Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür


2019/06/14667-1561358192.jpg
  
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.

Əlif Lətif oğlu Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulub. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidməti Minsk şəhərində keçib. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub. O, 1979-cu ildə həmin məktəbi bitirib, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum edirlər. 1987-ci ildə işinə yenidən baxılır, 10 il həbs cəzası 6 ilə endirildikdən sonra bəraət alaraq azadlığa buraxılır.

Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən daha iyrənc niyyətlərə, "Xocalı əməliyyatı"na başlayır. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə.Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını narahat edirdi. Nəhayət, həmin faciə günü yetdi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid oldu.

Əlif Hacıyev Şəhidlər xiyabanında dəfn edilib, ailəli idi, iki qız övladı vardı. Hal-hazırda Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages