Azərbaycan təhsilinin inkişafında xidməti olanlardan da biri, Qabaqcıl Maarif xadimi, uzun müddət Bərdə rayonunda pedaqoji sahədə çalışmış Asim Qazıyevdir.
Asim müəllim 1926-cı il mayın 10-da Samuxda doğulub. Gəncə Tibb Məktəbini və Gəncə Dövlət Pedaqoji İnstitutunu (indi Pedaqoji Universitet) bitirib. Uzun müddət pedaqoji sahədə çalışıb. Asim müəllimin ömür-gün yoldaşı Fəridə Qazıyeva (Əzimova) da Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib.
Asim müəllim 14 yaşından poeziyaya maraq göstərib. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Sağlığında ikən 4 kitabı işıq üzü görüb. Asim müəllim 1999-cu il fevralın 19-da, ömür-gün yoldaşı Fəridə xanım 2004-cü il noyabrın 23-də dünyasını dəyişib. Onların 4 övladları yadigar qalıb:hamısı ali təhsilli, işgüzar və Vətənini sevən.
Sonda Asim Qazıyevin 1 şeirini dəyərli dostlarla bölüşürəm. Xatırladıram ki, Asim müəllimin oğlu, doktor Firuq Qazıyev(Firuk Kaziev) Azərbaycanın dövlət müstəqilliyinin bərpasında xidməti olan şəxslərdəndir.
Asim və Fəridə Qazıyevlərin şəxsində cəmi dünyalarını dəyişənlərimizin ruhları şad olsun.Amin.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı, 25.05.2024.
Asim Qazıyev
ANAMDAN QALIB
(Anam Sənubərin əziz xatirəsinə)
Bir sandıq, bir sabın, bir əl dəsmalı,
Bir boxça, əl bəndi...Anamdan qalıb.
O verib ürəyi, gözü, kamalı,
Dilimin də qəndi Anamdan qalıb.
Ülfətində məna, əlində şəfqət,
Əziz, sevimlidir, qoynu bir cənnət.
Xilqətində saflıq, işində ibrət,
İnsanlığın fəndi Anamdan qalıb.
İsti qucağında şirin yatmışam,
Bəslənmişəm, boya-başa çatmışam.
Bir dilbərə qəlbdən kəmənd atmışam,
Sədaqət kəməndi Anamdan qalıb.
Qayğısı çox olub, zəhməti qat-qat,
O bəxş edib ət-qan, səfalı həyat.
Həyat meydanında sürürəm mən at,
Bu ömür səməndi Anamdan qalıb.
ASİM QAZIYEV/ATAM/
1983
Hiç yorum yok:
Yorum Gönder