Azərbaycanın ən gənc Milli Qəhrəmanı – Cavanşir Rəhimov



Yaşının 19-da şəhadətə ucalaraq yüksək ad almış Cavanşir Rəhimov qısa, lakin şərəfli ömründə özünü, sözün əsl mənasında, cavan şir kimi göstərə bilib. Cavanşir 1973-cü il iyun ayının 5-də Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açıb. Onun 1 yaşı olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Gələcək qəhrəman buradakı 104 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində oxuyub. Eyni zamanda, karate ilə məşğul olub və idman ustası normativini ödəyib. 

Birinci Qarabağ müharibəsi başla­nanda hələ əsgərliyə yaşı çatmasa da, Cavanşir dəfələrlə hərbi komissarlığa üz tutub. Lakin onu “Gözlə, yaşın çatsın” ca­vabı ilə geri qaytarıblar. O da tez-tez atı­cılıq tirinə gedərək sərrast atəş açmağı öyrənib. Nəhayət,1992-ci ildə C.Rəhimov əsgəri xidmətə çağırılıb və taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. İlk gündən özünü qorxmaz, cəsur əsgər kimi göstərib. Bir müddət təlim keçərək bort-atıcı peşəsinə yiyələnib. 

Həmin dövrdə ermənilər Azərbaycan torpaqlarında qətliamlar törədir, işğallar həyata keçirirdilər. Ölkənin müxtəlif böl­gələrindən könüllü döyüşçülər cəbhəyə axışır, düşmənə qarşı vuruşurdular. Ca­vanşir də könüllü olaraq müharibəyə get­mək istədiyini bildirib və arzusuna çatıb. Onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 döyüş vertolyotu­na bort-atıcı təyin ediblər. İlk döyüş yolu Ağcabədidən başlayıb. Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrin­dən yaralıların çıxarılmasında, meyitlərin daşınmasında fəal iştirak edib, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib. 

Həmin il avqustun 6-da Ağdərənin Qasapet yüksəkliyindəki döyüşçülərimi­zi xilas etmək üçün havaya qalxan hər­bi vertolyot üç dəfə uçuş edərək erməni mövqelərini atəşə tutur və düşmənin bü­töv bir bölüyünü məhv edir. Növbəti uçuş öncəsi Cavanşir yaralı olsa da, qətiyyətlə həmlə uçuşuna hazır olduğunu bildirir və vertolyot yenidən havaya qalxaraq tapşı­rığı yerinə yetirməyə yollanır. İgid şahinlə­rimiz son ana qədər düşmən mövqelərinə od yağdırırlar. Amma uçan döyüş maşı­nı güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir ay­dan sonra həmin ərazidə mal-qara otaran çoban onun nəşinə rast gəlir və yaxınlıq­dakı hərbi hissəyə məlumat verir. Sent­yabrın 9-da Müdafiə Nazirliyinin hərbçilərinin iştirakı ilə onu Bakıdakı Şəhidlər Xiyabanında torpağa tapşırırlar. 

Azərbaycan Respublikası Prezidenti­nin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Cavanşir İzzət oğlu Rəhimo­va ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Suraxanı rayo­nundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulub.

Cavanşir əbədiyyətə qovuşandan iki il sonra kiçik qardaşına toy ediblər. Gənc ailənin oğul övladına qəhrəmanın adı qo­yulub. Əmisinin adını qürurla daşıyan hə­min oğlan artıq universiteti bitirib, vətənə olan borcunu da şərəflə yerinə yetirib. 

…Cavanşirin ata yurdu Qaxda, rayon mərkəzindəki Səməd Vurğun adına Mə­dəniyyət evində qələbəlik idi. Hamı oraya Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” sənədli filmlər studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” sil­siləsindən çəkilmiş “Cavanşir” filminin (rejissor Kəmalə Musazadə) təqdimatına toplaşmışdı. Qaxlı seyrçilər onun yurd, millət sevgisi və Vətənə xidmət anlayışı sərgilənən filmin epizodlarını maraqla iz­lədilər, Azərbaycanın ən gənc Milli Qəh­rəmanının şərəfli döyüş yolu ilə yaxından tanış olub hədsiz iftixar hissi keçirdilər. XIX əsrdə məşhur Şeyx Şamil hərəkatının iştirakçısı olmuş İlisu sultanı Daniyal bəy kimi onun da öz adını tarixə yazması hər kəsin köksünü qürurla qabartdı. 

“Təki Vətən yaşasın!” , – deyərək mü­haribənin oduna-alovuna atılan və şəhid­lik zirvəsinə ucalan qəhrəman soydaşımız Cavanşir Rəhimov sağ qalsaydı, bu gün 50 yaşı qeyd ediləcəkdi. Təskinliyimiz budur ki, onun adı Azərbaycanın şərəf ta­rixinə qızıl hərflərlə yazılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages