Asif Ata Ocağının Evladı Düzgün Atalı qardaşımıza qarşı olmuş xain təxribatı qınayıram, bunu kimin etməsindən asılı olmayaraq, insanlığa yad hesab edirəm. Dövrü mətbuatda xəbər verildiyi kimi, Düzgün Atalının qapısında saxladığı maşınının arxa pəncərəsinin şüşəsi zorakılıqla sındırılmışdır. Cinayətlə bağlı polis tədqiqat aparır. Bu səbəbdən hadisənin konkret olaraq kimin törətdiyi məlum deyil, amma bununla yanaşı ehtimallar çoxdur və hamısı da bir ünvana gedib çıxır: iranpərəstlər! Niyə onlar? Düşünməyin ki, onlara qarşı kin-küdurət bəsləyib, şər atırıq. Bu kimi yersiz iddialardan uzağıq. Amma qardaşımızın sosial şəbəkədə türksayağı açıq-aydın mübarizə aparması onun vaxtlı-vaxtsız ünvanına olan qorxunamələr bizə bunu deməyə imkan verir. Və təəssüf edirəm ki, bu namələri yazanların içində özünə aydın deyən qələm əhili, jurnalist və yazarlar da var. Onun iranpərst qüvvələrlə birbaşa, açıq mübarizəsi Qum mərkəzli İran təlimatı ilə hərəkət edənlərə xoş gəlmir. Və ən pisi də budur ki, bu tip adamlar üzbəsürət oturub fikir mübadiləsi edə bilmirlər. Biz MÜSTƏQİL dövlət qurub, torpağımızın azadlığı uğrunda minlərlə gəncimizi qurban verdikdən sonra Azad Azərbaycanımızı din adı altında işğal etmək istəyənlərə peşkeş etməyəcəyik. Əgər bunlar doğrudan da dini təssübkeşdilərsə, bəs, niyə Qarabağ məscidlərində ermənilər donuz saxlayanda səsləri çıxmırdı? Qarabağ savaşında İran ermənilərə maşın-maşın silah daşıyanda niyə İrana etiraz etmirdilər? Bu silahlara etiraz edən Güney Azərbaycan gəncləri hələ də Hizbullah zindanlarında ağır işgəncələrə məruz qalırlar. Zəngilanda ordumuzun qabağını İran ordusu kəsib irəlliləməyə imkan verməyəndə bəs hardaydı bu iranpərəstlər? Əgər diplomatiyamız lazımı addım atmasaydı, biz eyni zamanda iki cəbhədə mübarizə aparmalı olmayacaqdıqmı? Düşünürsünüzmü, birinci və ikinci Qarabağ savaşındakı şəhidlərimizin neçə faizinin günahı İranın boynundadır? Əgər bilmirsinizsə, bunu da sizə öyrədərəm!!! Təkcə bunu deyəcəm ki, Qarabağda olan 25 min erməni millətinə İran maşın-maşın silah daşıyırdı yemək adı altında. Azərbaycan dövlətinin şifahi xəbərdarlığına məhəl qoymadıqda, onlara bəyanat verildi. Bu da yerinə yetmədikdə əlavə postlar quruldu. Nə tez unutdunuz? Yoxsa vecinizə deyil, qulaqardına vurursunuz? Burda tarixi yaddaşsızlıq birbaşa milli mənliyə mənfi təsir edir, unutmayın.
Biz kiminsə inancına toxunmuruq, insan kitaba, daşa, inəyə inana bilər. Necə ki, Kəbədə Qara daşa sitayiş edirlər. Mənim müxtəlif dinlərdən olan onlarla dostum var, hamısı ilə də bir süfrə arxasında oturub milli yeməklərimizi ortaya qoyaraq birgə yeyib fikir mübadiləsi apara bilirik. İnam insanın içindən gəlir, o şəxsi məsələdir, insanlıqla bağlıdır. Heç bir din rəvac vermir ki, insanlığa zidd hərəkət edib kiminsə malına, canına xəsarət vurasan. Amma həm də bilin ki, din adı altında vətənimizin işğalına izin verməyəcəyik və Düzgün qardaşımız da bu yöndə mübarizə aparır. Əgər yetkin insansınızsa, diliniz və düşüncəniz varsa, gəlin üzbəsürət oturub fikir mübadiləsi aparın, təxribat, arxadan vurmaq doğru əməl deyil.
Mən hər cür fikir mübadiəsinə hazır olan insanam, insan və din məsələsini 12 il araşdırıb "İran Hizbullah zindanında" 4 kitabdan ibarət roman yazmışam. İranın için, ideologiyasın, onun bütün qonşu ölkələrə İslam İnqilabını ixrac etmə niyyətindən xəbərdaram. Vilayəti-fəqih üsulunda dövlət idarəçiliyi 7-ci əsr ərəb dövlət modelidir. Sizdən soruram, məgər bu gün ərəblər bu modellə idarə olunurlarmı? Biz niyə göz görə-görə İran tələsinə düşməliyik?
Əlavə olaraq bir yazını da sizin diiqətinizə çatdırıram, oxumanızda fayda var.
Aydınlar cahil əlində əsirdimi?
Hakim Ənvər Sadatın qatilindən soruşur?
- Nə üçün onu öldürdün?
Qatil cavab verir:
- O, sekular idi!
Hakim soruşur:
- Sekularizmin mənasını bilirsən?
Qatil cavab verir:
- Xeyr, bilmirəm!
Nəcib Məhfuzun uğursuz terroru ilə əlaqədar hakim terroristən sual edir:
- Nə üçün Nəcibi xəncərlə vurdun?
Terrorist cavab verir:
- Onun yazdığı kitablara görə, xüsusən, “Bizim məhəllənin uşaqları” kitabına görə.
Hakim soruşur:
- Kitabı oxumusan?
Terrorist cavab verir:
- Xeyr, oxumamışam!
Qazi, Misirli şair və yazar Faraq Fodunun qatilindən soruşur:
- Nə üçün onu öldürdün?
Qatil cavab verir:
- Çünki, o kafir idi!
Hakim sual edir:
- Bu nəticəyə necə gəldin?
Qatil cavab verir:
- Kitablarından!
Hakim soruşur:
- Siz onun kitablarını oxumusunuz?
Qatil cavab verir:
- Xeyr, mənim əsla savadım yoxdur!
Hiç yorum yok:
Yorum Gönder