Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.
DTX-dən verilən xəbərə görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları – “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.
Müəyyən olunub ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
Hiç yorum yok:
Yorum Gönder