"Elşad 1993-cü ilin iyul ayının 16-da, cəmi 18 yaşında Şəhid oldu…”-BİRİNCİ QARABAĞ SAVAŞI



“Elşad 1993-cü ilin aprelində, ikinci kursun sonlarına yaxın özü könüllü şəkildə Əsgərliyə, Vətənin keşiyinə yollandı…Vətənini özündən də, bizlərdən də üstün tutdu və 1993-cü ilin iyul ayının 16-da, cəmi 18 yaşında Şəhid oldu…”-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ ELŞAD ƏLİYEVİN ANASI FLORA ƏLİYEVA – FOTOLAR

Elşad ay cür, tam fərqli bur uşaq idi…Uşaqlıqdan qanında, canında, ruhunda vətənsevərlik, torpağa bağlılıq varıydı…Çox vətənpərvər idi…Qəlbi Torpaq, Vətən eşqilə döyünürdü…

Elə Torpaq, Vətən eşqilə də ali təhsilini yarımçıq dayandırıb, ikinci kursun sonlarına yaxın özü könüllü şəkildə Əsgərliyə, Vətənin keşiyinə yolandı…Vətənini özündən də, bizlərdən də üstün tutdu…Hansı ki, o vaxtlar əyanidə oxuyanları ali təhsillərini başa vurmamış həqiqi hərbi xidmətə çağırmırdılar…Elşad isə 18 yaşı tamam olandan az sonra Əsgərliyə getdi…

Bunları Etikxeber.az-a Bakıdan olan Birinci Qarabağ Savaşı Şəhidi Elşad Hacıbaba oğlu Əliyevin anası Flora xanım, Flora Əliyeva deyib.

Qeyd edib ki, övladı öncə Şəmkir, sonra isə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissələrdən birində qulluq edib.

Sonra məlum 4 iyun qiyamı, Gəncə hadisələri baş verib, övladının xidmət etdiyi hərbi hissə dağıdılıb.

Elşad bir neçə Bakılı Əsgər yoldaşı ilə birlikdə Bakıya-evlərinə qayıdıb, sonra yenidən geriyə çağırılıb və birbaşa cəbhə xəttinə, Ağdam istiqamətinə göndəriliblər.

Və 1993-cü ilin iyul ayının 16-da, cəmi 18 yaşında, Əsgərliyinin dördüncü ayının 3-cü günündə Ağdamın Şelli kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 1993-cü ilin 17 iyul tarixində Bakı şəhərində-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Vətən yolunda tərəddüd etmədən canını fəda edən Elşad Əliyev 1975-ci ilin 27 fevral tarixində Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib…

Həm mərhum atası, həm də hazırda 71 yaşının içində olan anası ali təhsilli olublar, hər ikisi də “AZİ”-ni (Neft Akademiyasını) bitiriblər…

Ailədə üç övlad, üç qardaş olublar…

Elşad ailənin ortancılı övladı olub…

Ataları Hacıbaba kişini çox erkən və vaxtsız itiriblər…

Əslən Maştağalı olan Hacıbaba kişi cəmi 34 yaşında infarktdan dünyasını dəyişib…

Və elə o vaxtdan da anaları Flora xanım onlara həm analıq, həm atalıq edib…

Onları-üç övladını milli-vətənpərvərlik ruhunda böyüdüb…

Elşad orta təhsilini 244 saylı orta məktəbdə alıb…

Və 1991-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub…

1993-cü ilin 27 fevral tarixində 18 yaşı tamam olub və əyani təhsil almasına baxmayaraq, təhsilini yarımçıq dayandırıb və aprel ayının 13-də könüllü şəkildə Əsgərliyə yollanıb…

Və qeyd etdiyimiz kimi, Əsgərliyi cəmi 3 ay 3 gün şəkib…

1993-cü ilin iyulun 16-da Şəhidlik zirvəsinə yüksəlib…

Ömrü kimi arzuları da, xəyalları da yarımçıq qalıb…

Bu ilin 16 iyul tarixində isə Elşadın Şəhidliyinin 30 ili tamam olub və bununla bağlı anası Flora xanımın təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə yaddaşlardan uzun müddət silinməyəcək izdihamlı Anım tədbiri keçirilib…

Şəhidimizin özü kimi Qəhrəman olan anası Flora xanım, sadəcə, övladının ali ordenlərimizdən biri ilə təltif olunmasını və xatirəsinin əbədiləşdirilməsini, Bakı şəhərindəki küçələrdən birinə Elşadın adının verilməsini istəyir və həmin günü səbrsizliklə gözləyir…

Bu, elə həm Şəhidimizin, həm də onu bu Vətən üçün yetişdirən Qəhrəman Flora ananın Haqqıdır…

Və inanır və ümid edirik ki, çox tezliklə həm Şəhidin, həm də Şəhid anasının Haqqı tanınacaq, Elşad Əliyevin ruhu, Flora xanım Əliyevanın isə yaralı qəlbi sevindiriləcək!

Allah Şəhidimizin məkanını cənnətlik, ruhunu şad etsin, Şəhid anasının isə səbr və dözümünü versin!





Hiç yorum yok:

Yorum Gönder

Pages