Bu gün mərhum Xalq artisti Ramiz Novruzun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub.
O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram teatrı və kino aktyorluğu” fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Sonra Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik Milli Dram Teatrının səhnəsində və kino sahəsində fəaliyyəti istedadlı aktyorun tez tanınmasına səbəb olub.
Aktyorun “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və digər rolları ona şöhrət gətirib. Ramiz Novruz H.Cavidin “Topal Teymur”, L.Tolstoyun “Kreyser sonatası”, V.Şekspirin “Antoni və Kleopatra”, Orxan Kamalın “Dodaqdan qəlbə”, “Yad qızı” və digər tamaşalarda maraqlı obrazlar yaradıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatı alıb. 9 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 29 oktyabr 2019-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti uzun müalicəyə baxmayaraq, bu il fevralın 21-də xəstəxanada vəfat edib.
Hiç yorum yok:
Yorum Gönder