Salyan, 3 iyun, Aydın Yavərzadə Bakmiltv.info
Salyan Dövlət Rəsm Qalereyası və "Murad" Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bizim dünyamız" adlı yaradıcılıq sərgisinin açılış mərasimi olub.
Şirvan-Salyan regional Mədəniyyət idarəsindən Bakmiltv.info-nın bölgə müxbirinə verilən məlumata görə, Salyan Dövlət Rəsm Qalereyasında keçirilən mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Milli Məclisin rəsmiləri, rəssamlar, sənət adamları, mədəniyyət və təhsil işçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Ulu Öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlaması və həmin kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Bu diqqət və qayğının fiziki məhdudiyyətli uşaqlarda özünü daha qabarıq göstərdiyi diqqətə çatdırılıb.
Daha sonra qalereyanın ekspozisiya zalında açılan sərgiyə baxış olub. Sərgidə 15 nəfərdən çox fiziki məhdudiyyətli uşağın 60-dək rəsm əsəri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub. Uşaqlar yağlı boya, akvarel, akril, quaş, qrafika və başqa texnikalardan istifadə etməklə tarixi Zəfər, yaşıl dünya, təhsil dünyası, flora, fauna və digər mövzularda rəsm əsərlərini təqdim ediblər.
Sonra fiziki məhdudiyyətli rəssam uşaqlara fəxri fərmanlar təqdim olunub. Sərginin açılış mərasimində mahnılar ifa edilib, "Murad" Əlillər İctimai Birliyinin üzvləri şeir və rəqs nömrələri ilə çıxış ediblər.
Sərgi iyunun 5-dək davam edəcək.
Hiç yorum yok:
Yorum Gönder