1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür


1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

  2001-ci ildən başlayaraq avqustun 1-i ölkədə Azərbaycan əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. 

  Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyinin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb. 

  Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.

  Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları - şair, yazıçı, dramaturq və dilçiləri böyük fədakarlıqlar göstəriblər.

  Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıb. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Hiç yorum yok:

Yorum Gönder

Pages