Kinoaktyor Tofiq Mirzəyevin doğum günüdür



Kino xarakterləri sevir. Ekran obrazlarını milyonlara sevdirənləri də mütləq şəkildə  məşhurlaşdırır, sevdirir. Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq tərzinə, koloritli, dolğun rollarına görə kinosevərlərin rəğbətini qazanan, sevilən aktyorlarımızdan biri də Respublikanın Əməkdar artisti, kinoaktyor Tofiq Mirzəyevdir. Yaradıcılıq filmoqrafiyasına 40-a yaxın film daxil olan aktyorun anadan olmasından 91 il ötür (16.06.1932). “Mosfilm” və Dovjenko adına studiyalarda istehsal olunan filmlərdə rol alan, “Azərbaycanfilm” kinostudiyasında 27 filmdə müxtəlif xarakterli obrazlar yaradan, 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissoru, 1 animasiya filminin ssenari müəllifi olan Tofiq Mirzəyevin yaradıcılığını dərin ehtiramla yada salaq.

İstedadlı doğulmaq xoşbəxtlikdirsə, onu məhsuldar iş əmsalına çevirmək ikiqat xoşbəxtlikdir. Yaddaşımızda dramatik rollar ifaçısı kimi qalan Tofiq Mirzəyev seçdiyi musiqi sənətini yarımçıq qoymağa məcbur olsa da, taleyinə yazılan məşhurluq məsuliyyətini yaşamağa, sənət uğurunu tamamlamağa nail olub.

Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirən Tofiq Mirzəyev klarnet ifaçısı kimi tanınaraq məşhur dirijor və bəstəkar Niyazinin rəhbərliyi altında Dövlət Simfonik Orkestrinin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa edib. Rus və Avropa bəstəkarlarının klassik musiqilərinə dərindən bələd olub. Hələ gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Azərbaycanın məşhur cazmenləri ilə caz musiqiləri ifa edib, onlarla birlikdə bir sıra ölkələrdə qastrol səfərlərində olub. Ağ ciyəri fəsadlar verdiyinə görə həkimlər ona musiqidən ayrılmağı məsləhət görüb. Belə olan halda yaradıcılıq uğurunu kinoda davam etdirib.

Tofiq Mirzəyev Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra rejissor peşəsinə yiyələnib. Bakıya qayıdaraq, Azərbaycan Televiziyasında bir sıra portret filmlər çəkib, həmçinin bir sıra görkəmli kino rejissorlarının quruluş verdiyi filmlərdə (əcnəbi müğənni – “Ən vacib müsahibə”, Teymur – “İstintaq”, Laçın – “Bizi dağlarda axtarın”, Cəlal – “Dörd bazar günü”, alman zabiti – “Dvorjakın melodiyası”, aparıcı – “Üzeyir ömrü”, Tahirov – “Mezozoy əhvalatı”, baba – “Əlvida, cənub şəhəri” və s.) xarakterik rollar yaradıb.

Göründüyü kimi mövzu və janr etibarı ilə fərqli filmlərdə çəkilən aktyor ekran personajlarının xarakter və mövqelərini dəqiq çatdırmağa, obrazların şəxsiyyətini, düşüncə tərzini, məqsəd və məramını inandırıcı şəkildə təqdim etməyə nail olub. Bu isə sənətə həddən artıq dəyər verən, məsləyini yüksək səviyyədə təqdim etməyi yaradıcılıq kredosuna çevirən aktyorun məsləyinə olan böyük sevgisinin və məsuliyyətlə yanaşmasının təzahürüdür.

Əməkdar mədəniyyət işçisi, kinorejissor Akif Rüstəmovun xatirələrindən: “Tofiq Mirzəyevin kinoda debüt rolu görkəmli kinorejissor Arif Babayevin  quruluş verdiyi “Uşaqlığın son gecəsi” (1968) filmindəki Rüfət obrazıdır. Ariflə Tofiq yaxın dost idilər. Həmin vaxtlarda da Tofiq musiqiçi kimi çox tanınırdı, əsl incəsənət adamı idi. Ziyalılığına, istedadına görə şəhərin sayılıb-seçilənləri sırasında idi. Etiraf edim ki, ilk dəfə onu görəndə qürurlu davranışı, xarici aktyorlara bənzəyən siması mənə çox xoş təsir bağışladı. Özünəməxsus bəy duruşu, mədəni davranışı onu digərlərindən fərqləndirirdi. Həmin illərdə çəkilən filmlərdə peşəkar aktyorlarla yanaşı, mövzuya uyğun gələn insanları da çəkirdilər. Arif müəllim də bu kimi priyomlardan istifadə edirdi. Məsələn, Xosrov Abdullayevi “Uşaqlığın son gecəsi” filmində Məcnun roluna çəkmək üçün Moskvadan (aktyor Səyavuş Şəfiyevin məsləhəti ilə) dəvət etdi. O, Moskva Dövlət Sirkində jonqlyor, illüziyaçı işləyirdi, Səyavuş Şəfiyev isə həmin vaxtlarda Bakı Sirkində fəaliyyət göstərirdi. Sürücü rolunu canlandıran Rafiq Tağıyev mağaza müdiri, Tofiq Mirzəyev isə tanınmış musiqiçi idi. Göründüyü kimi fərqli peşə sahiblərinin və Tofiq Mirzəyevin inandırıcı ifası filmin uğuruna uğur qatdı.

Tale elə gətirdi ki, Tofiq Mirzəyevlə “Nəsimi” filminin çəkilişləri zamanı da görüşdük. Görkəmli kinorejissor Həsən Seyidbəyli Tofiqi filmlərdən tanıyırdı və Dövlət bəy roluna onu sınaq çəkilişi etmədən təsdiqlədi. Filmin çəkilişlərinə hazırlıq dövründə Tofiq müəllimlə iki ay məşq etdi. Çəkilişlərdən əvvəl həyəcan keçirdiyi hiss olunurdu, amma bunu kamera qarşısında göstərmirdi. İşinə məsuliyyətlə yanaşdığından Həsən müəllim rol üçün nə lazım idisə, Tofiq müəllimdən alırdı, həmişə ondan razı qalırdı”.

İstedad və bacarığı, sənət biliciliyi sayəsində məhz sənət üçün doğulduğunu, aid olduğu yerdə (kinoda) olduğunu yaradıcılığı boyu təsdiqləyən Tofiq Mirzəyev şəxsiyyəti, görünüşü, sənət duyumu kinomuz üçün bir tapıntıdır. Aktyor özü də hər bir ekran personajı ilə sənət eşqini təsdiqləyir, yaradıcılıq axtarışlarının uğurlu nəticələri ilə sübut edir.

Dövlət Film Fondu

Hiç yorum yok:

Yorum Gönder

Pages