Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.
Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib: Anyuta ("Daşqın", A.Safronov), Müttəhimin arvadı ("İstintaq", Rüstəm İbrahimbəyov), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İlyas Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Anna ("Həyatın dibində", Maksim Qorki), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Lüsi ("Dəfn edilməmiş ölülər", J.P. Sartr), Zəhra xanım ("Köhnə ev", Əli Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Əli Əmirli), Qadın ("Qatil", Elçin), Həsənzadənin arvadı ("Boy çiçəyi", İlyas Əfəndiyev).
Aktrisa Azərbaycan Dövlət Televiziyasında N. Hacızadənin "Yaşa, ey haqq" (Ümbül banu), J. Koktonun "İnsan səsi" (Qadın), M. Normanın "Gecən xeyrə qalsın ana!" (qız) əsərlərinin teletamaşalarında oynayıb.
Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s. filmlərinə çəkilib.
Şükufə Mühəddin qızı Yusubova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür
Hiç yorum yok:
Yorum Gönder