İyunun 21-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
DİN-dən "Unikal"a bildirilib ki, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.
Sonra çıxış edən Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov daxili işlər naziri V.Eyvazovu əmin edib ki, İnstitutun kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün daim əzmlə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcəkdir.
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunların döyüş hazırlığının yüksəldilməsi Ali Baş Komandan tərəfindən hər zaman nəzarətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edilib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2024-cü il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırıldığını da məmnunluqla qeyd edib.
Ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili Qoşunların hərbi hissələri ilə bərabər Hərbi İnstitutun da inkişafına təkan verdiyi vurğulanıb.
Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd edib, şəxsi heyətin yüksək döyüş hazırlığına görə minnətdarlığını bildirib.
General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi vurğulayıb.
Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" xüsusi rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.
Hiç yorum yok:
Yorum Gönder