Seyidağa Mövsümlü sağlığında əfsanələşmiş bir addır. Azərbaycan Dövlət Televiziyasının operatoru olsa da, könüllü olaraq Milli Ordu sıralarına qoşulub. Hətta Milli Ordunun birinci batolyonunun formalaşmasında iştirak edib. Qarabağa döyüşlərə yollanıb.
Yaralandıqdan sonra xeyli müddət müalicə alıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinə dəvət olunub. Qısa müddətdə, təchizatın yetərli olmasına baxmayaraq, Müdafiə Nazirliyinin tele-kino studiyasını yaradıb. Birinci Qarabağ müharibəsibdə Qarabağın və Şərqi Zəngəzurun elə qaynar nöqtəsi olmayıb ki, Seyidağa Mövsümlü orda olmasın.
Ancaq onun çəkdiyi ən nadir, qiymətli kadrlar Xocalı soyqırımı hadisələri zamanı oldu. Bu haqda Seyidağa Mövsümlünün anım mərasimində çıxış edən döyüş və iş yoldaşları, ailə üzvləri geniş məlumat verdilər. Mərasim Royal Hotelin konfrans zalında keçirildi. Tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi təşkil etmişdi. Təşkilatçılığı ictimai birliyin sədr müavini Elnur Abasov edib. O, Seyidağa Mövsümlünün ailə üzvlərini, döyüş yoldaşlarını, həmkarlarını bu mərasimə toplamışdı.
Seyidağa Mövsümlünün həmkarı - Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Hərbi-vətənpərvərlik" redaksiyasının baş redaktoru, əməkdar jurnalist Telman Nəzərli cəsur döyüşçü-operator haqqında geniş danışdı. O, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında Seyidağa Mövsümlünün çəkdiyi kadrların əvəzsiz rol oynadığını söylədi. Xocalı hadisələri baş verən gün hadisə yerinə ilk dəfə Seyidağa Mövsümlünün getdiyini deyən Telman Nəzərli onun hətta rus zabitini danışdırıb çəkdiyini də bildirdi.
Professor Nəsiman Yaqublu Seyidağa Mövsümlü ilə dostluğundan danışdı, onun əvəzsiz sənətkar olduğunu dedi. Nəsiman Yaqublu bildirdi ki, Zəngilan işğal olunanda və əhali Araz çayını keçib İran vasitəsilə ərazini tərk edən zaman bir qoca kişi evindən götürdüyü çörəyi çayın suyuna batırıb və yeyib. Zəngilan torpaqları ilə bu cür vidalaşıb. Həmin kadrı Seyidağa Mövsümlünün çəkdiyini söyləyən alim qazi dostunun çox nigaran getdiyini də dedi.
"Seyidağa Mövsümlü torpaqların işğal altında qalmasından çox narahat idi. Şuşa azad olunan gün biz bir neçə nəfər dostu ilə onun məzarını ziyarət edib: "Seyid, Şuşa azad olundu!" deyə var gücümüzlə bağırdıq. Əminəm ki, onun ruhu bizi eşitdi",- deyə professor vurğuladı.
Əməkdar jurnalist, yazıçı Əntiqə Qonaq da Seyidağa Mövsümlü haqqında ürək sözlərini, xatirələrini danışdı. Təklif etdi ki, onun haqqında kitab hazırlansın və özü bu kitabın redaktorluğunu etməyə hazır olduğunu bildirdi.
Mərasimdə Seyidağa Mövsümlünün həmkarı Edil Arifoğlu, Nizami Abbas, Xocalı sakini Ceyran Əzizova, Seyidağa Mövsümlünün döyüş yoldaşları, həyat yoldaşı, qızı və başqaları da çıxış etdilər, Seyidağa Mövsümlü haqqında xatirələrini və ürək sözlərini söylədilər. Mərasimdə təklif olundu ki, Xocalı şəhərində Seyidağa Mövsümlünün adına küçə verilsin.
Hiç yorum yok:
Yorum Gönder