İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
BAKU.WS-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edəcək. İyunun 16-da məscidlərimizdə bayram namazları qılınacaq.
Azərbaycan, öz zəngin tarixi və mədəni irsi ilə Qurban Bayramını xüsusi ehtiramla qeyd edən ölkələrdən biridir. Bu bayram günlərində insanlar məscidlərə gedir, dualar edir və qurban kəsərək, ətini ailə üzvləri, qonşular və kasıblarla bölüşürlər. Bayramın mənəvi və sosial aspektləri, cəmiyyətin həmrəyliyini və yardımlaşma ruhunu gücləndirir.
Qurban Bayramı zamanı diqqət olunası məqamlar, bayramın fəlsəfəsi və qadağalarla bağlı tanınmış ilahiyyatçı Fərid Abdullaha müraciət edilib.
– Qurban bayramının fəlsəfəsi barədə nə deyərdiniz?
– Qurban Bayramı İslamın ən önəmli bayramlarından biridir və hər il hicri təqvimlə Zilhiccə ayının 10-cu günündə qeyd olunur. Bu bayram, İbrahim peyğəmbərin oğlu İsmaili Allahın əmri ilə qurban etməyə hazır olduğunu xatırladır. Allah onu imtahan etdikdən sonra İsmailin əvəzinə bir qoçun qurban verilməsi ilə bu ənənə başlamışdır. Hələ də müsəlmanlar arasında davam edir. Əlbəttə, bu məsələnin mənəvi və irfani tərəfləri daha dərindir. Qurban Bayramı, müsəlmanlar arasında paylaşma, yardımlaşma və Allahın rızasını qazanmaq üçün qurban kəsmə ilə qeyd olunur.
– Qurban kəsmək vacibdirmi?
– Qurban kəsmək iki yerə bölünür: vacib və müstəhəb. Vacib qurbanlıq həcc ayinini icra edənlər üçün, habelə əhd, nəzir və bu kimi məsələlərdə vacibdir. Ümmət arasında bu gün qurbanlıq kəsmək ənənəsi müstəhəbdir. İmkanı olan şəxs üçün qurban kəsmək təkid olunmuş müstəhəb əməldir.
– Kimlər qurban kəsdirə bilər?
– İnsanın qurban kəsməyə pulu varsa, lakin onun pulunu imkansız və ehtiyaclı adama verə bilər. Özünün və ailənin adından bir heyvanı qurban kəsmək olar. Şərikli şəkildə qurban kəsmək olar.
– Qurbanlıq heyvanı nə vaxt kəsmək lazımdır?
– Qurban kəsmək üçün ən yaxşı vaxt, “Qurban bayramı” günü Günəş çıxdıqdan və bayram namazı qılındıqdan sonradır. Qurbanlıq üç heyvandan biri olmalıdır; dəvə, inək və xırda buynuzlu heyvan. Dəvə beş yaşdan, inək və keçi iki yaşdan və qoyun isə yeddi aydan kiçik olarsa, onları qurban kəsmək caiz deyil
Vacib qurbanda şərt olan xüsusiyyətlər, müstəhəb qurban üçün şərt deyil. Belə ki, tək gözlü, axsaq, qulağı kəsilmiş, buynuzu sınmış və arıq heyvanı qurban kəsmək olar. Lakin daha yaxşı olar ki, heyvanın əzaları sağlam və özü də kök olsun. İnsanın özünün bəslədiyi heyvanı qurban kəsməsi məkruhdur.
– Kəsilən heyvanın paylanıması necə olmalıdır?
– Qurbanı kəsən şəxsə, kəsdiyi heyvanın üçdə birini özü, yaxud ailəsinin yeməsi üçün ayırması, digər üçdə birini isə müsəlmanlardan istədiyi şəxsə verməsi caizdir. Lakin daha yaxşı olar ki, sonuncu üçdə birini fəqir müsəlmanlara sədəqə versin.
– Qadınlar qurbanlıq heyvanı kəsə bilər?
– Qadınlar qurbanlıq heyvanını kəsə bilər və bu barədə xüsusi bir məhdudiyyət yoxdur. Əsas olan, qurban kəsən şəxsin İslamın şəriət qaydalarına riayət etməsi və dini vəzifələrini düzgün yerinə yetirməsidir.
Əgər evin başçısı (kişi) qurban kəsməkdən imtina edərsə, qadın özü və ailəsi üçün qurban kəsmək haqqına malikdir.
Qurban bayramı oruc tutmaq haramdır. Qurban bayramı müsəlmanlar bayram namazı qılırlar.
Hiç yorum yok:
Yorum Gönder