Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü tamam olur. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci il mayın 28-də istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdilər. Bununla da Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmış oldu. Müstəqil, azad, demokratik respublika qurmağı qarşıya məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik dövçlətçilik ənənələrinə malik olan xalqımızın köləlik zəncirini qırıb atmağa, öz müqəddaratını təyin etməyə qadir olduğunu özünün əməli fəalihyyəti ilə sübuta yetirdi. Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti sonrakı tarixi mərhələlərdə müsəlman Şərqində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, demokratiya ənənələrinin formalaşmasına böyük təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yenicə fəaliyyətə başlayan çoxpartiyalı sistem əsasında formalaşmış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində müstəsna rol oynadı. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti qısamüddətli fəaliyyətindən sonra məlum səbəblərdən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra - 1991-ci ildə bərpa edə bildi. Müstəqilliyimizin bərpasının ilk günlərində Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etməsinə baxmayaraq, əsl müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, hələ müstəqilliyimizin bərpasından xeyli əvvəl - 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonrakı ilk illərdə yaşanan faciələri, müstəqilliyimiz üçün yaranan real təhlükələri xatırladaraq bildirib ki, həmin illərdə respublikaya rəhbərlik edənlərin idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban vermələri ölkəni ağır vəziyyətə salmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq, siyasi və iqtisadi böhran hökm sürürdü. Başqa sözlə, Azərbaycanın parçalanması, vətəndaş qarşıdurmasının yaşanması həmin dövrün reallıqları idi. Yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı belə bir son dərəcə çətin vəziyyətdə özünün əzəli xilaskarına- Ulu Öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başlanğıcı oldu. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider dövlətin sükanı arxasına keçdiyi ilk gündən onu qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu bəyan etdi. İlk olaraq bu çağırışı etdi ki, suverenliyimizi daimi etmək, müstəqilliyimizi qorumaq üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları vahid amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, ürəyində kök salmış sonsuz Vətən, xalq sevgisi Azərbaycanı ağır vəziyyətdən xilas etdi. Dahi rəhbər yeni Azərbaycan qurdu. O Azərbaycan ki, bu gün möhtəşəm qalibiyyəti, tarixi zəfərləri ilə dünyanın diqqətindədir. O Azərbaycan ki, bu gün üçrəngli Dövlər Bayrağı azad Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl sonrakı dövrdə Azərbaycanın davamlı uğurlarını şərtləndirdi. 2003-cü ildən başlayaraq Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı yeni zirvələrə yüksəltdi. Ötən 20 ildən artıq müddətdə dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın sözünün imzası qədər dəyəri artdı. Hər sahədə inkişaf, tərəqqi geniş vüsət almağa başladı. Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi inkişafın təmin edilməsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrildi. Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə atdığı addımların uğurlu nəticələrini bugünkü Azərbaycanın reallıqlarında görürük. Bu gün artıq əminliklə söyləyə bilirik ki, dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana möhtəşəm uğurlar qazandırıb və bu proses uğurla davam etməkdədir. Həm də onu əminliklə vurğulaya bilirik ki, təbii resurslarımızdan səmərəli istifadə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji layihələrinin icrasında özünün aydın ifadəsini tapır. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqətindədir. “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycana diqqət və marağın, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisi oldu. Fərəhli haldır ki, əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə çoxtərəfli çərçivədə uğurla davam etdirildi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə icrasının başa çatması ilə Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində yeni mərhələ başladı. Həmçinin Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə edilməsində şəffaflığı qorumaqla ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqyisadi layihələrin uğurlu icrasını təmin edir. Azərbaycanın iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.
YAP Xətai rayon təşkilatının sədri uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edib. Vurğulayıb ki, 1993-cü ildən başlanan yol Azərbaycanı 30 il işğal altında qalan torpaqlarına qovuşdurdu, tarixi ədalət bərpa edildi. Müstəqilliymizin, suverenliyimizin qarantı olan ordumuzun gücü, qüdrəti, tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdə öz sözünü dedi. Çoxəsrlik tarixinin ən qürurverici dövrünü yaşayan Azərbaycanın tarixi Zəfəri son üç ildə bu şanlı Qələbənin davamı ilə müşayiət olunur. 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Son üç ildən artıq dövr azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın Böyük Qayıdış ilə diqqətdədir. Bayramlarımızı, tarixi günlərimizi bu gün bütün ölkə ərazisində qeyd etməyimiz hər birimizi qürurlandırır. Bu xoşbəxt günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin digər bayramlarımız kimi, Müstəqillik Gününü də işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi xalqımızın bayram sevincini ikiqat artırır. Bu gün Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev bir neçə kəndin təməlini qoyub. Ötən il isə dövlətimizin başçısı Laçın və Kəlbəcər rayonlarında oldu, Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Laçınlılarla görüşündə Prezident İlham Əliyev bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün Laçın şəhərinin yeni siması müstəqil dövlətimizin nə qədər güclü olmasını bir daha göstərir.
Son bir ildə həm işğaldan azad edilmiş ərazilərimizin bərpası işində, həm də soydaşlarımızın qayıdış ünvanlarının sayında böyük yeniliklər var. Bütün bunlar uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan xalqı bu il 28 May - Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bayram edir. Bu il 28 May-Müstəqillik Günü ərəfəsində Qazaxın 35 ilə yaxın düşmən tapdağı altında olan 4 kəndinin bir güllə atılmadan Azərbaycana qaytarılması Cənubi Qafqazda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövlətinin, onun qətiyyətli Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin daha bir möhtəşəm Zəfəridir. Bütövləşən müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir.
Hiç yorum yok:
Yorum Gönder