Papanın “ağ bayraq” ÇAĞIRIŞI – Vatikan Ukraynanı, yoxsa öz maraqlarını DÜŞÜNÜR?



Roma Papası Fransisk deyib ki, Ukrayna ağ bayraq qaldırmalıdır.

O, bildirib ki, Ukrayna ağ bayraq qaldırmağa cəsarət etməli və müharibəni dayandırmaq üçün Rusiya Federasiyası ilə danışıqlara razılıq verməlidir.

"Danışıqlar aparmaq" sözü cəsarətli sözdür. Uğursuz olduğunuzu, işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır. Mən inanıram ki, ən güclü vəziyyətə baxan, insanlar haqqında düşünən, ağ bayraq qaldırmağa cəsarəti olan və danışıqlar aparandır",- Papa deyib. 

Qeyd edək ki, hazırda Qərb liderlərinin mütləq əksəriyyəti Ukraynanı müharibəni davam etdirməyə səsləyir. Bunun nəticəsidir ki, Ukraynaya verilən dəstək günü-gündən artır. Hətta aparıcı Qərb dövlətləri verdikləri silahlarla Ukraynaya Rusiya ərazisini vurmağa da icazə verib.

Lakin buna baxmayaraq, hələlik Ukrayna ordusu cəbhədə əsaslı dönüş yarada bilmir. Əksinə, zəif də olsa rus qoşunları Ukraynanın içərilərinə doğru irəliləməkdədir. Belə vəziyyətdə Roma Papası Kiyevi ağ bayraq qaldırmağa çağırır. 

Papanın bu çağırışı etməsinə səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, Qərb dövlətləri siyasi elitalarının təmsilçilərindən fərqli olaraq, Roma Papası Ukraynadakı qarşıdurmaya konyuktur maraqlar kontekstindən baxmır:

“Roma Papası Qərbdəki dövlət başçılarından fərqli olaraq, həm də Katolik dünyasının mənəvi atasıdır. Dünyada yaşanan, o cümlədən Ukraynadakı hadisələrə Roma Papası xristian dininin dəyərləri baxımından yanaşır. Qərb dövlətlərinin siyasi elitalarının təmsilçilərindən fərqli olaraq, o, bu qarşıdurmaya konyuktur maraqlar kontekstindən baxmır. Nahaq qanların tökülməsinə qarşı mübarizə aparmaq Roma Papasının ən azı kilsənin mənəvi atası kimi borcudur”. 

Həmsöhbətimiz deyir ki, Papanın mövqeyində Ukraynaya yönəlik ismarıcın bir maraqlı tərəfi də onun həm də dövlət başçısı olaraq Kiyevin hansı gücə malik və Qərbdəki bəlli dairələrin hansı maraqlarının olduğunu gözəl başa düşməsilə əlaqədardır: 

“Bu kontekstdə onun rəsmi Kiyevə müraciət edərək ağ bayraq qaldırıb danışıqlara getməyi məsləhət görməsinə Ukraynanın dövlətçiliyinin qorunması və münaqişənin uzanmasının qarşısını almaq kontekstində baxmaq lazımdır. Papa həmçinin Rusiyanın hansı gücə malik olduğunu da gözəl anlayır. Rusiyanın baş nazirinin dediyi kimi, dünyanın təbii sərvətlərinin 10-11 faizi Rusiyadadır.

Bu ehtiyatlar tükənə bilər. Lakin Rusiyanın Qərblə, xüsusilə Ukrayna ilə müqayisədə uzun müddətli müharibə aparmaq imkanları kifayət qədər böyükdür. Ona görə də müharibənin uzanması sonda Qərb və Ukrayna üçün daha alçaldıcı şərtlərlə başa çatmasına gətirib çıxara bilər”. 

Hiç yorum yok:

Yorum Gönder

Pages