəlik səbəb olub. 1955-ci il doğumlu jurnalist 50 yaşında ürək xəstəliyindən vəfat edib. Hüseyn Əfəndinin ölüm tarixi 2005-ci ilin 22 dekabrıdır. Hüseyn Əfəndi “Xalq qəzeti”ndə, “Gənclik” jurnalında, “Ulus” və “Şans” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb.
“Konsensus” qəzetinin baş redaktoru İbrahim Niyazov (İbiş) 1999-cu ilin avqustunda öldürülüb. O, Bakıdakı yataqxanaların birində boğulmuş vəziyyətdə tapılıb. Sonradan onun qatilinin öz iş yoldaşının olduğu bəyan edildi. Mərhum subay idi.
1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olmuş Elmira Əmrahqızı da həyatdan erkən köçən jurnalistlərdəndir. Elmira Əmrahqızı 45 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. “Bakı”, “Baku”, “Nezavisimaya qazeta” “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını” və digər qəzet və jurnallarında çalışıb. Elmira Əmrahqızı 27 fevral 1998-ci ildə dünyasını dəyişib.
“Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazımlı 2004-cü ildə Nərimanov Rayonu Pasport Qeydiyyatı Şöbəsindəki bir mübahisənin sonunda insult keçirib. 2005-ci il iyunun 19-da dünyasını dəyişib.
Balakəndə yerli DM.TV kanalının əməkdaşı Telman Dibirov isə 1999-cu ildə öldürülüb.
1995-ci ildə Bakının mərkəzində “OMON”la hüquq- mühafizə orqanları arasında baş verən atışmada jurnalist Adil Bünyadov öldürülüb.
Daha bir azərbaycanlı jurnalist Fərhad Kərimov isə Çeçenistanda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. F.Kərimov “Röyters” və “Assoşieyted press”in telereportyorluğuna qədər yüksəlib.
Qarabağ döyüşlərinin şiddətli vaxtlarında 90-cı illərin əvvəllərində AzTV-nin əməkdaşı Alı Mustafayev, dövlət televiziyasının operatoru Fəxrəddin Şahbazov, “Molodyoj Azerbaydjana”jurnalının əməkdaşı Salatın Əsgərova, məşhur telereportyor Çingiz Mustafayev, “Azərbaycan müəllimi” jurnalında çalışmış Kazımağa Kərimov həlak olub.
Müasir Azərbaycan jurnalistikasının əsasını qoyanlardan biri Nəcəf Nəcəfov da həyatla erkən vidalaşıb. Görkəmli jurnalist Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda doğulub. 80-ci ilin əvvəllərindən “İnşaatçı” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra “Vışka” qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra 44 yaşında vəfat edib.
Allah rəhmət eləsin…
Hiç yorum yok:
Yorum Gönder